Hakimiyyətin bu qəzeti çökdürməsinə imkan verməyin; Qəzetə abunə yazılın
Azərbaycan hakimiyyəti ölkədə informasiya blokadasını yaran müstəqil qəzetlərə qarşı basqıları davam etdirir. Bu sırada xüsusilə “Azadlıq” qəzetini qeyd etmək olar. Hakimiyyət ölkədə baş verənləri tam çılpaqlığı ilə oxuculara çatdıran bu qəzeti çökdürmək üçün ən ağlagəlməz üsullardan istifadə edir. Qəzet əməkdaşlarının döyülməsi, həbsi, şantaj edilməsi sınaqdan çıxarıldıqdan sonra maliyyə basqılarına start verilib.
“Eurovison” ərəfəsində şəhərin mərkəzi hissələrində “Azadlıq”ın satışına qoyulan qadağa, mahnı müsabiqəsindən sonra başqa formada davam etdirilir. Məsələn, “Qasid” firması paytaxta 40-a yaxın köşk gətirib. Lakin bu köşklərdə “Azadlıq”ın satışına faktiki olaraq qadağa qoyulub. Bundan əlavə firma qəzetə olan borcunu ödəməkdən yayınır. Ona görə də “Azadlıq” firmaya qəzet verməyi dayandırıb. Digər tərəfdən qəzetlərin əl yayımına da müxtəlif maneələr yaradılır. Müstəqil yayım firması olan “Qaya”nın son bir ayda xeyli köşkü götürülüb ki, bu da müstəqil qəzetlərin satışına problem yaradılması məqsədilə edilib. “Azadlıq”la bağlı hər hansı siyasi qərarın yerli və dünya ictimaiyyəti tərəfindən təpkilə qarşılanacağının fərqində olan hakimiyyət qəzeti susdurmaq üçün həm də “cərimə əməliyyatı”na başlayıb. Bakı metropolitenin rəisi Tağı Əhmədovun qəzeti 30 min manat, deputat Novruzəli Aslanovun isə əməkdaşımız Ramin Dekonu 3 min manat cərimələməsi bu qəbildəndir. Bütün bun təzyiqlərə baxmayaraq “Azadlıq”ın fədakar kollektivi ölkə həqiqətlərini oxuculara çatdırmaqda davam edir. Lakin biz indiki vəziyyətdə oxucularımızın fədakarlığına və sədaqətinə ehtiyac duyuruq. Yaradıcı kollektivləri bu vəziyyətdən yalnız qəzetə abunə yazılmaq kampaniyasının başladılıb genişləndirilməsi çıxara bilər. Əks təqdirdə ölkədəki və dünyadakı gerçəkləri yazan qəzetlərin fəaliyyətinin dayanması təhlükəsi ciddidir.
Əvvəlki vaxtlarla müqayisədə indi qəzetlərə abunə yazılmaq xeyli asandır. Oxucu qəzetə bir illik, 3 aylıq (hətta 1 aylıq) da abunə yazıla bilər. Bu halda qəzet hər səhər sübh tezdən onun evinə təqdim ediləcək. Abunənin pulunu aylıq qəzetlər çatdırıldıqdan sonra ödəmək mümkündür.
Əziz oxucularımız, siz “Azadlıq”ı internet səhifəsindən oxumaqla yanaşı çap variantından da oxuya bilərsiniz. Onsuz da bir müddətdən sonra “Azadlıq.info” saytında dərc olunan maraqlı materiallarla “Azadlıq”da çap olunan yazılar yüzə-yüz üst-üstə düşməyəcək. Bir çox materiallar saytda olmayacaq. Bu üzdən çap mediasının, klassik qəzet formasının yaşaması və hər gün əziyyət çəkmədən evinizdə və iş yerinizdə qəzet oxumaq üçün sizi qəzetimizə abunə yazılmağa dəvət edirik. Abunə yazılmaq üçün aşağıdakı telefonlarla (465 67 13, 564 48 96, 564 63 45) “Qaya” mətbuat yayımı firmasına müraciət edə bilərsiniz. Aylıq abunə haqqı 10 manat civarındadır.