Qarabağnamə, yoxsa Dubaynamə?

“Simasızlar mənə, öz valideynlərini öldürüb, məhkəmədə yetimə şamil edilən güzəştlərdən yararlanmaq istəyənləri xatırladır”.
Avraam Linkoln (ABŞ-ın 16-cı prezidenti)

Bugünlərdə iqtidar rəsmiləri demokratiya və insan haqlarına yönəlik çağırışlardan orijinal yayınma metodu tapıblar, buyurun, siz də tanış olun: “Qarabağ problemi demokratik islahatların önünü bağlayıb”.
Yəni, on doqquz ildir, ədalətsiz, qeyri-demokratik seçki, azad fikirli insanların təqibi, siyasi həbslər və təzyiqlər, ölkənin bütün sərvətlərini çapıb-talamaq Qarabağ problemi ilə bağlı imiş…
Başağrısı olsa da, sizə kəndimizdə illər öncə baş vermiş əhvalatı danışacağam: Qonşumuz oğlunun siqaret çəkməyindən şübhələnmişdi, amma sübut edə bilmirdi. Uşaq da, avam deyildi, ağzından siqaret iyi gələndə belə, “yanımda çəkirdilər, ağzıma hopub” deyirdi. Atası hər gün bir neçə dəfə onun ciblərini yoxlasa da, heç bir əşyayi-dəlil tapa bilmirdi. Nəhayət ata, gecə vaxtı oğlunun büründüyü yorğandan tüstü çıxdığını görüb, sevincək ona yaxınlaşır. Yorğanı qaldırır, görür ki, oğlu əlində tüstülənən siqaret, gözlərini bərəldərək ona baxır. Düşünmək olardı ki, ata “istəyinə çatıb” və “profilaktik tədbir”lər qaçılmazdır. Lakin atanın bir neçə saniyə gecikməsindən istifadə edən uşaq, orijinal məntiqilə atasını mat qoyur. O, atasına böyük qardaşları tərəfindən şantaja məruz qaldığını bildirərək, barmaqları arasındakı siqaretə görə onların cəzalandırılmasını istəyir. Lakin ata “təslim olmur”, bir neçə həftədən sonra hal şahidlərilə birlikdə oğlunu elə vəziyyətdə yaxalayır ki, uşağın etiraf etməkdən başqa çarəsi qalmır.
Razılaşın ki, qonşu uşağının məntiqi, islahatlarla bağlı iqtidarın irəli sürdüyü məntiqdən daha inandırıcı görünür.  
Ramiz Mehdiyev başda olmaqla, iqtidar ideoloqlarının təfəkkürünə görə, Qarabağ münaqişəsi demokratiyaya əngəl imiş, ərazisi işğal olunmuş ölkədə demokratiya ola bilməzmiş…
Xingalını həvəslə yediyimiz qonşu Gürcüstan da eyni problemlə qarşılaşıb, amma demokratiyadan geri çəkilmir və Rusiyanın işğalı altında yaşayan vətəndaşlarına bu yaxınlarda Avropa ölkəsinin vətəndaşı pasportu paylayacaq.
Necə olur ki, Qarabağa görə demokratik islahatlara gedə bilməyən rejim, asanlıqla Dubaya, Floridaya, Londona “gedə” bilir? Iqtidarın məntiqinə inansaq, qəbul etməliyik ki, büdcədən milyonlarla yeyintilər, monopoliya, korrupsiya, Xəzərin sahillərinin məmur-oliqarxlar tərəfindən hasarlanması və s. Qarabağa görədir. Inanaq ki, aylıq maaşı 1500-200 manat olan məmurlarımızın Fransada Sena çayının sağ və sol sahillərində orta əsrə aid qəsrləri, Dubay və Floridadakı dəyəri yüz milyonlarla ölçülən villaları alması Qarabağ problemindən irəli gəlir. Düşmənə güc göstərmək lazımdır, ya yox?
Qarabağın işğalı ilə barışmayan məmurlar, döyüşə can atan övladlarını LAZIM GƏLƏNƏ qədər Avropanın müxtəlif şəhərlərinə yerləşdirib, orada bəsləyirlər. Yəqin ki, bu da Qarabağla bağlı taktiki addımdır…
Ölkənin təxminən 3 milyon vətəndaşının bir parça çörəkdən ötrü ev-eşiyindən didərgin salınması, qürbət ellərdə sərgərdan həyat tərzi sürməsi də çox güman ki, Qarabağa görədir. Axı Vətənin qədrini bilməyi öyrənmək lazımdır…
Butün bunlarla barışmayanlara qarşı isə “elə etmək lazımdır ki, küçəyə çıxa bilməsinlər, qınaq obyektinə çevrilsinlər” (Əli Həsənov).
Bizi kimlərin idarə etdiyinin fərqindəsinizmi?