Bakıdan Almaniyaya hazırlanan səfər, Ermənistandan zəng və Türkiyəli nazirin adından istifadə
Aydın Taş,
“Azadlıq” qəzetinin Türkiyə təmsilçisi
Bildiyim qədər, “Azərbaycan saatı” proqramı Azərbaycan üçün nə qədər zəruridirsə, o qədər də sürpriz olmuşdur. Bu proqramı başlamaq xüsusunda Qənimət Zahidin məndən başqa kimsə ilə məsləhətləşsiyi də mənə məlum deyil. Yalnız bir istisnadan başqa. Qənimət Zahidin dediyinə görə, proqramı başlamaq üçün Türkiyəyə gəlməzdən əvvəl Bakıdakı Türk səfirliyinə gedərək orada bu söhbəti etmişdir: “Mən Türk kanallarından birində Azərbaycana ünvanlanan obyektiv bir TV proqramına başlamaq niyyətindəyəm. Əgər bu, Türkiyə qayda və qanunlarına ziddirsə mənə deyin. Əgər Türkiyənin elan etdiyi müasir demokratiya prinsiplərinə və buna uyğun olaraq da Türkiyə dövlətinin mənafelərinə zidd deyilsə, o halda orada mənə mane olmamağı xahiş edirəm “.
Türkiyə səfirliyində Qənimət Zahidə bildiriblər ki, Türkiyə demokratiya və söz azadlığının olduğu bir ölkədir, belə bir proqram bölgənin və dünyanın əzəmətli dövlətlərindən olan Türkiyənin mənafelərinə heç bir zərər gətirə bilməz və Türkiyədə kimsə belə bir proqramın nümayişinə yasaq qoymaz.
Və “Azərbaycan saatı” nı hazırlayaraq yayına verdik.
“Türklük və insanlıq mübarizəsinin bir parçası”
Mayın 22-dən başlayaraq “Azərbaycan saatı” iki həftədən bir qədər artıq efirdə olmadı. Bu, gözlənilmədən baş verdi. Əslində, biz belə bir problem yaşamamalı idik. Həm də ona görə yaşamamalı idik ki, Almaniyadan yayılan “Kanal Avropa”nın sahibi Əli Paşa Akbaş adlı adamı bizə təqdim edənlər onu “dürüst”, “təmiz”, “mərd” bir adam kimi tərif etmişdilər. Əli Paşa ilə söhbətimizdə də o bu verilişin hansı missiya ilə yaradıldığını öyrənmiş, bu missiyaya böyük hörmət və sevgı duyduğunu, “Azərbaycan insanının tapdalanan haqq və hüquqlarının onun üçün türklük və insanlıq mübarizəsinin bir parçası” olduğunu söyləmişdi.
Aprelin əvvəllərində kanalın təmsilçiləri ilə müqavilə imzalayaraq dərhal “Azərbaycan saatı” adlı proqramın yayımına başladıq.
Azərbaycanlı nazir Almaniyaya hansı missiya ilə getmək istəyirmiş?
Heç bir problem görünmürdü. Bir neçə veriliş yayımlanandan sonra Əli Paşa Almaniyadan Ankaraya gəldi. Geniş bir söhbət etdik. O bizə eşitdirdi ki, Bakıdan onun yanına adamlar gəlib, komitə sədri Nazim İbrahimovun onunla görüşmək istədiyini bildiriblər. “Mən onlara dedim ki, əgər cənab nazir bu proqrama çıxıb danışmaq istəyirsə, proqramı hazırlayan heyətdən xahiş edərm, ondan müsahibə alsınlar. Amma əgər hörmətli nazir proqrama son verməyimi istəyirsə, bu, mümkün deyil, çünki bu, müqəddəs bir davadır və bunun kənarında də aramızda razılaşma var. Mən həmin razılaşmaya xəyanət edə bilmərəm…”. Əli Paşanın bu sözləri bizə təkcə qarantiya vermirdi, həm də bizi mütəəssir edirdi ki, Türkiyədə də Azərbaycan xalqının insan haqları və azadlıqları uğrunda mübarizəsini dərk edən, bunu öz həyatının mənası sayan bu cür insanlar var.
