istanbul

Türkiyə Azərbaycanın şansı kimi…

istanbul20 ili aşan ikitərəfli münasibətlərə qısa baxış

Heç nəyimiz olmasa belə, təkcə Türkiyə kimi qonşuya görə Azərbaycanı “şanslı dövlət” adlandırmaq olar. Dünyada çox az dövlətə milli, dini, mental xüsusiyyətinə görə bizdəki kimi qonşu nəsib olur. “Qonşu qonşu olsa, bağ çəpəri neyləyər…” deyilir bir el məsəlində. Bizim Türkiyə kimi qüdətli qonşu sarıdan bəxtimiz gətirsə də, yaxın tarixin siyasi şərtləri bu dövlətlə aramızda dəmir hasarlar ucaltmışdı. Türkiyə, türk məfhumları de-fakto qadağan mövzular kimi xalqdan gizlədilir, unutdurulurdu.

Sərhədləri əvvəlcə filmlər aşdı

Şəxsi xatirələrimi vərəqləsəm, “Türkiyə” anlayışının beynimə 1989-cu ildə düşdüyünü dəqiqliklə xatırlaya bilərəm. O zaman kəndlərə bizim üçün matah olan videofilmlər gətirilmişdi və biz uşaqlar böyüklərlə klubun iri səhnəsinə qoyulan televiziyada Ibrahim Tatlısəsin “Yorğun” filmini izləyirdik. Hələ də qulağımda cingildəyən sözlər budur: “aaa, bunlar da bizim kimi danışır ki…” Bu, o vaxtlar idi ki, geniş ictimaiyyət hələ təzə-təzə milli kimliyini dərk edir, Türkiyə adlı dost və qardaşının olduğunu bilirdi. Biz hələ lap sonralar Azərbaycanın müstəqilliyi üçün 1918-ci ildə Bakıda, Türkiyənin istiqlalı üçün Çanaqqalada şəhid olan əsgərlərdən xəbərsizdik.

Dost dar gündə tanınar…

Nəhayət, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin ayın 29-da dünya dövlətlərinə müstəqilliyin tanınması üçün edilən çağırışa ilk olaraq 9 noyabrda Türkiyə cavab verdi. O çağın baş naziri Məsud Yılmaz müstəqilliyimizin tanınması barədə sənədə imza atdı və beləliklə, iki dövlət arasında rəsmi münasibətlərin təməli qoyuldu.

Çətin aşırım…

Ikitərəfli münasibətlərin 20 illiyini tamamladığı bu müddətdə Türkiyə və Azərbaycan arasında münasibətlər xeyli gəlişdi. Bu inkişaf tam arzuolunan səviyyədədirmi? Birmənalı şəkildə buna “hə” deməyə, hətta hər iki ölkənin rəhbərliyi, ictimai-siyasi fəalları da tərəddüd edir. Türkiyə və Azərbaycan arasında nə qədər birləşdirici xətlər olsa da, münasibətlərin inkişafında yollar heç də hamar olmayıb. Iki dövlət arasında hələ də birtərəfli viza rejiminin qalması, PKK ilə bağlı Azərbaycan tərəfinin sənədləşmiş mövqeyinin ləngiməsi, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması kimi məsələlər zaman-zaman gərginlik nöqtəsi ola bilib. Bu kontekstdə ən gərgin anlar heç şübhəsiz ki, 2008-ci ildə “bayraq krizisi” ilə təxminən 2 ilə yaxın yaşandı və bu, hər iki dövlətin cəmiyyətində sarsıntı yaratdı. Rəsmilərin iddiasına görə isə, bu gərginlik keçmişdə qalıb, Azərbaycan və Türkiyə arasında münasibətlər əvvəlki məcrasına dönüb və inkişafdadır. Buna ən inandırıcı dəlil kimi, 2010-cu ildə iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulmasına dair qərar göstərilir.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının fikrincə “bayraq krizisi” münasibətlərin qardaşlıq ruhuna zidd idi və strateji münasibətlərə xələl gətirirdi: “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması qərarı verildikdən və ardınca da təxminən 2 illik ”xoşagəlməz mənzərə”dən sonra müsbət atmosferə daxil olduq”.

natiq

Türkiyə: dönər və Əmrah!

