Hakimiyyətdə kimlərdir? Naxçıvanlılar, yoxsa… (III yazı)

Tam məsuliyyətlə, altını cızaraq yazıram, Azərbaycanda ən acınacaqlı durum naxçıvanlılara nəsib olub. O naxçıvanlılara ki, həmyerliləri Azərbaycanda ən yüksək vəzifələri tutur. Və onlar bu köçün gerçək səbəblərini bilsələr də müdaxilə etmək iqtidarında deyillər. Nəyə görə?
2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat siyasi partiyalar blokunun vahid namizədi kimi iştirak etdim. Namizədliyimin qeydə alındığı 2 saylı Şərur Seçki Dairəsinin əhatə etdiyi məntəqələrin bir neçəsi yüksək vəzifəli naxçıvanlıların doğulduğu kəndlər idi. Məsələn, Qarxun Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin, Tənənəm PA şöbə müdiri Əli Həsənovun, Aralıq Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun, Sərxanlı Müdafiə nazirliyi Naxçıvan korpusunun komandiri, general Kərəm Mustafayevin, Tumaslı Naxçıvan MR Daxili Işlər naziri, general Əhməd Əhmədovun, Danyeri seçkilərdə rəqibim olan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik Isa Həbibbəylinin kəndi idi. Daha bir neçə yüksək vəzifəlinin dünyaya göz açdığı kəndlər də dairənin tərkibinə daxil idi və onların hamısını bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Həm də məqsədim 2010-cu ilin iyrənc parlament seçkiləri haqqında danışmaq deyil.
Adlarını sadaladığım kəndlərin hər birində seçicilərlə görüşüm olub və o kəndlərdəki yaraşıqlı inzibati binaları-icra nümayəndəliyini, xəstəxananı, məktəbi, poçt binasını, uşaq baxçasını, kənd mərkəzlərindəki səliqəli parkları və yüksək vəzifə sahiblərinə məxsus, Naxçıvan coğrafiyasında  möhtəşəm sayılan evləri gözlərimlə görmüşəm. Naxçıvana bələd olmayanlar üçün sadalanlar müsbət assosiasiya yaradır və ilk təəssürat belə olur ki, naxçıvanlılar gerçəkdən yaxşı yaşayırlar. Təəssüf ki, “yaxşı yaşamaq” inzibati binaların, parkların və vəzifəli şəxslərin evlərinin yaraşığı ilə ölçülmür. Çünki o inzibati binalardan, parklardan, villalardan 10-15 kənarda, palçıq kərpicdən hörülmüş hasarların o tayında yerdə qalan naxçıvanlılar yaşayır və o yerdə qalan naxçıvanlılar dolanışıq naminə evlərinin qapısını qıfıllayıb Bakıya və Türkiyə şəhərlərinə üz tuturlar.
Parodoksa diqqət edin, deyirlər ki, vilayəti cənnətə çeviriblər. Əcəba, naxçıvanlılara nə olub ki, cənnəti tərk edib, doğma ev-eşikdən kənarda yaşamağa üstünlük verirlər?
Hər dəfə prezident Ilham Əliyev Naxçıvana səfər edəndə nə qədər təzə obyektin açılış lentini kəsir. Yenə sual doğur, Vilayətdə bu qədər iş yeri açılıbsa, camaat nədən iş üçün Bakıya, Istanbula, Ərdahana, Iqdıra və digər məkanlara üz tutur?
Naxçıvanda təzə obyektlərin, iş yerlərinin açılmasını danmaq olmaz. Ancaq açılan bu iş yerləri vilayətin iş qabiliyyətli əhalisinin neçə faizinin tələbatını ödəyir? Bax, bu barədə düşünmək gərəkdir. O köçün qarşısını almaq üçün Muxtar Respublikada elmi cəhətdən hesablanmış iş yerlərinin açılmasına ehtiyac var və min təəssüflər ki, indiki iqtidar gələcəkdə Naxçıvan üçün ağır fəsadlar verəcək köçün qarşısını almaq üçüm ciddi addımlar atmaq fikrində deyil. Kimsə deyə bilər ki, Azərbaycanın bütün yaşayış məntəqələrində vətəndaşlar dolanışıq üçün doğma yurd-yuvasını tərk edir. Razılaşıram. Ancaq altını cızaraq yazıram, Azərbaycanın heç bir rayonunda, heç bir kəndində insanlar naxçıvanlılar kimi kütləvi köçə məruz qalmır. Bunu isbatlamağa əsla ehtiyac yoxdur, tanıdığınız bir naxçıvanlıdan köç barədə xəbər alın və eşitdikləriniz mütləq sizi təəccübləndirəcək. Inad edən olsa, xəbər yollasın, son on ildə naxçıvanlıların məskən saldığı Binə və Ramana qəsəbələrinə birlikdə baş çəkək. Söz verirəm.
Bu gün Azərbaycanda bir milyona qədər soydaşımız doğma ocağını tərk etməyə məcbur olub. Səbəb hər kəsə bəllidir.
Naxçıvanlıların didərgin düşməsinin baisi kimdir? Təbii ki, mövcud iqtidar. Iqtidar istəsəydi, mühüm strateji və siyasi əhəmiyyəti olan bir vilayətdə işsizliyin qarşısını ala bilərdi.
Və yenə bir sual ortaya çıxır. Hakimiyyət naxçıvanlıların əlindədirsə, nədən o vəzifə sahibləri hökumət, parlament qarşısında vilayətin problemlərini qaldırmır? Nədən Bakıda, Azərbaycanın rayonlarında saysız-hesabsız obyekt yiyələri olan naxçıvanlı vəzifəlilər və iş adamları Muxtar Respublikada istehsal müəssisələri və digər obyektlər açmırlar ki, yerli əhali işlə təmin olunsun?
Cavablar çox sadədir. Birinci, o vəzifə sahibləri üçün naxçıvanlıların necə yaşamasının, köç etməsinin heç bir önəmi yoxdur. Önəmli olan ailənin, qohum-qardaşın, tayfa üzvlərinin firavan yaşamasıdır. Ikinci, hər hansı vəzifəli və ya oliqarx vilayətdə bir iş görmək istəsə də belə buna nail ola bilməz. Ən yaxşı halda naxçıvanlı vəzifəlilər, biznesmenlər doğulduğu evi villaya çevirə bilər. Başqa işlər üçün investisiya qoymağa risk etməzlər. Çünki vilayət bir nəfərə – Vasif Talıbova məxsusdur və onun iradəsinin ziddinə heç bir vəzifəli çıxa bilməz. Və o bir nəfər də Bakıda Ağ evin sahibinə ən sadiq adamdır.
Ona görə də rejimi idarə edənlər nəyin bahasına olursa-olsun, vilayəti başqa əllərə etibar etməz. Çünki hakimiyyətin saxlanmasında Naxçıvan faktorunun önəmini çox yaxşı bilirlər.
Bütün bunlar barədə düşünün və vilayətdə cərəyan edən anormallıqlara rəsmi Bakının biganə qalmasının səbəblərini götür-qoy edin. Və hakimiyyətdə kimlərdir, sualına regionçuluq hisslərini bir kənara atmaqla, məntiqə söykənərək cavab axtarın.
Hakimiyyətdə kimlərdir? Naxçıvanlılar, yoxsa… Növbəti yazını gözləməli olacaqsınız.