Hakimiyyətdə zəlzələ təlaşı

ABŞ alimlərinin xəbərdarlığı iqtidarı təşvişə salıb

Bakının güclü zəlzələ riski altında olması barədə xəbərdarlıq hakimiyyətdə təlaşa səbəb olub. Xatırladaq ki, bu xəbərdarlıq yerli deyil, ABŞ-ın nüfuzlu Massaçusets Texnoloji Institutunun (MIT) alimləri tərəfindən edilib.
MIT-in məlumat xidmətinin xəttilə iyunun 14-də yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunur.
Bu sırada 1859 ildə Azərbaycanın mərkəzi regionu olan Şamaxıda baş vermiş dağıdıcı zəlzələ ayrıca qeyd olunur.
Aparılmış yeni tədqiqatlara əsaslanan alimlər bu regionun Şamaxı zəlzələsi gücündə olan yeni bir zəlzələ üçün yetişdiyini iddia edirlər.
MIT əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası həmkarları ilə birlikdə 10 ildən artıq Bakı və ətraf regionların geoloji müşahidəsini aparıblar.
Müşahidə metodu GPS sistemi vasitəsilə müxtəlif ərazilərdəki geoloji gərginlik ocaqlarının hərəkət dinamikası barədə statistik-rəqəmsal məlumatların toplanması və təhlil edilməsindən ibarət olub.
MIT Yer, Atmosfer və Planetar Elmlər departamentinin rəhbəri Robert Relingerin təbirincə, “prognozlaşdırılan zəlzələ Bakıya, şəhər əhalisinə, Azərbaycanın Xəzərdəki neft ehtiyatlarına və Xəzər dənizinin ekologiyasına ciddi təhlükə kəsb edə bilər”.
Azərbaycan telekanallarında bu mövzuya geniş ayrılıb. Və bütün cəhdlər ABŞ alimlərinin fikirlərinin həqiqəti əks etdirmədiyinin isbatına yönəlib. Məlumatlara görə, telekanalların belə mövqe sərgiləməsi bu xəbərdarlığın hökumətdə ciddi narahatlığa səbəb olduğunu göstərir. Həmçinin məlumatlarda bildirilir ki, iqtidar ideoloqları məsələnin ciddi şəkildə araşdırılması qərarına gəliblər. Hökumət narahatdır ki, bu xəbərdarlığın arxasında hansısa təxribatlar dayana bilər.

Hikmət