Keçmiş prezidentin yaxın silahdaşı: “Özalın zəhərlənərək öldüyünə dair rəy çıxsa, ilk şübhələndiyim insan Süleyman Dəmirəl olacaq”
Türkiyə mətbuatı keçmiş prezident Turqut Özalın ölümünü yenidən gündəmə gətirib. Məsələnin illər sonra gün işığına çıxarılmasına Türkiyənin hazırkı prezidenti Abdulla Gülün Özalın ölümünün araşdırılması ilə bağlı göstərişi səbəb olub. Mətbuata açıqlama verən ayrı-ayrı vəzifəli şəxslər, eləcə də Özalın ailə üzvləri bu ölümdə şübhəli məqamların olduğunu açıq şəkildə dilə gətirirlər.
“Atamın normal şəkildə ölmədiyini hamı bilir”
T.Özalın oğlu Əhməd Özal mətbuata müsahibəsində deyib ki, atası normal şəkildə ölməyib və bunu hər kəs bilir. Atasının məzarının açılması təklifinə münasibət bildirən Ə.Özal deyib ki, əsas məsələ qəbrin açılması yox, atasını zəhərləyənlərin kim olduğunun üzə çıxarılmasıdır: “Ekskumasiya atam vəfat edərkən edilməli idi. Indi çox ciddi şübhələr var. Hətta fosfat zəhərlənməsindən ölməsindən də ehtimal kimi danışırlar. Məzarın açılıb-açılmaması məhkəmənin verəcəyi qərardır. Bizim dinimizdə mərhmun narahat edilməsi xoş bir şey deyil. Onsuz da atamın ölümünün normal olmadığını, ürək çatışmazlığından deyil, zəhərlənərək öldüyünü əvvəldən bilirdik. Bu həqiqət artıq ortaya çıxmağa başlayır. Zəhərləndiyi təsbit edilsə belə, bunu kimin etdiyini bilmədiyimiz müddətdə mənası yoxdur. Əsas odur ki, 1990-cı illərin əvvəlində bir-birinin ardınca Uğur Mumcu, Əşrəf Bitlis Paşa, Hablemitoğlu, Əhməd Tanər Kışlalı, Çətin Emeç kimi silsilə ölümlər yaxşı təhlil edilərək çözülsün. O qaranlıq cinayətlərin hamısı araşdırılmalıdır”.
Əhməd Özal atasının ölümündən dərhal sonra ekskumasiyaya anasının icazə vermədiyi ilə bağlı fikirləri inkar edib. Onun sözlərinə görə, anası belə bir şey deməyib: “Anamdan dəfələrlə soruşdum. Cavab verdi ki, belə bir şey dediyini xatırlamır. Əslində bu məsələ qanunla tənzimlənməlidir. Amerikada və Avropada bu belədir. Prezident və ya baş nazir vəzifəsində olan adamlar qəflətən ölərsə, dərhal ekskumasiya edilir.
“Atanızın məzarı açılından sonra zəhərləndiyi sübut olunarsa, hər hansı iddia qaldıracaqsınızmı” sualına Ə.Özalın cavabı belə olub: “Zəhərlənmə təsdiqini taparsa, bunu edəni necə tapacaqlar? Hələ də Mumcu cinayətini törədənlər tapılmayıb. Atamın qatillərini necə tapacaqlar? Indiki mərhələdə cinayətkarların tapılacağına inanmıram. 1993-1996-cı illər yaxşı təhlil olunarsa, atamın işi də üzə çıxar. Indi bəzi adamlar bəzi məlumatlara sahibdilər. Amma kimlərsə aktyordur, kimlərsə susmağa üstünlük verir. Bunlar zamanla çözülür. Məzarı bizim iznimiz olmadan açsalar da təpkimiz olmaz”.
“Sirr pərdəsi götürülməlidir”
Müammalı ölümlə bağlı Özalın yaxın silahdaşları da maraqlı açıqlamalar veriblər. Keçmiş nazir Əkrəm Pakdəmirli hesab edir ki, ehtimallar araşdırılmalı və ölüm işindəki sirr pərdəsi götürülməlidir. Pakdəmirli onu da deyib ki, Özal həqiqətən zəhərlənibsə, bunu, Dəmirəl edib. O bildirib ki, sualları aradan qaldırmaq üçün mütləq ekskumasiya olunmalıdır: “Yeni metodlarla kimyəvi maddəylə zəhərlənmənin qalıqları tapıla bilər”.
