Hansı deputatların bankda pulu qalıb?

Biri aranın sakitləşməsini gözləyir, digərinin kitabçası məhv olub, üçüncüsü də heç vaxt yığıcı olmayıb…

Artıq iki həftədən çoxdur ki, sovet dövründən qalmış əmanətlər qaytarılır. Uzun müddət bu əmanətlərin yolunu səbrsizliklə gözləyən vətəndaşlar indi gecə-gündüz demədən pullarını almaq üçün növbə tutmalı olurlar. Amma cəmiyyətdə kifayət qədər nüfuzlu, pul sarıdan korluq çəkməyən insanlar da var ki, onlar da vaxtilə, əllərinə pul düşdükcə banka yatırıblar. Maraqlıdır, maddi vəziyyəti normal olan millət vəkilləri necə, onların da bankda əmanətləri varmı, bu əmanətlərin alınmasına səy göstərirlərmi? Modern.az bunu öyrənmək məqsədilə deputatlar arasında sorğu keçirib.

Deputat Vahid Əhmədov vaxtilə banka əmanət qoyub. Onun bankda 8 min pulu var. Əmanətini almaq üçün hələ ki, banka müraciət etmədiyini deyən deputat aranın sakitləşməsini, növbələrin azalmasını gözləyir. Bundan sonra əmanətini almaq üçün banka üz tutacaq.

Aqil Abbasın isə bankda pulu yoxdur. O vaxt maddi imkanının aşağı olduğunu deyən deputat əlavə pulunun olmadığını və ona görə də banka pul qoymadığını deyir: “Vaxtilə kirayə qalırdım. Pulu güclə çatdırırdım. Ona görə də əlavə pulum olmayıb ki, əmanət qoyum. Amma o vaxt atam banka adımıza müəyyən qədər pul yatırıb. Döyüşlər vaxtı Ağdamda evimiz yandı. Sənədlər də evimizdə qaldı. Əmanətlərin sənədi itdiyindən heç bununla maraqlanmıram. Tapılsa belə, heç əziyyətinə dəyməz. Amma məlumatlar arxivdə olsa, yəqin ki, bacılarım alacaq”.

Yığıcılıq edib banka pul qoymayan millət vəkili Nizami Cəfərov da bankda əmanətinin olmadığını deyir: “Bizim ailənin pulu olmayıb ki, banka əmanət yatırsın. Ümumiyyətlə, ailəmiz heç vaxt yığıcı olmayıb. Əlimizə pul düşən kimi xərcləmişik. Ona görə də bankda əmanətimiz yoxdur”.

Ilyas Ismayılov da həmkarı Nizami Cəfərovdan fərqlənmir. Onun da bankda əmanəti yoxdur: “Mənim bankda şəxsi əmanətim olmayıb. Amma həyat yoldaşımın var. Məbləği bilməsəm də, vəsaiti götürmək fikrindəyik”.

Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə vaxtilə banka 350 rubl əmanət qoyub. Əmanətinin hələ almadığını deyən millət vəkili aranın seyrəlməsini gözləyir: “Gözləyirəm ara bir az sakitləşsin. Ondan sonra əmanətimi alacağam. Pulu isə imkansız birinə bağışlayacağam”.

Başı elmi işlərə qarışan millət vəkili Yaqub Mahmudovun da bankda əmanəti yoxdur. Daim işlə məşğul olduğunu deyən deputat banka heç vaxt əmanət qoymadığını deyir: “Mənim ən böyük əmanətim xalqımızın mənə verdiyi qiymətdir”.