Gənclərin Hüquqlarını Müdafiə Komitəsi orduda baş verən əsgər ölümlərinə etiraz olaraq iyunun 16-da “Fəvvarələr” meydanında aksiya təşkil edib.
Gənclərin aksiyası saat 18:00-a təyin olunub, lakin polisin və mülkü geyimlilərin müdaxiləsi üzündən yarım saat gec başlayıb.
Gənclər 2011-ci ildən bəri dünyasını dəyişən əsgərlərin adları yazılan lövhəni “MacDonalds”ın yaxınlığında, insanların gur olduğu ərazidə yerləşdiriblər. Az keçmiş polis və mülkü geyimlilər lövhənin üzərinə vurulan vinili cırıblar.
Daha sonra əllərində qərənfil tutan gənclər bir araya gəlib dövlət himnini oxuyublar və Sabir bağına tərəf hərəkət ediblər. Lakin bu dəfə də polislər onların qarşısını zorakılıqla kəsiblər. Gənclər polis zorakılığı qarşısında əllərindəki qərənfilləri havaya atıblar. Gənclər aksiyanı baş tutmuş hesab edirlər.
GHMK-ə AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, ADP Gənclər Təşkilatı, Azad Gənclik Təşkilatı, Müsbət Dəyişikliklər, VHP Gənclər Təşkilatı daxildir.
Şəkillər: musavat.com