Orta təhsil üzrə imtahan verənlərin 65 faizi, 9 illik təhsil üzrə 82 faizi «2» və «3» alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK tərəfindən 2012-ci il iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində təhsil alan 9-11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 16-da saat 10-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Tam orta təhsil bazasında üzrə keçirilmiş son buraxılış imtahanlarında şagirdlərin 65 faizi qeyri-kafi və kafi qiymət alıb. 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarında “2″ və ”3″ qiymət alanların sayı 82 faiz təşkil edib. 9 illik buraxılış imtahanlarında iştirak etmiş 15690 şagirddən 11003 nəfər “Ana dili”, 10508 nəfər “Riyaziyyat” fənni üzrə “3″ qiymət alıb. Imtahanlarda bilikləri “kafi” qiymətləndirilən şagirdlərin sayı təxminən 70 faiz təşkil edib.


