«Azadlıq» «Tülpan İlham»ın kim olduğunu tapdı
“Yeni Müsavat” qəzeti dünya şöhrətli müğənnilər Cennifer Lopez və Rihannanın Bakıya gəlməsi ilə bağlı məlumat yayıb. Qəzetin yazdığına görə, ötən şənbə gecəsi Bakıya gecə saatlarında təyyarə ilə enən müğənnilərin kimin dəvəti ilə gəlməsi isə sual altında idi. Məşhur müğənnilərin iştirak etdiyi toydakı qonaqlardan biri “Yeni Müsavat”a açıqlamasında bu barədə detallı bilgilərini bölüşüb. Qəzet yazır:
“Mənbəmiz öncə onu bildirdi ki, toyda Cennifer Lopez və Rihanna ilə yanaşı, Beyons də iştirak edib. Hər üç müğənninin toyda iştirakına toplam olaraq 6 milyon dollar vəsait xərclənib. Toyun sahibi isə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, böyük iş adamı ”Tülpan Ilham” ləqəbli şəxsdir. Təəssüf ki, onun soyadını dəqiqləşdirə bilmədik. Amma onun uzun illər Rusiyaya Avropadan və başqa ölkələrdən güllər gətirməsi və uzun müddət bu bizneslə məşğul olması barədə məlumatlar var. “Tülpan Ilham” hazırda tikinti biznesi ilə məşğuldur. Şənbə günü baş tutan toy isə məşhur iş adamının oğlunun xeyir işi olub”.
Dünən Rusiyadakı mənbələrdən “Tülpan Ilham”ın kim olduğunu öyrənə bildik.
Hadıyev Ilham Rafiq oğlu həqiqətən də Sankt-Peterburq şəhərində yaşayır və bu şəhərin, habelə Rusiyanın hakim dairələri ilə çox yaxındır. Hadıyev “Sapsan” Məhdud Məsuliyyətli Cəmiyyətin prezidentdir. “Sapsan”ın ofisi Peterburqun B. Konyuşennaya küçəsi 2, ünvanında yerləşir.
Adıçəkilən şirkət əsasən topdan satışla məşğuldur. “Sapsan” keramik və mozaik şüşə məmulatlarının, daşınmaz əmlakın, gül və digər dekorativ bitkilərin topdansatışını təşkil edir. Şirkətin Rusiyanın bir çox iri şəhərlərində filialları var. Məsələn, Saratovda “Oazis”, Moskvada “Lavetra”, “Texnoflora”, “Palitra”, “AQROSEMPOSTAVKA” firmaları, habelə Rusiyanı digər şəhərlərində fəaliyyət göstərən “Frend ənd frend”, “Tayflora”, “Euroflora”, “Andina”, “Meqadep”, “Magiya svetov” və bunlar kimi onlarla gül topdan satışı firmalar da Hadiyevindir.
Hadiyev əslən Bakıdandır. Onun Rusiyadakı biznesinin çiçəklənməsində öz bacarığından başqa Isgəndər Xəlilovun da rolu olub. Elə “Buta” kimi qapalı və elitar yerdə toy eləməsinə kömək göstərənlərdən biri də hörmətli Xəlilov olub.
Hadiyev elə iş adamlarındandır ki, ümumiyyətlə siyasətlə-filan maraqlanmır. Bakıya isə əsasən yay aylarında gəlir.
Informasiya şöbəsi