Ukrayna prezident Viktor Yanukoviç sabiq baş nazir Yuliya Timoşenkonu əfv edə bilər. “Musavat.com”un yaydığı xəbərə görə, bu barədə onun özü Amerikanın nüfuzlu “The Time Magazine” media orqanına verdiyi müsahibədə bildirib.
“Siz Yuliya Timoşenkonu əfv edə bilərsinizmi” sualına Yanukoviç “Əlbəttə, mən bunu istəyirəm”, – deyə cavab verib.
Bununla belə, Yanukoviç deyib ki, Timoşenkonun əfv edilməsi üçün onunla bağlı məhkəmə başa çatmalıdır: “Nə vaxt ki, bu proses başa çatacaq, hakim son qərarını verəcək və həmin işə insan hüquqları ilə əlaqəli Avropa Məhkəməsi baxacaq, yalnız ondan sonra prezident əfv etmək hüququndan istifadə edə bilər“.
Yanukoviç Timoşenkonu əfv etməyə hazır olduğunu buna qədər də bildirib. Lakin bunun üçün Timoşenko Yanukoviçə əfv üçün müraciət etməlidir. Sabiq baş nazir isə dəfələrlə bəyan edib ki, prezidentə müraciət etmək fikrində deyil.


