İtaliya-İrlandiya oyununda möcüzə baş vermədi
İyunun 18-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində III turun növbəti iki oyunu keçirilib. C qrupunda İtaliya-İrlandiya və İspaniya-Xorvatiya qarşılaşmaları olub.
Növbəti mərhələyə keçə bilmək üçün mütləq qələbəyə imza atmalı olan İtaliya yığması qarşısında duran vəzifənin öhdəsindən gəlib – rəqibinin qapısından iki cavabsız top keçirib. İrlandiya üçün isə bu oyun, bir növ, formal xarakter daşıyıb, çünki qalib gəlsəydi belə növbəti mərhələyə keçə bilməyəcəkdi.
İtaliya yığmasında qolları 35-ci dəqiqədə Qassano və 90-cı dəqiqədə Balotelli vurublar.
Lakin İtaliyanın növbəti mərhələyə çıxmaq şansı həm də digər qarşılaşmanın – İspaniya ilə Xorvatiya arasında keçirilən oyunun nəticəsindən asılı idı. Əgər bu komandalar ən azı 2:2 hesablı bərabərliyə imza atsaydılar, İtaliya yığması qrupdan çıxmayacaqdı.
Bu mənada ispanlar İtaliya yığmasının yolunu açıblar. Onlar nəinki qapılarından top buraxmayıblar, üstəlik xorvatları məğlub edərək xallarını artırmağa imkan verməyiblər. Oyunda yeganə qolu isə 88-ci dəqiqədə Navas vurub. Komanda yoldaşlarının qurduğu növbəti gözəl kombinasiya zamanı İniesta və Navas qapıçı ilə təkbətək çıxıblar və İniestanın ötürməsini Navas heç bir çətinlik çəkmədən boş qapıdan keçirib.
Beləliklə, C qrupunda növbəti mərhələyə 7 xalla qrup lideri olan İspaniya və 5 xalla ikinci yeri tutan İtaliya adlayıb.
Xorvatiya ilə İrlandiya isə çempionatı tərk etməli olublar.