Komitə yalnız bir ölkə ilə ticarət dövriyyəsində 1 milyard dolları gizlədib
Türkiyə ötən il ölkəmizə 2.2 milyard dollarlıq mal ixrac etdiyini, gömrük komitəsi isə Azərbaycana 1.2 milyard dollarlıq mal idxal olunduğunu bəyan edir
Birinci dəfə deyil ki, Azərbaycanın Gömrük Komitəsinin elan etdiyi rəsmi statistik rəqəmlərlə ölkəmizin əlaqədə olduğu dövlətlərin statistik rəqəmləri arasında böyük fərq yaranır. Məsələn, Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən sonuncu məlumata əsasən, 2011-ci ilin 10 ayının yekunlarına görə, Azərbaycandan Türkiyəyə 399 milyon dollarlıq mal ixrac edilib, idxal isə 990 milyonu ötüb.
Türkiyə Statatistika Qurumunun məlumatında isə rəqəmlər daha iridir. Onlara görə, 2011-ci il ərzində Türkiyənin Azərbaycana ixracı 33.2 faiz artaraq 2.2 milyard olub. 2010-cu ildə Azərbaycana ixracat Türkiyənin toplam ixracatının 1.4 faizini təşkil edibsə, 2011-ci ildə bu rəqəm 1.5 faizə yüksəlib.
Maraqlıdır ki, Azərbaycanın elan etdiyi rəqəm ilə Türkiyənin elan etdiyi rəsmi göstəricilər arasında 1 milyard dollar fərq var. Azərbaycanın Türkiyədən idxalını 990 milyon manat göstərməsinə baxmayaraq (təxminən 1 milyard 250 milyon dollar) Türkiyə Azərbaycana ixracını 2.2 milyard qeyd edib. Nəticədə ortada təxminən 1 milyard dollar fərq yaranır. Düzdür, Azərbaycan tərəfi statistik rəqəmlərdə 2011-ci il üçün 10 ayın göstəricilərini qeyd edib. Türkiyə tərəfi isə 2011-ci il üçün tam ilin ixracatını vurğulayıb. Amma bununla belə hər halda 1 milyard vəsaitin 2 aya Azərbaycana idxal edilməsi qeyri-mümkündür. Onu da nəzərə almaq lazımdır ki, orta hesabla Türkiyənin Azərbaycana ixracatı hər ay üçün 180 milyon təşkil edib. Iki aya isə bu göstərici yalnız 360 milyon ola bilər.
Qeyd edək ki, Azərbaycanın 50-dən artıq ölkə ilə ticarət əlaqəsi var. Nəzərə alsaq ki, bir ölkə ilə ticarət dövriyyəsində 1 milyard dollar gizlədilib, o zaman gömrükdə korrupsiyanın hansı miqyasda olduğunu təsəvvür etmək olar.
Iqtisadçı ekspert Qubad Ibadoğlu bildirdi ki, statistik rəqəmlər arasında bu cür fərqin yaranması təəccüblü deyil. 2008-ci ildə Türkiyə 1.6 milyard dollar Azərbaycana mal ixrac etdiyini bəyan etsə də, Azərbaycan tərəfi idxalında bu göstəricini 800 milyon dollar göstəribmiş. Ekspertin fikrincə, belə bir ciddi fərqlərin yaranmasının ən böyük səbəbi ondan ibarətdir ki, ölkəyə gətirilən bəzi mallar Azərbaycan gömrüyündə qeydiyyata alınmır. Yəni o mallar həm vergidən, hə də digər ödəmələrdən yayındırılır: “Gömrükdə yayınmaya məruz qalan mallar siyasi dairələrlə əlaqələri olan şirkətlərindir. Türkiyə gömrüyündə mallar qeydiyata düşsə də, Azərbaycanda bu baş vermir. Eyni zamanda bəzi sahibkarların malları gömrükdən yayındırılır ki, burada da məqsəd qeyri-rəsmi ödəmələrin həcmini çoxaltmaqdır”.
Q.Ibadoğlu vurğuladı ki, bəzi şirkətlərin xətti ilə Azərbaycana gətirilən məhsullar, ümumiyyətlə, qeydiyyata götürülmür. Bundan başqa, fiziki şəxslərin ölkəyə gətirdiyi və dəyəri min dollardan aşağı mallar Türkiyədə qeydiyyata alınsa da, Azərbaycanda bu baş vermir.
Hikmət