15iyun-forum-korrup

“Əliyev Azərbaycanı ofşor zonaya çevirir”

15iyun-forum-korrupHakimiyyətin korrupsiya planları müzakirə olundu; Xədicə İsmayıl birbaşa ölkə başçısını hədəf aldı

“Korrupsiya sisteminin başında duran prezidentin özüdür”

Dünən Müsavatın Gənclər Təşkilatının təşəbbüsü ilə partiyanın ofisində geniş forum təşkil olundu. Forumun məqsədi son günlər bəzi qanunlara edilən dəyişikliklərin ölkədə qeyri-şəffaflığın, korrupsiyanın və mütəşəkkil cinayətkarlağın inkişafına necə xidmət göstərdiyinə, eyni zamanda Azərbaycana hansı zərbələri vurduğuna aydınlıq gətirmək idi.

“Yaxşı padşahın nağılı mifi dağıldı”

İlk çıxışçı “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl jurnalistlərin azad fəaliyyəti üçün yaradılan maneələrdən danışdı: “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişikliklərlə cəmiyyət bir mifin dağılmasının şahidi oldu. Bu, yaxşı padşahın nağılı mifi idi. Cəmiyyətə birinci şəxs yaxşıdır, ətrafındakılar pisdir mifini yeridirdilər. Son araşdırmalar göstərdi ki, ölkədə korrupsiya sisteminin başında duran İlham Əliyevin ətrafındakı məmurlar yox, onun özüdür. Və bundan yararlanan da məmurlardan çox, onun ailə üzvləridir. Artıq bir çox bizneslərin arxasındakı simalar, adlar dəyişir və orada prezidentin ailə üzvlərinin adları ortaya çıxmağa başlayır. Bu ondan xəbər verir ki, ölkədə “prezidentin iradəsindən kənarda korrupsiya sistemi mövcuddur” fikri mif idi. Araşdırmalar sübut edir ki, korrupsiya sistemindən birbaşa qazanc güdən prezident və ailəsidir. Bu, İlham Əliyevin komandası ilə də bağlı vəziyyəti ortaya qoydu. Əgər bir adam ətrafında adında biznes rəsmiləşdirəcək qədər etibarlı adam tarmırsa, bu o deməkdir ki, onun ətrafında etibarlı komandası yoxdur. Araşdırmalarımı oxuyan xarici jurnalistlər mənə sual verirlər ki, axı dünyada bunun başqa yolları var. Bu bizneslərini başqa adamların və ya hansısa hüquq firmalarının adına rəsmiləşdirmək və o adların arxasında gizlənmək olar. Hecə olur ki, sizin prezidentiniz bunu etməyib və bu biznesləri birbaşa ailə üzvlərinin adına rəsmiləşdirib.

“Korrupsiya matryoşkası” üsulundan istifadə edirlər”

Bunun səbəbi odur ki, ətraflarında etibarlı adamlar yoxdur və pullarını heç kimə etibar edə bilmirlər. İkincisi də, dünyadakı yeni sistemlərdən kifayət qədər məlumatları yoxdur. Adam korrupsioner, oğru olanda da ağıllısından ola bilər. Ən azından buna savadları və dünyagörüşləri çatmayıb. Amma tənqidlərdən nəticə çıxarırlar. Artıq “korrupsiya matryoşkası” üsulundan istifadə etməyə çalışırlar. Gizlətməyə cəhd edirlər, yeni vasitələrə əl atırlar. Amma bir şeyi unudurlar ki, mütəşəkkil cinayətkarlıq qlobal müstəvidə inkişaf etdikcə ona qarşı mübarizə metodları da inkişaf edir. Biz də bunları aşkara çıxarmağın yollarını tapırıq. Bir neçə ay əvvəl Hüsnü Mübarəkin yaxın adamlarının biznesini araşdırırdıq. Onlar elə bilirdilər ki, heç kim bunu tapmayacaq. Çünki Misir xalqının canı-qanı hesabına qazanılmış pullar geniş bir coğrafiyada fəaliyyət göstərən yaxşı düşünülmüş şəbəkə vasitəsilə gizlədilirdi. İsveçrədə hüquq firmaları, ofşor zonalarda şirkətlər və s. Bir neçə ölkəni – Rumınya, Türkiyə, İspaniya və Panamanı əhatə edirdi. Bütün bunların üstünü açmaq mümkün oldu. Mübarəkin Hüseyn adlı yaxın silahdaşı var idi. Külli miqdarda dövlət vəsaitini süni şəkildə ucuzlaşdırılmış neft müqavilələri ilə ələ keçirmişdi. Bunu Hüsnü Mübarək üçün edirdi. Və bu işində azərbaycanlı və türk biznesmenlərindən də istifadə etmişdi. Şərəf duyuram ki, həmin araşdırmaçı qrupun bir üzvü idim. Bu o şəbəkə idi ki, onun üstünü heç interpol aça bilmirdi. Cidanı çuvalda gizlətmək olmur. Gizlətməyi çox istədilər. Çalışdılar ki, insanlar savadlı olmasın və çətin suallar verməsin, QHT-lərə qarşı müxtəlif məhdudiyyətlər qoymağa çalışdılar, beynəlxalq qurumları, səfirlikləri təhdid etdilər ki, bu təşkilatlarla işləməsinlər. Bununla belə, bu araşdırmaların qarşısını ala bilmədilər. Çünki indiki internet əsrində dünya kiçilib, qloballaşıb. Ölkə sərhədlərinə dəmir pərdələr asmadıqca insanların fərdi təşəbbüslərinin və inkişaflarının qarşısını ala bilməyəcəklər. Hətta ölkəni sistemli şəkildə savadsızlaşdırma və mütiləşdirmə cəhdlərinə baxmayaraq. Jurnalist araşdırmaları bu cəhdlərə çox gözəl cavabdır. İndi çalışırlar ki, gizlənmək üçün yeni üsullardan istifadə etsinlər, amma artıq çox gecdi, çoxlu izlər buraxıblar”.

