“Cənab prezident, siz də bilirsiniz ki, atamın bu günə qədər dəstəklədiyi yeganə hakimiyyət Heydər Əliyev hakimiyyəti olub. O, bu gün onu qınaq obyektinə çevirən bu reallığın səbəbini isə həmişə onunla izah edib ki, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan dağılmaq təhlükəsi astanasında idi”. Bu sətirlər Nemət Pənahlının qızı gənc Xatirə xanımın ölkənin sahibinə yazdığı məktubdandı.
Əvvəlcə Nemət bəyin anası yazdı, sonra xanımı, sonra da gənc qızı. Əliyev isə onlara bir sətir belə, cavab yazmayıb. Çünki yazacaq bir sözü varsa da, o sözü yazmaq mümkün deyil: “Biz, bizdən olub, haqq-nahaq bizə asi çıxanları heç vaxt bağışlamırıq. Ta o vaxta kimi ki, ailə-uşağının çəkdiyi sonsuz məşəqqət, zillət onu sarsıtsın, yanlışını anlasın, qüruru, mənliyi özünün və ya doğmalarının yazacağı uzun-uzun əfv, yalvarış, bəzən hətta öfkəli məktubların sətirləri arasında əzilsin, tapdansın və artıq dərk eləsin ki, biz kimik…”
Nə yazıq ki, prezidentdən yazılı şəkildə bu cavabı almaq mümkün deyil. Sadəcə, təsəvvür eləmək olar. Sonrası isə ailələrin öz əlində. Ya o sözləri bütün zəhəri ilə birlikdə həzm eləyib yola gəlir, ya da sona kimi, hətta həyatından əl üzüb, mənliyini qoruyursan. Bu, əlbəttə, elə-belə söhbət deyil, təpədən dırnağa faciədi. Ağzı isti yerdə olanda guruldamağa nə var ki! Heç kimsə bu durumlarda necə hərəkət edəcəyini öncədən deyə bilməz. Lakin qüsura baxmayın, prezidentin aləmində bu iki yoldan başqa təklif edə biləcəyi üçüncü bir yol yoxdu.
Məktubdan gətirdiyim sitat Nemətin evində dediyi sözdü. O, tarixi evində o cür anladırmış. Bəli, gerçəkdən eləydi. Ölkə dağılmaq astanasındaydı. Bu fikrin birinci müəllifi Nemət deyil. Bütün sapıqlar belə deyir və güman eləyirlər ki, bu fikrin qarşısında nəsə demək mümkün deyil. Lakin onlar öz evlərində hər şeyi axıracan, daha doğrusu, lap başdan deməyiblər. Deməyiblər ki, bu ölkəni dağıtmaq üçün biz hətta terrorçu birilə belə, danışıqlara getmişik. Onu yönəltmişik və sonunda başını kəsib Əliyevə hədiyyə eləmişik. Onun kəsik başı isə nə qədər ocağı söndürüb! Buna görə o işdə bir qətrə əməyi olmuş hər kəsin bir gün haqq divanı qarşısında cavab verməli olduğunu düşünürəm. Qızının da dediyi kimi, “yenicə müstəqilliyini qazanmış ölkənin müstəqilliyinə xələl gəlməsin deyə, hakimiyyətə qarşı kəskin müxalifət mövqeyində dayanmayan… Nemət, nifrətlə Əbülfəz ƏLIYEV dediyi Elçibəyin zamanında şirə dönmüşdü. Müstəqillik beləmi düşünülür? Yox, o və onun kimilər hər yolla milli hakimiyyəti sarsıtmaqla məşğul idi, istəyirdilər ölkə elə bir günə düşsün ki, onlar da uşaqlarına belə desinlər: ”Azərbaycan dağılmaq təhlükəsi astanasında idi…”
O gəldi. Lakin ölkəni dağılmaq təhlükəsindən qurtarmadı – bir hakimiyyətin devrilməsinə çalışan başqa bir qüvvənin hakimiyyəti əlinə alması təhlükəsinin qarşısını aldı, taxt-taca yiyələndi və beləliklə, Azərbaycanı şəxsən dağıtmaq işinə start verdi.
Xalqın inanmağına qalanda isə, xalq heç vaxt heç nəyə özbaşına inanmır. Xalqa o inamı da Nemət kimilər, gecə-gündüz Naxçıvana gedib təlimatlarla qayıdan emissarlar, obrazlı desək, 91 həvari aşılamışdı.
“Nə üçün bir il yarımdır ki, onun ailəsini başsız, övladlarını atasız qoymusunuz?” – Xatirə xanım başçıdan soruşur. Başsız qalan yüzlərlə ailənin övladları isə belə bir sülalənin hakimiyyətə gəlməsində əvəzsiz xidmət göstərdiyinə görə Nemətə sual verir: “Bəy, bizim günahımız nəydi?”
Nemət isə bircə bunu deyə bilər: “Azərbaycan dağılmaq astanasındaydı”.
Inşallah, aşiq azadlığına qovuşacaq. Lakin yaxşı olardı ki, onun qızı qurtuluş üçün prezidentə yox, həm də bütün xalqın qurtuluşu naminə öz atasına məktub yaza və bir də “siyasət” sözünü dilinə gətirməməyi xahiş edə. Onsuz da həbsdən çıxanlar “daha siyasətlə məşğul olmayacağam” deyir…

Qurtuluş üçün Əliyevə yox, Pənahlıya məktub
•
•