Ali Məhkəmədə ötən gün AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin qanunsuz olaraq işdən çıxarılmasıyla bağlı kassasiya şikayətimə baxılıb. Bu barədə “Azadlıq”a məlumatı T.Mirələmli verib.
Onun sözlərinə görə, vəkili Fəxrəddin Mehdiyev işin hüquqi aspektləri ilə bağlı, özü isə faktiki hallarla bağlı əsaslandırılmış çıxış edib: “Çıxışdan sonra hakim Bağır Əsədov bircə sual verdi ”sənə nə olmuşdu, niyə bülletendə idin?”. Halbuki iş materiallarında da, bugünkü məhkəmə iclasında da bir neçə dəfə bu sualın cavabı səslənib. Görünür, hakimlər nə iş materiallarını oxuyur, nə də məhkəmədəki çıxışlara qulaq asırlar. Ya da məndən “2 apreldə xəsarət almışdım” cavabını almaqla “biz kimik, məhkəmə onun məhkəməsidir” mesajını çatdırmaq istəyirdi.
Elə belə də oldu, kasasiya şikayəti təmin olunmadı”. T.Mirələmli deyir ki, onun işdən çıxarılmasında sifarişçi Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənovdur: “Işdən çıxarılmağımın, rayondan didərgin salınmağımın əsas sifarişçilərindən biri də Kərəm Həsənovdur. Onun sədri olduğu komitə ilə Ali Məhkəmənin binası məsafəcə bir-birinə çox yaxındır. Bu, təsadüf ola bilər, ancaq sifariş yox”.
Ramin DEKO