Südabə Sərvi: «Mirşahin başqa vaxt deyir, azad söz belə gəldi, haqq-ədalət belə getdi, hanı bəs?»
“Nə vəd etsələr də, bir daha ora qayıtmaram”. Bunu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, ANS Şirkətlər Qrupuna məxsus “El” jurnalının keçmiş şef-redaktoru Südabə Sərvi “Azadlıq”a açıqlamasında deyib. Xatırladaq ki, Südabə Sərvi AYB əleyhinə verdiyi müsahibəsindən sonra vəzifəsindən çıxarılmışdı. Lakin qurumun sədri Anar Rzayevin xahişi ilə ANS-in prezidenti Vahid Mustafayev onu işinə bərpa etmişdi. Indi məlum olur ki, S.Sərvi “El” jurnalındakı vəzifəsindən yenidən uzaqlaşdırılıb.
S.Sərvi işdən uzaqlaşdırılmasını AYB sədri ilə yox, Mirşahinin prinsipi ilə əlaqələndirir: “Iki il əvvəl ora gələndə jurnalın reytinqi çox aşağı idi. Vahid müəllim və Mirşahin məni qəbul edərək dedilər ki, nə edirsiniz-edin jurnalın reytinqini qaldırın. Mən də bir yazıçı və jurnalist kimi tamamilə yeni bir üslubda jurnalı buraxmağa başladım. Və jurnalın tirajı çox artdı. Yazıçılar Birliyinin qalmaqallı mənzil siyahısında mənim adım olmadığına görə müsahibə verdim. Heç ağlıma da gəlməzdi ki, bu müsahibəyə görə işimi itirəcəm. Mən bir yazıçı kimi öz hüquqlarımı tələb edirdim. 17 ildir ki, üç uşağımla kirayədə qalıram. Bunu, Yazıçılar Birliyinin rəhbərliyi də gözəl bilir. Öz haqqımı tələb etməməli idim? Mənə çox təəccüblü gəldi ki, ”El” jurnalının baş direktoru Vahid Mustafayev olduğu halda, nəyə görə məni işdən “Hesabat” jurnalının baş direktoru olan Mirşahin Ağayev uzaqlaşdırdı? Çağırdı və dedi ki, siz prosedur qaydalarını pozmusunuz. Dedi, Anar müəllim ANS-in ən çətin vaxtlarında bura imza atanlardan biri olub, ona görə işdən azad olunursuz. Sonrakı hadisələr göstərdi ki, Anar müəllim söhbəti bir bəhanədir. Əgər o Anar müəllimə hörmət qoysaydı, heç Iradə Isaqın verilişində yazıçıların davasını efirə verməzdi. Ikincisi, Anar müəllim zəng edib dedi ki, xanımı işinə qaytar. Hörmət qoyan idisə, bunu nəzərə alardı. Özü zəng elədi ki, işə qayıdırsınız, iki gün sonra da dedi ki, işdən azad olunursunuz. Birinci dəfə işdən çıxarılmağımda Anar müəllim faktoru ola bilər. Amma sonrakı proseslər göstərdi ki, heç bu da deyil. Səbəb yalnız Mirşahinin prinsip aparmasıdır. Yəni “mən dediyimi edirəm”. Başqa səbəb görmürəm. Mirşahin başqa vaxt deyir, azad söz belə gəldi, haqq-ədalət belə getdi. Hanı bəs? Ziyalı bir qadını kefi istəyəndə işə götürən, kefi istəyəndə də işdən çıxaran adam hansı ədalətdən dəm vurur?”.
S.Sərvi artıq ona bir neçə yerdən iş təklifinin gəldiyini, lakin hələ depressiyadan çıxmadığı üçün konkret qərar vermədiyini deyir: “Bir qurumda mətbuat xidmətinin rəhbəri vəzifəsi təklif olunub. Amma hələ razılıq verməmişəm. Çünki depressiyadan çıxa bilməmişəm. Biri var məni işimdə olan nöqsana görə işdən çıxartsınlar, biri də var ki, müsahibə verib öz hüququmu tələb etdiyim üçün”.
AYB sədri Anar Rzayev “Yeni Müsavat”a açıqlamasında deyib ki, S.Sərvinin məsələsi ilə bağlı həm V.Mustafayev, həm də M.Ağayevlə danışıb: “Mən onlara dedim ki, barəmdə dediyi sözlərə görə kiminsə işdən çıxarılmasını istəmirəm. Onlar da hər ikisi söz verdilər ki, jurnalisti işə bərpa edəcəklər. Amma sonradan Südabə Sərvi mənə zəng vurub bildirdi ki, onu ümumiyyətlə, işə bərpa etməyiblər. Hər ikisindən xahiş etməyimə baxmayaraq, jurnalisti işə bərpa etməyiblərsə, deməli, sözümü yerə salıblar. Yenidən zəng etməyə və ya nəyisə aydınlaşdırmağa nə ehtiyac var?”.