Süleyman Dəmirəlin, “Özalın öldürüldüyünə inanmıram” açıqlamasına təpki verən Pakdəmirli deyib ki, Dəmirəl özünə sərf edən formada danışır: “O günü, saatı keçirmək üçün danışır. Süleyman bəyin bu sözlərini ciddiyə almamaq lazımdır. O, qeyri-ciddi biridir. Süleyman bəy bir zamanlar Özal barədə ”fino köpəyi”, “heyvan” kimi ifadələr işlətmişdi. Amma ölümündən bir gün sonra “Biz Özalla bir tikə çörəyi bölüb yemişik” dedi. Hansı tikəni bölmüsüz? Etdiyin təhqirləri unutmusan? Özalın zəhərlənərək öldüyünə dair bir rəy çıxsa, ilk şübhələndiyim insan Dəmirəl olacaq. Inşallah belə olmaz. Çünki Türkiyə üçün qara bir ləkə olar”.
Pakdəmirli Özalın həyatını itirdiyi gün həkimin, tibb bacısının və təcili yardım maşınının orada olmamasının təsadüf olmadığını deyib: “Cumhurbaşqanı da çox sağlam biri deyildi. Belə olan halda orada niyə həkim və təcili yardım maşını yox idi? Əgər oradakı köməkçi məsuliyyət daşıyırsa, o adam indi sorğulanmalıdır. Üst-üstə düşən bu təsadüflər normal deyil”.
Turqut Özal Universitetinin məsul əməkdaşı Yıldırım Akbulut hesab edir ki, Özalın ölümünün normal olmadığı açıqca ortadadır: “Rəyi veren mütəxəssislər bu ehtimalları uzun-uzun araşdırmalıdırlar. Bir dövlətdə bu qədər skandal ola bilməz”.
“Özalı öldürmək istəyən çox insan vardı”
Anavətən Partiyasının qurucularından olan Mehmet Keçeci bildirib ki, Özal bu məmləkətdə çox xeyirli işlər görmüş önəmli dövlət adamlarından idi: “Özal Türkiyənin ən çox mühafizə olunan insanlarından biri idi. Hər zaman mühafizəçiləri və özəl həkimi yanında idi. Son proqramına gedəndə səhhəti çox pis idi. Özalı heç bu qədər bitkin görməmişdik. 3 gün sonra da vəfat etdi. O dönəmdə ən tanınmış professorlar və həkimlər infarktdan vəfat etdi şəklində rəy verəndə ağlımıza heç bir şübhə gəlməmişdi. Amma indi ailəsi və yaxınları olaraq biz ölümündən şübhə duymağa başladıq. Rəhmətlik Özalı öldürmək istəyən çox insan vardı”.
Keçmiş nazirlərdən Həsən Cəlal Gözəl Özalın ölümündə sui-qəsd ehtimalının böyük olduğunu deyir: “1988-ci ildə təhsil naziri vəzifəsindəykən partiyasının konqresində atəş açdılar. Əgər təsadüfən mikrofona dəyməsəydi birbaşa ürəyinə girəcəkdi. Bu, Ergenekon tipi bir dəstənin işi ola bilər. Üstəlik o zaman Sovetlər Birliyi dağılmış və Rusiya Federasiyası qurulmuşdu. Bir çox yeni Türk dövləti qurulurdu. Özal onları federativ bir şəkildə birləşdirməyi düşünürdü. Bu da təbii ki, başda Rusiya olmaqla heç bir ölkənin xoşuna gəlmirdi. Balkanlar və Yaxın Şərqlə bağlı planları olan bir dövlət adamı idi. Hesab edirəm ki, məzarı mütləq açılmalı və ekskumasiya edilməlidir”.
Xatırladaq ki, Türkiyənin 8-ci prezidenti Turqut Ozal Orta Asiya və Azərbaycan da daxil olmaqla, 5 ölkəyə 12 günlük səfərdən qayıtdıqdan az sonra – 17 aprel 1993-cü il tarixdə dünyasını dəyişib. T.Ozalın ölmədiyi, öldürüldüyü – zəhərləndiyi ilə bağlı dəfələrlə yaxınları, xüsusən də həyat yoldaşı Səmra Ozal tərəfindən iddialar səsləndirilib. Sonuncu iddiadan sonra prezident Abdullah Gül məsələni araşdırmağı tapşırıb. Öldüyü zaman T.Özalın meyiti yarılmayıb, qan analizləri isə “təsadüfən” məhv olub. Yalnız S.Özalda mərhuma məxsus saç nümunələri qalıb. Mərhum prezidentlə dost olmuş sabiq məhkəmə hakimi Faik Tarımçıoğlu Özala məxsus qan analizinin nəticələrinin gizlədildiyini söyləyib: “Bizə dedilər ki, qanın olduğu şüşə həkimin əlindən düşərək sınıb. Bu isə kifayət qədər şübhələrə yol açır”.
Gültəkin