Iki dövlət arasında yaranan gərginlik fürsətcillər üçün yaxşı bəhanə ola bilir və tez-tez dövri mətbutda, ictimai diskussiyalarda “Türkiyə bizə dönər və Küçük Əmrahdan başqa nə verib ki?” kimi populist fikirlərin fırlanmasını şərtləndirir. Bütün populist fikirlər kimi, qeyd etdiyim bu fikir də ilk baxışda cəlbedicidir, heç bir kövrək tənqidə belə, tab gətirə bilmir. Azacıq rəqəmlərdən və siyasətdən anlayışlı olmaq yetər ki, Türkiyənin önəmini başa düşəsən. Və təkcə bunu yox, Türkiyənin özü üçün Azərbaycanın necə vazkeçilməz, qiymətli qonşu olduğunu…

Unudulanlar

Əvvəla, qeyd olunmalıdır ki, Azərbaycanın qlobal əhəmiyyət daşıyan regional layihələrinin hamısı Türkiyənin iştirakı ilə mümkünləşib. Söhbət Trans-Anadolu qaz kəməri ilə bağlı razılaşmadan, Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tblisi-Qars kimi layihələrdən gedir. Əminəm ki, “Türkiyə bizə dönərdən başqa nəsə vermədi” deyənlər hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi hesabatlarında ən yüksək balla ali məktəblərə daxil olan tələbələrin mütləq əksəriyyətinin Azərbaycandakı türk litseylərinin məzunu olduğunu unudurlar.

Bu rəqəmlərə diqqət!

Aşağıdakı rəqəmlər isə daha ciddidir. Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən sonuncu məlumata əsasən, 2011-ci ilin 10 ayının yekunlarına görə, Azərbaycandan Türkiyəyə 399 milyon dollarlıq mal ixrac edilib, idxal isə 990 milyonu ötüb (http://www. customs.gov.az/addons/ statistics/index.php?stat_ ln=az&stat_country=T%D0%93%D1%9ARK%D0%94%C2%B0Y%D0%96%D0%8F).
Türkiyə  Statatistika Qurumunun məlumatında isə rəqəmlər daha iridir. Onlara görə, 2011-ci il ərzində Türkiyənin Azərbaycana ixracı 33.2 faiz artaraq 2 milyardı keçib. 2010-cu ildə Azərbaycana ixracat Türkiyənin toplam ixracatının 1.4 faizini təşkil edibsə, 2011-ci ildə bu rəqəm 1.5 faizə yüksəlib.

Türk şirkətlərinin başqalarından fərqi

Vergilər Nazirliyinin 2012-ci ilin fevralına olan məlumatına görə, ötən il vergi orqanlarında 1742 Türkiyə kapitallı müəssisə qeydiyyata alınıb. Yalnız 2011-ci il ərzində 230-a qədər yeni Türkiyə sərmayəli müəssisələr fəaliyyətə başlayıb. Azərbaycanın sosial-iqtisadi inkişafında əvəzsiz rolu olan ölkədəki türk şirkətlərinin ölkənin neft və qeyri-neft sektoruna qoyduğu investisiyanın ümumi həcmi 6 milyarddan çoxdur. Bunun yarısı qeyri-neft sektorunun payına düşür.
Türk sahibkarlar Azərbaycanda 50 min adamı iş yeri ilə təmin edib. Azərbaycan Türkiyə Iş adamları Birliyinin Idarə Heyətinin üzvü Rəşad Rəsullu deyir ki, Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinin digər şirkətlərdən əsas fərqi iqtisadiyyatın demək olar ki, bütün sahələrinə sirayət etməsidir: “Türk şirkətlərinin inşaat, xidmət, kənd təsərrüfatı, qida sektoru, bank və sığorta sahəsi, tekstil və yüngül sənayedə mövqeləri kifayət qədər güclüdür. Son zamanlar yerli Azərbaycan şirkətləri idarəetməyə türkiyəli menecerləri geniş şəkildə cəlb etməkdədirlər ki, bu da iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələrin inkişafına müsbət töhfəsini verir”.

