Avropada kritik seçki günü

Yunanıstan avronu seçdi; Fransada isə Fransua Oland növbəti qələbəsini qazandı

Ötən bazar günü Avropada böyük seçki günü kimi yadda qaldı. Yunanıstan və Fransada keçirilən parlament seçkiləri birinci ölkənin iqtisadi-maliyyə bataqlığından çıxması üçün əhəmiyyət daşıyırdısa, ikinci seçkilər Sarkozini məğlub edən Olandın mövqelərini məhkəmlətməsi baxımından diqqətlə izlənirdi. Yunanıstandakı parlament seçkilərdə Avropa Birliyi (AB) və Beynəlxalq Valyuta Fondu (BVF) ilə Yunanıstan arasında imzalanmış memorandumu dəstəkləyən “Yeni Demokratiya” partiyası (ND) seçicilərin 30 faizə yaxın səsini alaraq yarışı birinci yerdə başa vurub.

Yeni demokratlar parlamentdə 129 deputat kürsüsü tutmaq haqqı qazanıb. Partiya lideri Antonis Samaras hökumət qurma səlahiyyəti qazanaraq koalisiya danışıqlarına başlayacağını açıqlayıb. İkinci yeri AB+BVF ilə imzalanmış meoranduma qarşı çıxan radikal Sol Koalisiya (SYRIZA) 26, 89 səslə 71, memorandum tərəfdarı Panhelenik Sosialist Hərəkət (Pasok) 12,28 səslə 33 mandat qazanıblar.

Yunanıstandakı seçkiləri diqqətdə saxlayan və ölkədəki böhranın aradan qaldırılmasına çalışan ABŞ və AB dərhal hökumət qurulmalı olduğunu bildiriblər. Almaniya kansleri Angela Merkel Antonis Samarasa zəng vuraraq təbrik edib və tezliklə yeni hökumətin qurulacağına ümidvar olduğunu söyləyib. Kansler yeni hökumətin Yunanıstanın öhdəliklərinə hörmət edəcəyinə inandığını da vurğulayıb.

“Yeni Demokrat”ın lideri ölkədəki bütün partiyaları hökumətdə təmsil olunmağa çağırdı. Antonis Samaras etdiyi ilk açıqlamasında AB ilə razılaşdırılan maliyyə yardımı proqramının və bu mövzudakı müzakirələrin davam etdirilməsi üçün tezliklə hökumətin qurulmalı və ölkəni idarə etməli olduğunu deyib.

Fransada isə 17 il sonra ölkə rəhbəri postunu sosialist Fransua Olanın tutması və parlamentdə də soçuların üstünlük qazanması yeni seçilmiş prezidentin mövqelərinin möhkəmlənməsi anlamı daşıyacaqdı. Belə də oldu. Seçkilərin ikinci turu da solçuların qələbəsiylə yekunlaşdı. Rəsmi olmayan ilkin nəticələrə görə, sol partiyalar cəmi 341 millət vəkili, mərkəz sağçı Xalq Hərəkəti Birliyi 231, radikal sağçı Milli Cəbhə 3 və Demokratiya Hərəkatı Birliyi yenə 2 mandat yeri qazanıb.

Bu nəticələr ölkənin siyasi tarixində ilklərə imza atıb. Sosialist Partiyası və digər sol partiyaların 577 deputat kürsüsündən əksəriyyəti qazanmasıyla ilk dəfə Senat və prezidentliklə yanaşı parlamentə tam nəzarət də ölkə başçısının liderlik etdiyi qüvvənin əlinə keçib. Bu seçkilərlə prezident Fransua Oland həm mövqelərini gücləndirdi, həm də islahatlar üçün əlavə stimul almış oldu.

Ancaq bu seçki Sosialist Partiyanın 2007-ci ildəki prezidentliyə namizədi Siqualen Royalin siyasi karyerasının sonu da ola bilər. Çünki Ollandın keçmiş həyat yoldaşı Royal, La Roşel bölgəsində solçu rəqibi Olivye Falomiyə məğlub olaraq millət vəkili seçilə bilməyib.