Fəzail Ağamalı “KQB”yə ifadəsində Elçibəy haqda nələr deyib?

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin ünvanına bir sıra ittihamlar səsləndirib. Ağamalının “Pat.az” saytına açıqlaması onun Elçibəyi KQB-yə işləməkdə ittiham etməsi kimi dəyərləndirilir.
1970-ci illərdə Azərbaycanda Əbülfəz Elçibəy başda olmaqla, bir neçə nəfər həbs olunmuşdu. Həbs zamanı iki dəfə dindirilənlərdən biri də Fəzail Ağamalı olub. Dindirilməsilə bağlı açıqlama verən Ağamalı bildirib ki, ondan Elçibəyin həbs olunması üçün ifadə almaq istəyiblər: “Mənə sual verdilər ki, ”Əbülfəz Elçibəy səninlə cənubi Azərbaycan mövzusunda söhbət edibmi?” Mən isə cavab verdim ki, yadımda deyil. Belə olan halda, onlar Əbülfəz Elçibəyin imzası olan ifadəni qarşıma qoydular. Ifadədə yazılmışdı ki, “Mən Əbülfəz Əliyev Fəzail Ağamalıyevlə Cənubi Azərbaycan mövzusunda söhbətlər etmişəm”.
Halbuki, bir müddət əvvəl mətbuatda Fəzail Ağamalının bu açıqlamasına zidd olan başqa bir ifadəsinin yer aldığı bir sənəd açıqlanmışdı. Mətbuatda yayılan sənəddə yazılanların bir parçasını diqqətinizə çatdırırıq: “Mən 9 dekabr 1974-cü il tarixli ifadəmdə Əliyev Əbülfəz Qədirqulu oğlu haqqında ətraflı göstərmişəm. Həmin ifadəmdə Əbülfəzin mənimlə etdiyi, cəmiyyətimizə, sosialist ideologiyasına zidd məzmunlu söhbətlər barədə isə bir şey göstərməmişəm. Lakin bu gün dindirmədə qərara gəlmişəm ki, könüllü olaraq, Əbülfəzin mənimlə etdiyi söhbəti göstərim.
Hazırda ali məktəbdə dərs deyirəm. Çalışıram ki, Kommunist Partiyasının və sosialist hökumətinin Lenin milli siyasətini tələbələrə doğru-düzgün çatdırım. Söz verirəm ki, həqiqi mənada Sovet cəmiyyətinə yararlı, beynəlmiləlçi tələbələr hazırlayam. Namuslu əməyimlə özümü doğruldacağam”.
Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseyn F.Ağamalının ikinci ifadəsində Əbülfəz bəy barədə nələri açıqlamaq istədiyini söyləməkdə çətinlik çəksə də, keçmiş prezidentin özünün bu məsələyə aydınlıq gətirdiyini deyir: “Əbülfəz Elçibəy ”Bütöv Azərbaycan yolunda” kitabında vurğulayıb ki, Milli Azadlıq Hərəkatı vaxtı həm müəllimləri, həm də tələbələri incidirdilər. Ona görə də Əbülfəz Elçibəy onları bu təzyiqdən qurtarmaq üçün bəyan etmişdi ki, onun milli mövzuda səsləndirdiyi fikirləri açıqlasınlar. Fəzail Ağamalıyla bağlı deyirdilər ki, o da Əbülfəz Elçibəyə qarşı ifadə verib. Əbülfəz Elçibəy də bildirmişdi ki, Fəzail Ağamalıya belə ifadə verməyi o özü tapşırıb. Ona görə mən inanmıram ki, Fəzail Ağamalı Əbülfəz Elçibəyi bu məsələlərdə ittiham etsin”.
P.Hüseyn onu da əlavə edib ki, Elçibəy 1989-cu ilin oktyabrında Xalq Cəbhəsinin Məclisində xüsusi olaraq Fəzail Ağamalı ilə bağlı ittihamlara cavab verib. Bir daha vurğulayıb ki, Fəzail Ağamalı da daxil olmaqla, tələbə və müəllimlərin onun səsləndirdiyi milli məsələlər barədə ifadə verməsini özü istəyib.

Hikmət