Belçikanın La Louvier şəhərində şəhər meriyası və bələdiyyəsinin təşkilatçılığı ilə böyük sərgi təşkil olunub. Sərgidə Belçikada fəaliyyət göstərən 150-ə yaxın milli icma, həmçinin müxtəlif şirkətlər təmsil olunub. Sərgiyə Azərbaycan diasporundan Dayaq Cəmiyyəti dəvət olunub. Dayaq Cəmiyyəti tədbirdə stend quraraq Azərbaycanın mətbəxindən nümunələri, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən bukletləri, informasiya büllütenlərini tədbir iştirakçılarına təqdim edib.
Sərgiyə Belçikanın müxtəlif siyasi partiya təmsilçiləri, şəhər meri, bələdiyyə rəhbəri və başqa önəmli şəxslər qatılıb.
La Louvier şəhər meri Jake Guert, Belçika Federal Parlamentinin üzvü Olga Zrihen Azərbaycan stendinə yaxınlaşıb, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti və mətbəxi ilə tanış olublar.
Qonaqlar sırasında Belçikada hazırda iqtidarda olan Sosialistlər Partiyasından La Louvier şəhər bələdiyyəsinə namizəd, türk əsilli Elif Özmen də olub. O, Azərbaycanı çox sevdiyini bildirib və seçkilərdə qələbə qazanacağı təqdirdə Belçikada yaşayan azərbaycanlılara hərtərəfli dəstək verəcəyini bildirib.
Tədbir çərçivəsində “Sarı gəlin” mahnısının sədaları altında Azərbaycanın milli rəqsi də nümayiş etdirilib.






