Avro-2012: Polşa və Rusiya çempionatı tərk etdi

Nöbəti mərhələyə adlayan ilk komandalar – Çex Respublikası və Yunanıstan

İyunun 16-da futbol üzrə Avropa Çempionatının qrup mərhələsində sonuncu turun oyunları başlayıb. A qrupunda Rusiya-Yunanıstan və Çex Respublikası-Polşa qarşılaşmaları ilə matçlar başa çatıb.
Eyni vaxtda keçirilən oyunlarda Yunanıstan birinci hissəyə artırılmış dəqiqələrdə (45+2) komandanın kapitanı Karagounisin vurduğu yeganə qolla Rusiyanı məğlub edib.
Çex Respublikası-Polşa qarşılaşmasında da bir qol qeydə alınıb. Çexlər 73-ci dəqiqədə Piter Jiracekin vurduğu qolla Polşa yığmasını çempionatdan çıxarıb.
Beləliklə, A qrupundan çempionatın ¼ finalına Çex Respublikası və Yunanıstan adlayıb. Çexlər 6 xalla qrupun lideri olub. Yunanıstan isə Rusiya ilə eyni – 4 xal toplasa da, bu komandalar arasındakı oyunda qalib gəldiyi üçün qrupun ikincisi kimi növbəti mərhələyə keçib.