“Fövqəlnazir” sabiq deputatları aldadıb

Onlar hələ də mənzillərini ala bilmir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sabiq deputatların mənzil problemini hələ də həll etməyib. Oxucuların diqqətinə çatdıraq ki, 2004-cü ildə deputatlar  üçün yaşayış binasının tikintisinə başlanmışdı. Lakin sonradan tikinti yarımçıq qaldı. Buna səbəb Nazirlər Kabinetinin qərarı ilə binanın tikildiyi ərazinin Fövqəladə Hallar Nazirliyinə verilməsi olmuşdu. O zaman mənzil növbəsinə dayanan deputatlar buna etiraz etsələr də, nəticəsi olmamışdı. Kəmaləddin Heydərov deputatlar üçün ayrılan ərazini əldən verməmişdi.
Sonradan Nazirlər Kabineti deputatlar üçün nəzərdə tutulan binanı tikən “KAD LTD” şirkətinə “Xətai” metrostansiyası yaxınlığında sahə ayırsa da, şirkət hansısa səbəbdən binanı inşa etmir. Mənzil növbəsində olan sabiq deputatlardan Əliməmməd Nuriyev “Şərq” qəzetinə açıqlamasında bildirib ki, Nazirlər Kabineti hətta şirkətə kompensasiya ödəyib. Bundan əlavə mənzillərin hər kvadrat metri üçün 1000 manat hesablanıb. Hətta yeni ayrılmış sahə əvvəlkindən artıq olub. “Biz o mənzillərin tikintisi üçün vəsait ödəmişdik. Nazirlər Kabineti də bunu nəzərə alaraq tikinti şirkətinə kompensasiya ödədi. Bundan bizim bir narazılığımız yoxdu, çünki vəsait artıqlaması ilə ödənilib. Amma tikinti şirkəti hansı səbəblərdən tikintini başa çatdırmır, bunu bilmirik. Təxminən 10 deputat hələ də yeni mənzil gözləyir. Ehtiyacımız olmasaydı, ev növbəsinə dayanmazdıq, pul da ödəməzdik. 8 ildir gözümüz yoldadı. Işlərin axırı necə olacaq, nə vaxt bu bina tikiləcək, bilinmir”, – deyə sabiq deputat bildirib.
Əldə etdiyimiz məlumatlara görə, mənzil növbəsinə dayanan deputatlardan bəziləri evlə təmin olunub. Bəziləri isə bu məsələdə Kəmaləddin Heydərovun adı keçdiyinə görə səsini çıxarmağa ehtiyat edir. Bu baxımdan vaxtaşırı mənzil məsələsini Əliməmməd Nuriyev qabartmalı olur. Məlumatlarda o da deyilir ki, şirkətin binanın tikintisini yubatması səbəbsiz deyil. O zaman bu məsələ böyüməsin deyə, metronun “Xətai” stansiyasının yaxınlığında şirkətə sahə ayrılıb. Bu addım sadəcə qalmaqalı gündəmdən çıxarmaq üçün düşünülüb. Yəni, deputatlar aldadılıb. Bu addımın arxasında isə Kəmaləddin Heydərovun dayandığı deyilir.

Hikmət