Prezident kürsüsü 40 illik dostları “düşmən” edəcəkmi?

Türkiyədə Konstitusiya Məhkəməsinin qərarı növbəti prezident seçkilərilə bağlı müxtəlif ssenarilərin ortaya çıxmasına yol açıb

Abdullah Gül, yoxsa Rəcəb Tayyib Ərdoğan?

Türkiyə Konstitusiya Məhkəməsinin prezident Abdullah Gülün səlahiyyət müddətinin 7 il olması və ona ikinci dəfə namizədliyini irəli sürmək haqqını tanımasına dair qərarından sonra siyasi dairələrdə 2014-cü il prezident seçkilərilə bağlı müxtəlif ssenarilər səslənməyə başlayıb. Hakim partiya olan AKP-nin “Prezident seçkiləri haqqında” qanunda Abdullah Gülün səlahiyyət müddətini 7 il müəyyənləşdirməsi və onun ikinci dəfə namizəd ola bilməyəcəyi təklifini irəli sürməsi 2014-cü il prezident seçkilərinin ciddi böhranla müşayiət olunacağı ehtimalını yaratmışdı. Lakin Konstitusiya Məhkəməsinin qərarı bütün ehtimalları “dəfn etməklə” yanaşı, yeni ssenarilərin yaranmasına yol açmış oldu.

Yeni sistem, köhnə taktika

Daha çox səsləndirilən ssenarilərdən biri belədir ki, məhkəmənin qərarından əvvəl planlaşdırıldığı kimi, indiki baş nazir Rəcəb Tayyib Ərdoğan istənilən halda, 2014-cü il seçkilərində prezidentliyə namizəd olacaq. Cankaya köşkünün hazırkı sahibi Abdullah Gül isə 2007-ci ildə özü AKP-nin tək namizədi olduğu kimi, Ərdoğanı dəstəkləyəcək. Belə olan halda, Ərdoğanın, yeni Konstitusiya ilə prezident, ya da yarı prezident sisteminə keçilməklə ölkə başçısı olacağı bildirilir.

Ərdoğan prezident, Gül isə beynəlxalq təşkilatın rəhbəri?

Ərdoğan 2014-cü ildə prezidentliyə namizəd olacağı təqdirdə Gülün beynəlxalq bir təşkilatın rəhbəri postuna gətirilməsilə müzakirələrə son qoyulacağı da dolaşan ssenarilər arasındadır. Gülün belə bir mövqeyə gətirilməməsi halında isə, parlamentin Uzlaşma Komissiyasının üzərində çalışdığı yeni konstitusiyanın məzmununun dəyişdirilməsi və ya yeni anayasanın həyata keçib-keçməyəcəyilə bağlı fərqli təkliflər də müzakirə edilir.
Yeni Konstitusiya hazırlanmaması, yaxud da prezident və ya yarı prezident kimi bir sistemə keçilməməsi halında Ərdoğanın prezident, Gülün də baş nazirlik postuna sahiblənəcəyi ehtimal olunur. Bu ssenari özüylə yanaşı başqa bir müzakirəyə də yol açıb. Prezidentin 2014-cü ildən etibarən xalq tərəfindən seçiləcəyi nəzərə alınarsa, Cankaya Köşkünə 50 faizdən çox səslə seçilmək şansı olan Ərdoğanın daha az xalq dəstəyi almış bir partiya sədri üzərində təzyiq yaradacağı bildirilir.
Gülün baş nazirliyi məsələsinə paralel olaraq, “2014-cü ildə 3 seçki” düsturu da müzakirə olunur. Söhbət sonuncu dəfə 2009-cu ildə baş tutmuş bələdiyyə seçkilərinin 2014-cü ilin martında, prezident seçkilərinin həmin ilin avqustunda, parlament seçkilərinin isə 2015-ci ilin iyununda keçirilməsindən gedir. Ancaq qanun dəyişikliyilə parlament seçkilərinin vaxtının bir il irəli çəkilərək, 3 seçkinin eyni ildə keçiriləcəyi də iddia edilir. Bununla da Ərdoğanın prezident, Gülün baş nazir seçilə biləcəyi atmosferində baş tutacaq seçkidə bələdiyyələrin əhəmiyyətli hissəsinin də AKP-nin nəzarətinə keçəcəyi hesablanır. Lakin hələ ki, Ərdoğanın erkən seçkiyə sıcaq yanaşmadığı da yayılan məlumatlar sırasındadır.

Gül üçün ən pis ehtimal

Siyasi dairələrdə səslənən ehtimalların Abdullah Gül üçün ən pisi isə prezidentlik, yaxud da yarı prezidentlik sisteminə keçilməklə Ərdoğanın bu kürsüyə oturması və baş nazirlik mövqeyinin hazırkı əhəmiyyətini itirməsidir. Seçici səslərini parçalamamaq üçün prezidentliyə namizəd olmayacaq Gülün beynəlxalq vəzifəyə də gələ bilməməsi halında çətinlik yaşayacağı söylənilir. Prezidentlikdən sonra funksiyasını itirmiş bir baş nazir vəzifəsini tutmağa razı olmayacağı bildirilən Gül, bu halda, yalnız mənəvi əhəmiyyəti olan vəqf və ya ona bənzər bir quruluşun rəhbəri postunu tutacaq, yaxud da “vaxtından əvvəl təqaüdə çıxmaq” variantına üstünlük verəcək.

Dostlar rəqibə  çevrilə bilərmi?

Son olaraq, 40 ilə yaxın müddətdə bir-birinə “qardaş” deyən Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın ikisinin də prezidentliyə namizədliklərini irəli sürməsi ehtimalına yer verilmir. Ərdoğan prezidentliyə namizəd olacağı təqdirdə, Gül prezident postuna iddiasını geri götürəcək. Yaxın dostların prezident kürsüsü uğrunda rəqabətə girməsi siyasi dairələrdə ehtimal olunmayan ssenaridir.

Turan