Yenicə həbsdən çıxan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iyunun 16-da ABŞ səfirliyində olub. O.Gülalıyevin “Azadlıq” radiosuna verdiyi məlumata görə, görüş qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Səfirliyin siyasi məsələlər üzrə müşaviri həbs müddətində O.Gülalıyevin üzləşdiyi problemlərlə maraqlanıb:
«Aprelin 8, 9 və 17-də Sabirabad rayon Polis Şöbəsində mənə qarşı fiziki zorakılıq, insan ləyaqətini alçaldan rəftar və saxlanma şəraiti barədə onları məlumatlandırdım. Eyni zamanda onlara bildirdim ki, mənim sizə danışdıqlarım həbs olunduğum ötən 2 ay yarım ərzində üzləşdiyim qanunsuz, repressiv hərəkətlərin bir hissəsidir. İctimaiyyətə açıqlamadığım bir sıra məqamlar var ki, mən bu məsələləri Daxili İşlər naziri Ramil Usubovun diqqətinə çatdırıb həllini istəyəcəyəm. Çünki mənə qarşı bu addımların böyük bir hissəsi nazirin tabeliyində olan şəxslər tərəfindən və onun adından həyata keçirilib».


