Qəzaya düşən AXCP yetkilisi “Azadlıq”a danışdı

“Ölümdən döndüm”

Iyunun 14-də Bakı-Şamaxı yolunda avtoqəzaya düşən AXCP sədrinin müşaviri Asif Yusiflinin vəziyyəti nisbətən yaxşılaşıb. Amma o, hələ də 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində saxlanılır.
Dünən “Azadlıq”ın müxbiri qısa müddətə də olsa, onunla görüşə bilib. Asif Yusifli gümrahdır, psixoloji durumu normaldır. Amma çox ciddi zədələri var. Qəza nəticəsində onun 7 qabırğası və sol ayağı iki yerdən sınıb. Həkimlər bildirir ki, xoşbəxtlikdən oynaqları zədələnməyib. Lakin oynaqlarda sürüşmə baş verib və buna görə də ayağı gipsə qoyulub. Sınan ayağın əməliyyat olunması üçün xəstənin ümumi vəziyyəti yaxşılaşmalıdır.
Qəza nəticəsində diafraqma yırtığı da əmələ gəlib. Həkimlər bununla bağlı cərrahiyyə əməliyyatı həyata keçiriblər və ondan sonra Asif Yusiflinin vəziyyəti sabitləşib.
Asif Yusifli “Azadlıq”a açıqlamasında ölümdən döndüyünü bildirib və Azərbaycan xalqına, həmçinin tibb işçilərinə minnətdarlığını ifadə edib: “Çəkdiyimiz əziyyət hədər deyilmiş, millətimiz qızıl millətdir. Konserv qutusu kimi əzilən maşından  hansı canıyananlıqla bizi çıxardıqlarını bir görsəydiniz… Bizi xəstəxanaya çatdıranlara, sağlamlığım üçün var gücü ilə çalışan tibb kollektivinə minnətdaram”. AXCP yetkilisinin bu gün reanimasiyadan palataya köçürülməsi gözlənilir.

Natiq