Dünya yeni böhran ərəfəsində

Qərb maliyyəçiləri qlobal maliyyə krizisinin yaxınlaşdığını bildirir

Yunanıstanın ardınca Ispaniyada da maliyyə böhranının olma ehimalının artması dünya bazarlarında, eləcə də bank sektorunda ciddi narahatlığa səbəb olub. Dünyanın tanınmış maliyyəçiləri yeni böhranın başlanacağına sayılı günlər qaldığını bildirib.
“Qızıl hiyləgər” ləqəbiylə tanınan, “Hunt Brothers” kompaniyasının keçmiş məsləhətçisi Cim Sinklerin sözlərinə görə, yeni maliyyə böhranı uzaqda deyil, əksinə çox yaxındır. Sinkler digər məşhur maliyyəçi Corc Sorosun “avroyla bağlı yaranmış problemin aradan qaldırılmasına 3 həftə qalıb” açıqlamasının əsassız olduğunu deyib. “Qızıl hiyləgər” Sorosun açıqlamasına “avroyla bağlı problemin həlli üçün 3 həftə bəs edərdi. Təbii ki, bu mümkün olsaydı”- deyə cavab verib. Sinkler deyib ki, dünya maliyyə böhranı iyunun 17-də, yəni Yunanıstanda yeni parlament seçkilərinin keçiriləcəyi gün başlanacaq. Yunanıstandakı seçkilərldə avronun taleyiylə bağlı qərar müəyyənləşəcək.