“Bu, mütəşəkkil cinayətkarlığı ört-basdır etməyə hesablanıb”

X.İsmayıl bununla belə hökumətin şəffaflıqdan qaçmaq üçün səylərini davam etdirdiyini və məlum qanunlara dəyişikliklərin edilməsini də bunun tərkib hissəsi olduğunu deyir: “Əslində bu, mütəşəkkil cinayətkarlığı ört-basdır etməyə hesablanan qanundur. Bunu dünyada da belə qəbul edirlər. Beynəlxalq aləmin kəskin tənqidlərindən, jurnalist araşdırmalarının mütəşəkkil cinayətkar şəbəkələrin bir ucunun Panamaya gedib çıxdığını aşkar edəndən sonra bu ölkə qərar qəbul etdi. Siyasi iradə ortaya qoydu ki, Panama daha mütəşəkkil cinayətkarlığı dəstəkləməyəcək. Panama ofşor zona idi və narkotik alverinin, pul yuyulmasının, insan alveri və silah alveri şəbəkələrinin bir ucu ora gedib çıxırdı.
İndi Panamanın dövlət reyestrində kimin nəyə sahib olduğunu bilmək mümkündür. Artıq Panama özünün çirkili imicini dağıdır, bunun əvəzində Azərbaycan cinayətkar ofşor zonaya çevrilir. Azərbaycan prezidentinin ailəsinin və oliqarxlarının da biznesinin bir ucu Panamaya gedib çıxırdı.
Onlar bizneslərini 2005-ci ildə orada yerləşdirəndə Panama hələ mütəşəkkil cinayətkarlıq üçün cənnət sayılırdı. Orada açıq-aşkar öz adlarına şirkətlər yaratdılar və onların vasitəsilə Azərbaycana gəlib biznesləri ələ keçirməyə çalışdılar”.

İran-Azərbaycan əlaqələri ilə bağlı şok ehtimallar

X.İsmayıl onu da bildirdi ki, böyük neft pulları azalandan sonra Azərbaycan hökuməti alternativ qazanc mənbələrinə üstünlük verəcək: “Ölkədə sabitliyi qorumaq, öz piarlarını qurmaq, müvəqqəti iş yerləri yaratmaq və ümumi daxili məhsulun süni səviyyəsini saxlamaq üçün çoxlu xərcləmələrə ehtiyac yaranacaq. Eyni zamanda QHT-ləri susdurmaq üçün onlara pul paylamaq lazımdır, qəzetləri, xarici diplomatları ələ almaq lazımdır. Bütün bunlar pul tələb edir. Heft pulları azaldığı üçün də məcbur qalıb qeyri-qanuni yolla gəlir əldə etməyə üstünlük verəcəklər. Bu üsul mütəşəkkil cinayətkarlıq olacaq – silah alveri, narkotik alveri, qaçaqmal. Artıq ehtimallar var ki, İrandan pulların yuyulmasında, İranın beynəlxalq sanksiyalardan yayınmasında Azərbaycan hökumətinin yardımı var. İki ölkə arasındakı üzdə olan gərginliyə aldanmaq lazım deyil. Mümkündür ki, Azərbaycan dövlət səviyyəsində mütəşəkkil cinayətlərə girişsin. Bir ölkə qanunvericiliyini mütəşəkkil cinayətkarlığın xeyrinə dəyişirsə, bu, artıq o ehtimalların xeyrinə olan sübutdur. Amma bir sevindirici hal var ki, dünya bu məsələdə bizim yanımızdadır və bu dəstək qısamüddətli olmayacaq”.

