Almaniya tarixində bir ilkə imza atdı
İyunun 17-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. B qrupunda Portuqaliya Hollandiya, Almaniya isə Danimarka ilə qarşılaşıb. Hər iki oyun 2:1 hesabı ilə başa çatıb. Portuqaliya Hollandiyanı, Almaniya isə Danimarkanı məğlub edib.
Hollandiya-Portuqaliya qarşılaşmasında hesabı hollandlar açıb. 11-ci dəqiqədə Rafael van der Vart topu rəqib qapısına göndərə bilib. Portuqaliyanın cavab toplarını isə Kriştianu Ronaldu vurub.
Almaniya-Danimarka oyununda isə hesabı 19-cu dəqiqədə Lukas Podolskinin vurduğu zərbə ilə almanlar açıb. 27-ci dəqiqədə Danimarka hesabı bərabərləşdirib. Mikael Kron-Deli fərqlənib. Oyunun sonlarında Almaniya Lars Benderin ifasında daha bir qol vurub.
Beləliklə, B qrupundan növbəti mərhələyə 9 xalla Almaniya və 6 xalla Portuqaliya keçib.
Hollandiya çempionatı xalsız tərk edib. Almaniya isə tarixində ilk dəfə Avropa Çempionatının qrup mərhələsində bütün oyunları qələbə ilə başa vurub.