Yuxuda gördüyümüz kürü

Avropadan Azərbaycana gələn demokratiya elçilərinin kürü ilə ələ alınması da yaxşı mövzudur.
Açıq deyim ki, belə bir qalmaqallı məqalə olmasaydı, vətəndaşlarımızın çoxu bilməyəcəkdi ki, Odlar Yurdunda kürü kimi nemət var. Nə qədər adam var idi ki, kürünü “kükü” kimi başa düşmüş və təəccüblənmişdi ki, bu avropalı qonaqlar nə ucuz qarınquludular, küküyə satılırlar.
Xalqı qınamağa dəyməz, Xəzərin kürüsü azərbaycanlılar üçün Molla Nəsrəddinin gəzəyən arvadından da betərdir. Hər yeri gəzsə də, öz evinə gəlmir.
Mən ötən gün bir sorğu etdim. Internetdə dostlarıma yazdım: “Lütfən, deyin görək, evinizə axırıncı dəfə nə vaxt kürü alınıb? Kürü ilə sizin tanışlığınız necədir? Cavab variantları budur: a) televiziyadan; b) qəzetdən; c) kitabdan; d) toy masalarından.
Cavabların 99 faizi “d” variantında idi. Bəziləri “yuxumda” cavabını vermişdi.
Əlbəttə, mən o iddiada deyiləm ki, vətəndaşlarımız hər gün kürü yeməli, kürünü kilolarla evlərinə almalıdırlar. Insanı ağrıdan onun üçün əlçatmaz nemətə dönən məhsulun, onun əleyhinə yönəlməsi; hüquq və azadlıqlarının məhv edilməsi məqsədilə istifadə olunmasıdır.
Sərhədimizdə Bermud üçbucağı
“Azadlıq”ın dünənki manşet xəbərini oxudunuzmu? Türkiyə və Azərbaycan rəsmi qurumlarının sənədləri tutuşdurulub. Bəlli olub ki, Tükiyə bizə ildə 2 milyard dollarlıq mal satıldığını, Azərbaycan isə 1 milyard dollarlıq aldığını göstərir. Ortada nə az, nə çox – 1 milyard dollarlıq it-bat var.
Mən xoşgörüşlü insanam. Nə Azərbaycanın, nə də Türkiyənin yalana qurşandığını düşünmürəm. Məncə, Türkiyə ilə Azərbaycan gömrüyü arasında neytral sahədə Bermud üçbucağına oxşar nəsə var. Bir milyardı orada axtarmaq lazımdır.
Bir daha həbs və həbs təhlükələri barədə…
Vicdan məhbuslarının siyahısına bir də nəzər salmağınızı istərdim. Görürsünüz, onların əksəriyyəti gənclərdir. Bugünlərdə yenidən gənclər hədəfə alınıb. Düşünürəm ki, Ilham Əliyevin gənclərin həbsinə yönələn siyasəti nəticəsində bir azdan türmələrin qarşısına yazılacaq: “35 yaşdan yuxarı olanların bura girməsi qadağandır!”
Son günlər bu polisə çağırılmalar, məhkəmələr, hədə-qorxu gəlmələr – hamısı boş şeylərdir. Inanın ki, rejim başını itirib, son çırpıntılarını yaşayır. Bunlardan qorxmağa dəyməz.
Avtoritarizmlə mübarizə ciddi işdir, qürurlu işdir. Bəli, bu, oyun deyil, fədakarlıq, dözüm və səbr istəyir. Hədə də olacaq, qorxu da. Bunlardan panikaya düşmək lazım deyil. Sistemin istədiyi də bu əməllərlə cəmiyyətə xof sırımaqdır. Işi ciddiyə alan etirazçı, gərək bu plana özünü mal etməsin.
Bu təqib və təzyiqlərin piki nədir? Həbsmi? Olsun! Həbsdə hələ ki, ölən yoxdur.
Bilirsinizmi, bu artıq sirr sayılmaz, çünki bir dəfə yazışam. Mənim birinci qızım mən həbsdə olarkən, ikinci qızım isə icazəsiz aksiyada olarkən doğulub. Kimsəyə deməsəm də, bu hadisələri özüm və ailəm üçün əlamətdar hadisə sayırdım, özümün mübariz keyfiyyətim hesab edirdim. Lakin bir gün oxuyanda ki, yoldaş Dzerjinski övrəti ömürlük həbs cəzası alarkən hamilə olub və övladını həbsdə dünyaya gətirib… bax, onda yuxarıdakı fəxarətimə görə xəcalət çəkdim.
Dostlar, mübarizə ciddi işdir və nəticəsi mütləq var. Möhkəm olaq, qorxmayaq, sabaha inamımızı daha da gücləndirək.
Şübhəsiz, qələbə ədalətin və haqqın olacaq!