General baş çavuşu niyə işdən çıxarıb?
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşı, baş çavuş Veysəl Muradov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”a daxil olub. Veysəl Muradov bildirir ki, 2004-cü ildən 2006-cı ilədək Milli Qvardiyada müddətli hərbi xidmət keçib. Tapşırıqları və üzərinə düşən vəzifəni layiqincə yetirdiyinə görə çavuş rütbəsinə layiq görülüb. 2006-cı ildə XDMX-nin rəisi Vaqif Axundovun əmrilə qurumun nəzdində fəaliyyətində Ixrac Neft Qaz Boru Kəmərinin Təhlükəsizlik Idarəsinin Sumqayıt regional şöbəsinə işə götürülüb. Işlədiyi müddətdə heç bir qüsura yol verməyib: “Fəaliyyətim dövründə heç bir nöqsanım olmasa da, Vaqif Axundovun 3 iyun 2012-ci il tarixli əmrilə işdən çıxarılmışam. Bunun səbəbini soruşduqda idarə rəisim polkovnik Bəhul Əliyev bildirdi ki, guya məni əmim oğlunun məhkum olunması ilə əlaqədar işdən azad ediblər.
Nəzərinizə çatdırıram ki, mənim Əmir Muradov adlı əmim oğlu ilə heç bir əlaqəm olmayıb. Hətta gediş-gəlimiz belə yoxdur. Onun hansı işlə məşğul olması məni maraqlandırmayıb və maraqlandırmır da. Digər tərəfdən mən işə düzələndə kadrlar idarəsində məndən əmim oğlu barədə hər hansı izahat tələb olunmayıb. Şəxsi anket vərəqəsinə ailə üzvlərim və həyat yoldaşımın ail üzvləri haqqında bilgi vermək tələb olunub. Və mənə izah ediblər ki, bu şəxslərə görə cavabdeh daşıyıram. Bu halda mənim əmim oğluma görə işdən çıxarılmağım qanunsuzdur. Mən işdən azad olunmağımla bağlı göstərilən səbəbi qərəzli və absurd edirəm. Mən ailəliyəm, bir övladım var. Sabah övladımın səbəbsiz yerə işdən çıxarılmağımı biləndə dövlətimə qarşı inamının azalmasından ehtiyat edirəm”.
Veysəl Muradov bildirir ki, işdən çıxarılsa da, əmrin surəti ona verilmir: “Kadrlar şöbəsinin rəisi Vüqar Feyzullayev mənə deyib ki, ”yuxarı”dan tapşırıq alıb ki, əmrin surətini mənə verməsin. Hətta o, köhnə tarixlə mənə işdən çıxarılmağımla bağlı xidməti vərəqə imza atdırmaq istəyirdir. Lakin mən etiraz etdim. Daha sonra mənə bildirdi ki, şikayət etməklə heç nəyə nail ola bilməyəcəksən, vaxtında cibinə 550 manat qoysaydın vəziyyət başqa cür olardı. Bu haqsızlıqla bağlı dəfələrlə Vaqif Axundova müraciət etsəm də, nəticəsi olmadı”.
Baş çavuş Ilham Əliyevdən məsələni diqqətdə saxlamağı xahiş edir.
Hikmət


