RƏM-lə bağlı anlaşılmazlıq Moskva-Vaşinqton gərginliyini artırıb
ABŞ-ın Avropada yerləşdirmək istədiyi Raket Əleyhinə Müdafiə Sistemləriylə (RƏM) bağlı Vaşinqtonla Moskva arasında yaranmış gərginlik davam edir. Aparılan müzakirələrdə tərəflərin kompromisə gəlməməsi onsuz da gərgin olan ABŞ-Rusiya münasibətlərini daha da kəskinləşdirib. Bir-birini ittiham edən tərəflər ara-sıra hədələyici bəyanatlar da səsləndirirlər. Bir müddət öncə nəyin bahasına olursa olsun RƏM-in Avropada yerləşdirilməsinə nail olacaqlarını bəyan edən ABŞ bu dəfə Rusiyanın daha sərt hədəsi ilə üzləşib.
Qərb ölkələrinə xüsusən də ABŞ-a münasibətdə sərt mövqeyi ilə tanınan Rusiya prezidenti Vladimir Putin Vaşinqtona hədələyici xəbərdarlıq ünvanlayıb. O, ölkəsinin ABŞ-ın Avropada RƏM yerləşdirməsinə adekvat reaksiya vermək üçün bütün imkanları olduğunu növbəti dəfə bəyan edib. Putin bununla yanaşı bildirib ki, Moskva amerikalı müttəfiqlərin işi cavab reaksiyasına gətirib çıxarmamasına üstünlük verir.
Putin Krasnodarda 393-cü aviabazanın hərbçiləri ilə görüşündə bəyan edib ki, Amerika nümayəndələri hansı terminlərlə əməliyyat həyata keçirirlərsə-keçirsinlər, Avropa Raket Əleyhinə Müdafiə Sisteminin elementləri silahlanma yarışının elementləridir. O, Rusiya üçün yarana biləcək təhlükələrə adekvat reaksiyalar sırasında dövlət müdafiə sifarişinin yerinə yetirilməsini göstərib: “Biz tam dəqiqliklə, vaxtında, lazımi keyfiyyətlə və münasib qiymətlərlə dövlət müdafiə sifarişlərini yerinə yetirməliyik – bunu etsək, bizim üçün elə bir təhlükə olmayacaq”.
Xatırladaq ki, daha əvvəl də Vladimir Putin Fransa prezidenti Fransua Ollandla görüşündə Avropada Raket Əleyhinə Müdafiə Sisteminin yerləşdirməsinə dair Rusiyanın mövqeyini bir daha təkrar etmiş, amerikalı və avropalı müttəfiqləri dialoqa çağırmışdı.