Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Rasim başına gələnləri danışmaqda davam edir:
– Sonuncu əməliyyatımız lap məzəli oldu. Orada bir köhnə çay zavodu var. On ildir işləmir, üzünə baxan yoxdur. On il əvvəl kimsə o zavodun yerini, hasarlarını-filanını özəlləşdirib, amma içərisində zavod adında heç nə yoxdur. Uşaqlardan biri dedi ki, o binada bir “rubilnik” var. “Rubilnik”ə müştəri də tapmışdı: 50 manata sata bilərdik. Üç nəfər getdik. Zavodun gözətçisi-zadı da yox idi. Deyəsən, gecələr orada kimsə hərlənib elə-belə baxır ki, daşını-divarını söküb aparmasınlar. Getdik. Sən demə, bizim üçümüzdən birimiz polisə “işləyirmiş”. Biz ikimiz arxa divardakı balaca bir oyuqdan içəri keçdik, bir nəfər isə oyuğun yanında qarovula durdu ki, gələn olsa, xəbər eləsin. Başım “rubilniki” sökməyə qarışmışdı, bir də baxdım ki, yanımdakı yoxdu. “Rubilnik”i söküb qucağıma aldım. Oyuğun ağzına qədər gətirib o tərəfə ötürdüm. Astadan “çək, götür” dedim, çəkib götürdü. “Rubilnik”in dalınca özümü də oyuğun bu tərəfinə atdım və düz polislərin qarşısına düşdüm. Hə, doğrusu, üçümüzdən birinin, ya ikisinin polisə işlədiyini hələ də dəqiqləşdirə bilmirəm. Biri yüz faizdir, çünki buralarda polis fırlanmazdı… Tutuldum. Şöbədə məni buraxmaq üçün 1000 manat istədilər. Elə-belə, havaya deyilmiş söz kimi qəbul etdim. Məndən ya min manat istədin, ya bir milyon manat, fərqi yoxdur, onsuz da verə bilmirəm. Elə bu cür də dedim ki, “rəis, adını bir az ağır qoy, onsuz da bir qəpik vermək imkanım yoxdur”. “Bəlkə bir az aşağı”, – dedi – Beş-altı yüzə də əmələ gələr. Nəyinə lazımdır, gedib 3 il zonda oturmaq”. Ağlıma güc verdim, dedim: “Onda buraxın, gedim gətirim!”
Rəisin bəbəklərində ehtiras göründü, sifəti boşaldı: “Bax ha! Aradan çıxmaq fikrinə düşmə! Səni faktla tutmuşuq”. Buraxdılar. Şöbədən çıxdım və özüm üçün qətiləşdirdim ki, məni hərləyib tutana qədər azadlığın dadını çıxarmaq lazımdır. Tam 14 gün ələ keçmədim. Arxa küçələrdə hərlənirdim özüm üçün. Amma 14-cü gün post-patrul maşını ilə alın-alına dirəndim, qaçmağa macal tapmadım. Tutdular, şöbəyə gətirdilər, oradan məhkəməyə sürüyüb iki aylıq həbs qərarı verdilər, sonra da qatdılar bura. Indi o zavodun yiyəsi özünü öldürür ki, a balam, bu yetimi buraxın getsin, mənim o “rubilnik” zibili avadanlıq hesab eləmək fikrim yoxdur, götürüb, yaxşı eləyib. Polislər də dirəniblər ki, yox, qələt eləyib, bu cinayətdir, qapalı yerə daxil olub özgənin əmlakını tamah məqsədilə mənimsəyib. 177-nin ən azı, 1-i düşür, qoy getsin yatsın, ağlı başına gəlsin. Mənim tutulmağıma etirazım-filanım yoxdur, amma bir narazılığım var: axı, mənə imkan versəydilər ki, o balaca dükanımı adam kimi işlədim, mən gedib başqasının hinində toyuqlara nəqarət oxutdurardım…
At tövləsi
Bayıl həbsxanası 1874-cü ildə istifadəyə verilib. Bu tarix mənə təsadüfən bəlli oldu. Bu təsadüfə qədər mənim çevrəmdəki dustaqların, demək olar ki, hamısı “Bayıl”ın bir zamanlar at tövləsi kimi tikildiyini və istifadə edildiyini danışmağı xoşlayırdılar. Mən bu “At tövləsi” rəvayətini heç yaxın buraxmırdım, amma tərəddüd edirdim və bu məsələ ilə bağlı mübahisəyə girişmirdim. Dustaq belədir ki, ona ümumi mülahizələr, məntiqi dəlillər-filan keçmir. “Faktın var?”, “gördün?”, “eşitdin?” kimi dəmir sorğular burada əsas müəyyənləşdirici amillərdir. “Mən belə hesab edirəm” kimi ehtimallarla isə sənə bir-iki dəfə güzəşt edərlər, sonra səni elə həmin ehtimallara büküb bir qırağa atarlar və cəza müddətinin sonuna qədər, ən yaxşı halda, “ehtimal müəllim” adı ilə yaşamağa məcbur olarsan. Bu cür ayamalardan və arzuolunmaz epitetlərdən yayınmaq üçün Bayıl həbsxanasının doğuluş zamanı və səbəbləri ilə bağlı mübahisəyə də girmədim və sadəcə, “siz öz fikrinizdə qalın, amma mən oğrunun evinin bir at tövləsinin yerində qurulduğunu qəbul etmirəm” kimi, hətta bir az cinayətkarcasına səslənən mülahizə ilə bu cür polemikalarda qeyri-müəyyən üstünlüyümü qoruyub saxlayırdım.
