Əgər bir ölkədə insanları hələ də cənnət vədi ilə aldatmaq, cəhənnəm atəşi ilə qorxutmaq mümkündürsə, onları padşahın allahın yerdəki kölgəsi olduğuna inandıraraq çox asanca idarə etmək olursa, kimdir günahkar? Insanlar özlərimi? Xürafatmı? Mentalitetmi?
Müasir Qərb cəmiyyəti sübut etdi ki, heç biri. Istənilən halda suçu mövcud siyasi sistemlərdə axtarmaq lazımdır. Əgər siz insanlara bu dünyada cənnət kimi bir həyat yaratmasanız, cənnət həzzini onlara bu dünyada yaşatmasanız, insanlar onu başqa bir dünyada axtarmaq məcburiyyətindədirlər.
Bəli, bu gün Qərb artıq yalnız coğrafi bir anlayış deyil, o, daha çox həyat və düşüncə tərzidir. Bu gün Qərb rifah və azadlıqlarla assosiasiya olunur. Ona görə də Qərb insanlarının başqa bir mücərrəd, qeyri-müəyyən, xəyali cənnət haqqında düşünməyə həvəsləri və ehtiyacları yoxdur.
Onların necə ki, xəyali cənnətə ehtiyacları yoxdur, heç cəhənnəm atəşindən qorxmaq kimi bir qayğıları da qalmır. Onlar ədalət, dürüstlük kimi anlayışları elə bu dünyada daddıqları üçün başqa bir dünya ilə bağlı da arxayındırlar. Bilirlər ki, heç kim heç yerdə onları etmədikləri pis əmələ, günah işə görə cəzalandıra bilməz. Ədalətsiz cəmiyyətlərdə isə tam əksidir – bu cür cəmiyyətlərdə yaşayanlar cəhənnəm atəşindən də çox, haqsız yerə o atəşə atılacaqlarından qorxurlar. O qədər haqsızlıqlar görürlər ki, bunun başqa bir dünyada da davam edəcəyindən əndişələnirlər. Odur ki, bütün ömürləri boyu heç olmasa, o biri dünyadakı cəhənnəm odundan sığortalanmaq üçün hər cür üsula əl atırlar, bizə düşük, iyrənc, utancverici görünən hər cür axtarışa baş vururlar, nəticədə isə çiçəklənən xurafat olur, din pərdazlığı olur.
Bir ölkədə yerdə yazılan qanun kitabları gərəksiz bir şeyə, kağız parçasına çevriləndə bütün ümidlərini səmavi kitablara bağlayanların artmasından normal heç nə yoxdur.
Haqqını məhkəmələrdə arayıb tapa bilməyənlərin, hakimin ədalətinə şübhə edənlərin ölkəsində çoxluğun əlacsız qalıb molla yanına gedərək kiminsə dil-ağzını bağlatmaq istəməsində, kiməsə bəddua yazdıraraq öz qəzəbini söndürməsində qeyri-adi nə var?
Qərb cəmiyyətlərinin keçib gəldiyi yol da bizə sübut edir ki, avtoritar, qəddar, ədalətsiz siyasi sistemlərin pəncəsində inləyən toplumların axırda gedib dinin və mentalitetin gücünə, mərhəmətinə sığınması təbiidir. Insanlar bu gündən bezib, yorulubsa, gələcəkdən isə tamamilə əllərini üzüblərsə, onlar mütləq keçmişin nostaljisini yaşayacaqlar, dünən hər şeyin indikindən daha yaxşı olduğuna inanacaqlar, xanların icra başçılarından, padşahların prezidentlərdən, mollaların professorlardan, qazıların hakimlərdən daha ədalətli, daha mərhəmətli, daha əxlaqlı olduğuna dair əfsanələr, rəvayətlər yaradacaqlar, ya da nə vaxsa yaranmış belə əfsanələrə, rəvayətlərə daha çox, daha səmimi-qəlbdən inanacaqlar.
Bəli, biz bu gün Azərbaycan cəmiyyətində dinin və mentalitetin yenidən nə qədər böyük sürətlə hegemon olmağa, insanların altşüurunda xanlıqlar dövrünə həsədin necə sürətlə hakim olmağa başladığını görür, təəssüflənir, buna qarşı çıxırıq. Amma çoxumuz çıxış yolunu ya bilmir, ya da təklif etmirik. Biz hamımız ucadan eyni həqiqəti səsləndirməkdən çəkinirik. Bu həqiqətin adı Azərbaycanın indiki avtoritar, ədalətsiz, quldur xislətli, oğru, yalançı, azadlıqlara, insanların istəklərinə və iradəsinə hörmət göstərməyən siyasi sistemdən qurtulmasıdır.
Biz yalnız onu devirərək, onun yerində müasir, modern, mədəni siyasi sistem quraraq Azərbaycanı geriyə götürən, onu çağdaşlıqdan uzaqlaşdıran, onu orta əsr bataqlıqlarına dartan bəlalardan qurtula bilərik. Biz yalnız Qərb, Avropa dəyərlərinə hakim bir cəmiyyət yaratmaqla xurafatın da, mentalitetin də əzici, yırtıcı hegemonluğuna son qoya bilərik. Yalnız azadlıqların önünü açmaqla, yalnız cənnəti bu dünyada insanlarımıza dadızdırmaqla biz Azərbaycanı xurafatın və mentalitetin girovluğundan xilas edə bilərik.
Bir çoxumuz narahatıq ki, Şeyx Nəsrullah geri gələcək. Amma anlamırıq ki, məsələn, Vasif Talıbovun timsalında Xudayar bəy dirilibsə, Şeyx Nəsrullahın da qayıdışı qaçılmazdır.
Davamı olacaq

Xudayar bəy dirilibsə, Şeyx Nəsrullah niyə qayıtmasın?
•
•