“Təsisçilərin gizlədilməsi korrupsiyanın gizlədilməsinə xidmət edir”

İqtisadçı Azər Mehtiyev də çıxışında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilən dəyişikliklərdən danışdı: “Hüquqi şəxslərin təsisçilərinin gizli saxlanılması çox ciddi məsələdir. Bu informasiyaya əlçatanlığa mane olur. Ən çox da korrupsiya və cinayət əməllərinin gizlədilməsinə xidmət edir. İnsanlar biznes fəaliyyətinə qoşularkən kiminlə əməkdaşlıq etdiyini bilməlidir. Müəssisə haqqında məlumat onun təsisçilərinin kimliyi ilə bağlıdır. Təsisçilərin gizlədilməsi faktiki olaraq ölkədə bazar iqtisadiyyatına son qoymaqdır. Bizə məluat verdilər ki, Dünya Bankının bu dəyişikliklər barədə hələ yanvar ayından xəbəri olub. Dünya Bankının özünün hazırda Azərbaycan hökuməti ilə həyata keçirdiyi ölkə tərəfdaşlıq strategiyasın birbaşa antikorrupsiya strategiyası hesab olunur. Korrupsiya əleyhinə mübarizə tədbirləri aparılan bir ölkədə təsisçilərin gizlədilməsi  korrupsiyanın gizlədilməsinə xidmət edən addımdır. Hökumət ABŞ prezidentinin ortaya atdığı açıq hökumət tərəfdaşlığına qoşulmaq niyyətini bəyan edir. Amma bu biri tərəfdən də şəffaflıqdan sürətlə qaçır”.

“Niyə bu qanun birdən-birə ortaya çıxdı?”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dünyada ofşor aləmə qarşı prosesə start verildiyini deyir: “Son açıqlamalar hökuməti, xüsusən İlham Əliyevi kifayət qədər narahat edir. Onlara da siqnal gəlir ki, bunları yığışdırmaq lazımdır. Siyasət daha çox ona yönəlir ki, vəsaitlər ölkəyə qayıtsın və ölkə iqtisadiyyatına qoyulsun. Bunun müsbət tərəfi odur ki, yerli bazarda daha çox vəsait olacaq. Və qeyri-neft sektoruna daha çox sərmayə qoyulacaq. Gözlənilir ki, 2020-ci ildə neft 23 milyon ton azalacaq. Bu, kifayət qədər böyük zərbədir. Mütəxəssislərin dediyinə görə qaz gəlirləri onu əvəz edə bilməyəcək. Bunlar bunu başa düşür. Niyə bu qanun birdən-birə ortaya çıxdı? Çünki zəmin yaradılır ki, vəsaitlər başlayacaq burada yerləşdirilməyə. Hesab edirəm ki, yaxın vaxtlarda bazara xeyli vəsait gələcək. Əlbəttə ki, bu korrupsiyanın, monopoliyanın artmasına gətirib çıxaracaq. Azad iqtisadiyyatın inkişaf sürəti azalacaq və daha çox idarəolunan iqtisadiyyat olacaq”.

“Azərbaycanda vahid cinayətkar şəbəkə var”

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirdi ki, hakimiyyət əslində çətin durumdadır, çabalayır və buna görə də məntiqsiz addımlar atır: “İlk mərhələlərdə-1990-cı illərin ortalarında xarici vətəndaşlar tapırdılar, onların adına şirkət qururdular. Sonrakı mərhələlərdə şəriklik dövrü başladı. Artıq 1990-cı illərin ikinci yarısından Azərbaycana xarici investisiya adı ilə gələn pulların bir çoxu əslində xalqdan oğurlanan pullar idi. Xarici şirkətlər qurub onların vasitəsilə geri gətirirlər. İndiki mərhələdə isə bunlar özləri təfəkkürdə olan insanları yığıblar başlarına və artıq bir-birilərinə etibar edə bilmirlər. Azərbaycanda artıq dövlət sektorundakı mütəşəkkil cinayətkarlıqla özəl sektordakı mütəşəkkil cinayətkarlıq birləşib. Vahid bir cinayətkar şəbəkədir. Ona görə də onların indiki cəhdləri ziddiyyətlidir və məntiqsizdir. Qanunlara məntiqsiz, mürtəce dəyişikliklər, əlavələr edilməsinin perspektivini görmürəm. Çünki dünyadakı vəziyyət fərqlidir, dünyadakı tendensiya şəffaflığa, korrupsiyanın aradan qaldırılmasına doğru gedir. Bir neçə il əvvəl hətta İsveçrə banklarını məcbur elədilər çirkli pullar daxil olanda bank sirrini gizlətmək iddiasında olmasın. Pulların çirkli olması ehtimalları varsa, İsveçrə bankları da sirləri açmaq məcburiyyətində qaldı. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin qanunlara o cür əlavələr etməsi çox absurddur. Xaricdə qurulan şirkətlər beynəlxalq normalara uyğun cavab da verməlidirlər və onların beynəlxalq məhkəmə perspektivi də olmalıdır. Yəni hər şeyi Azərbaycan qanunlarına mürtəce əlavələr etməklə həll eləmək mümkün deyil”.

Gültəkin