Günün birində mənim saxlanıldığım kameraya xarici müşahidəçilər gəldilər. Onları həbsxana rəisi müşayiət edirdi. Mən bu əcnəbilərlə söhbət zamanı tamam təsadüfən dedim ki, bu həbsxananın sökülməsi planlaşdırılır və bir ilin tamamında söküntü başa çatacaq. Rəis mənim söylədiklərimi təsdiqlədi və əlavə elədi ki, söküntü binanın köhnəlib sıradan çıxması ilə bağlıdır, bina 1874-cü ildə, məhz həbsxana kimi tikilib, o zamandan indiyə qədər istifadə olunur və… Daha bəsdir.
Bu zamana qədər mənim “xlebnik”lərim də daxil olmaqla, ölkəmizin bütün dustaqları Bayıl türməsini “Yekaterinanın at tövləsi” kimi qəbul edirdilər. Amma həmin zamandan sonra bu fikri, ən azı, mənim “xlebnik”lərimi çıxmaq şərtilə, bütün dustaqlar qəbul etməyə başladılar. Doğrudur, həmin vaxta qədər kamera yoldaşlarıma bir dəfə lap möhkəm izah etmişdim ki, nəyə görə bu həbsxana Yekaterinanın at tövləsi ola bilməz. “A balam, – deyirdim, – yazıq Yekaterinanın burda at tövləsi tikdirməsi üçün onun Bakıda atları olmalıydı. Amma fakt budur ki, Bakı Yekaterina zamanında Rusiyanın işğalı altında olmayıb. Doğrudur, bu ”At Balaxanım” istəyib Azərbaycanı Dəli Petronun vəsiyyətlərinə əsasən işğal etsin, amma ömür vəfa eləməyib və rusların Azərbaycanı işğal planı Yekaterina zamanında başlamayıb”.
Amma dustaq üçün bu tarixi faktlar keçərli sayılmaya bilərdi. Üzdə deməsələr də, içəridə: “Əşi, dörd divarın arasında oturub ”Tarixi-Nadir” danışır. Bəyəm bu boyda “pristupnı mir” nə danışdığını bilmir?” – düşündükləri aydın görünürdü. Birdən-birə həbsxana rəisi bir dəstə əcnəbinin üzünə dimdik deyəndən sonra ki, “bu həbsxana filan vaxt tikilib”, buna kimin nə sözü ola bilər? “Atam balası, adam bu boyda müəssisənin rəhbəridir, 30 ildir bu sistemdə işləyir, ola bilməz axı oturduğu stolun bura nə vaxt qoyulduğunu bilməsin…”
Beləliklə, at tövləsi versiyası getdi işinə. Amma bu olaya baxmayaraq, Bayıl həbsxanası ürək dağlayan faciələrin, tükürpədən macəraların məskəni kimi bütün SSRI-də məşhur bir yer idi. Hələ üstünə gəlsək ki, şəxsən yoldaş Stalin də bu həbsxananın – 2-ci korpusdakı 39-cu kameranın – dustağı olub, görün Bayılın reputasiyası haralara vurub çıxır!
Yoldaş Stalin Bayıldan qaçmağı da bacarıb! Bu, hər oğulun işi deyil. Qapalı həbsxana göz bəbəyi kimi qorunur. Hər divarının önündə-arxasında tikanlı məftillər var. Buradan qaçmağı həbsxananın tarixi boyu bir neçə nəfər bacarıb, onlardan da biri Stalindir. Amma ağsaçlı starşina Əvəz kişi (mən buraya yerləşəndən bir ay sonra bizim gənc starşinamızı başqa korpusa keçirdilər), “Yerli, içəridən bayıra atan olmasa, Bayıldan heç kim qaça bilməz, – deyir. – Hətta Stalin də. Stalin bəyəm, qızılquş-zad idi? O da adam idi də. Burada qanad çıxartmamışdı ki! O zaman həbsxana işçiləri arasında bolşeviklər vardı, onlar Stalinə qaçmaq üçün şərait yaradıblar, vəssalam. Stalinin həbsxanadan qaçışında xüsusi bir qəhrəmanlıq axtarmaq səfehlikdir…”
Ardı növbəti sayımızda