Azərbaycanlı biznesmenlər Türkiyədə

Türkiyə Iqtisadiyyat Nazirliyinin məlumatına əsaslanıb demək olar ki, azərbaycanlı biznesmenlərin də qardaş ölkədə fəaliyyəti müsbətdir. Ötən il Türkiyədə aktiv fəaliyyət göstərən şirkətlərin sayı 1044-ə çatıb. Onların 711-i (68 faizi) Istanbulda, 67-i (6.5 faizi) Ankarada, 30-u (3) Izmirdə, 4-ü isə Trabzonda fəaliyyət göstərir. Son illər Azərbaycan kapitallı firmalar Türkiyə iqtisadiyyatına 4.5 milyard dollar investisiya qoyub. Təkcə ötən il Türkiyədə toplam Azərbaycan sərmayəli 190 şirkət qeydiyyatdan keçib. Bu il Türkiyə hökumətinin qərarı ilə baş ofisi Istanbul şəhərində yerləşən Azərbaycanlı Iş Adamları Birliyinin qeydə alınması da böyük ümidlər doğurub. Hələlik 16 iri şirkəti özündən birləşdirən birliyin rəhbəri Seymur Ağayev bildirib ki, yeni kadrların hazırlanması və Türkiyə bazarına maraq göstərən azərbaycanlı investorların, həmçinin artıq Türkiyədə fəaliyyətdə olan azərbaycanlı iş adamlarının  dəstəklənməsi üçün onlar biznes sahəsinə uyğun məsləhət xidməti barədə iş aparırlar və bunu faydalı sayırlar.

Enerji əməkdaşlığı

Enerji əməkdaşlığında da iki dövlət arasında önəmli qərarlar qəbul edilib. Ötən il Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişi imzalanıb. Bu saziş iki dövlət arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərir. Bu anlaşmaya görə, Türkiyəyə 10 milyon kubmetr mavi qaz veriləcək. 2011-ci ilin 25 oktyabrında hər iki ölkə rəhbərliyinin iştirakı ilə Izmirdə Azərbaycan Dövlət Neft Şirkətinin sərmayəsilə tikiləcək yeni neft-kimya kompleksinin təməlinin qoyulması ikitərəfli əlaqələrdə yeni mərhələnin simvolu sayıla bilər. “Star Rafinerisi” adlanan kompleksi “Socar-Turcas” birgə müəssisəsi müştərək şəkildə inşa edir. Bu layihəyə qoyulacaq sərmayə 5.5 milyard dollardır. 2015-ci ildə kompleksin ilk qurğuları işə düşəcək və burada ildə 1 milyon 600 min ton neft istehsal edəcək, bu da “Petkim” şirkətinin bu məhsula olan tələbatını tam ödəyəcək.

Nəqliyyat sektoru

Türkiyə və Azərbaycan arasında nəqliyyat sektoru ilə bağlı da böyük gözləntilər var. Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin məlumatına əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi Azərbaycanla olan ticarət dövriyyəsinin 10 milyard dollara yüksəlməsi üçün imkanlar açacaq. Tikintinin 2013-cü ildə başa çatması planlaşdırılır. Xəttin istifadəyə verilməsindən sonra elə həmin il 1.2 milyon sərnişin və 3.5 milyon ton yük daşınacaq. 2034-cü ildə isə bu dəmir yoluyla 7.8 milyon sərnişin və 21.5 milyon ton yük daşınması proqnozlaşdırılır. Bildirirlər ki, Bakı Tblisi-Qars xətti, Mərmərə və tikintisi davam edən sürət qatarı layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələ bilər.

Yekun

Nə qədər iqtisadi göstəriciləri qabartsaq da, Türkiyə- Azərbaycan əlaqələrini başqa ölkələr arasındakı münasibətlərlə müqayisə etmək mümkün deyil. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçın ifadə etdiyi kimi, iki dövlət arasındakı əməkdaşlıq klassik mənfəət əlaqələrindən kənar, xüsusi bir mahiyyətə malikdir. Bu dövlətlərin rəhbərliyi arasında baş verə biləcək mümkün risklərin heç biri iki qardaş xalq arasında ixtilaf doğurmaq gücündə deyil.

Natiq Güləhmədoğlu

Məqalə “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqəyə təqdim olunur