Bütün dünyadan gələn sual
Əli Paşa ilə bu söhbətdən sonra biz ən azı bir ay yayıma davam etdik. Nə kanal, nə də biz tərəfdən hər hansı bir problem, anlaşılmazlıq oldu. Bu sabit və anlaşıqlı vəziyyət mayın 22-nə qədər davam etdi. Mayın 22-də Türkiyə vaxtı ilə saat 19.00-a, Almaniya vaxtı ilə saat 18.00-a, Bakı vaxtı ilə saat 21,00 – a, yeni verilişin efirə verilməsi anına qədər də hər hansı bir problem olmamışdı. Veriliş, bir qayda olaraq, saat 21.05-də efirə gedirdi, çünki bu 5 deqiqe kanalın reklam zamanı olurdu. Saat 21.08-də Azərbaycandan ilk zəng oldu: “Niyə” Azərbaycan saatı “efirdə yoxdur? Proqram niyə yayınlanmır?”. Bundan sonra zəngin ardı-arası kəsilmədi. Bəlkə də, dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrindən, hətta uzaq Amerikadan və Yaponiyadan belə zənglər gəlməyə başladı. Hamı eyni şeyi soruşurdu: “Nə baş verib?”.
Kim? Haradan?
Amma nə baş verdiyini biz də bilmirdik. Buna görə də ilk işimiz, təbii ki, kanalın sahbini aramaq və ondan soruşmaq oldu: “Nə baş verib?”. Əli Paşa Akbaş çox böyük həyəcan və xofla izah etməyə başladı ki, ona təzyiq olub. Hətta kanalın bağlanması ilə hədələyiblər. Amma kim?
Birinci yanlış ittiham Almaniyaya ünvanlandı
Əli Paşa Akbaşın dediyinə görə, təhdidlər Almaniyadandır. Kanalı qeydiyyata alan rəsmi qurumdan. Dərhal öyrendik ki, Almaniyada “Kanal Avropa”nı qeydə alan dövlət qurumu Dusseldorf şəhərindəki LFM-dir. (Landesamt für Medien NRW). Yeni, bizim Teleradio Şurası kimi rəsmi bir qurum.
Həm özümüz, həm də Avropadan bir sıra media təşkilatlarının vasitəsilə vəziyyəti aydınlaşdırmağa başladıq. Öyrənmək istəyirdik ki, Almaniyanın bu rəsmi qurumu bizim hansı hərəkətimizdən qəzəblənib ki, Əli Paşa bəyi bu qədər ciddi şəkildə təhdid edib.
Məlum oldu ki, Əli Paşa bəy Akbaş ağappaq yalan danışırmış. LFM-in spikeri cenab Petr Vildoq rəsmi olaraq bəyan etdi ki, onlar “Kanal Avropa”da nümayiş olunan hər hansı bir proqrama görə heç bir şikayət, irad, qeyd almayıblar, xüsusilə də “Azərbaycan saatı” verilişinə görə. Buna görə də bu təşkilat tərəfindən sözü gedən TV kanalına nəinki təhdid, hətta hər hansı irad, narazılıq belə bildirilməyib.
İkinci səhv ittiham
Bu yerdə dalağımız sancdı, təbii ki. Əli Paşa bəy yalan söyləmişdi və bu yalanın arxasnca daha başqa yalanlar gələcəkdi. Biz də çox səbr və təmkinlə bu yalanların haraya qədər davam edə biləcəyini araşdırmağa, incələməyə başladıq. Akbaş bizim Avropada baş verə biləcək bu cür məsələləri dəqiqləşdirmə imkanlarımızın operativ olduğunu görüb başqa bir coğrafiyaya keçdi.
Əli Paşa Akbaşın növbəti yalan ünvanı nə az, nə azacıq, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Əhməd Davudoğlu oldu. O, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidlə telefon danışığında səsinə ən həyəcanlı və ən qorxaq qeydlər əlavə edərək “Birbaşa hörmətli nazirin adından təhdid aldım! Məni yox edərlər, abi”, dedi.
Amma çox tezliklə bunu da araşdıraraq sonuna gəldik.
“Əhməd Davudoğlu” bəhanəsi
Əslində Türkiyə xarici işlər naziri hörmətli Əhməd Davudoğlunun bu bircə saatlıq televiziya proqramına görə kimisə arayıb təhdid edəcəyinə əvvəlcədən heç bir inam ola bilməzdi. Türkiyə böyük bir regionun demokratikləşməsi prosesində çox əhəmiyyətli və mərkəzi rol oynayan bir dövlətdir. Bu hökumətin istər baş naziri, istərsə də xarici işlər naziri davamlı olaraq avtoritar sistemlərin sonunun çatdığı, regiona və dünyaya demokratiyanın bir an öncə gəlməsinin labüd olduğunu vurğulayan əhəmiyyətli bəyanatlar verirlər. Nəinki bəyanatlar verirlər, hətta Türkiyə bu prosesin aparıcı dövlətlərindən biridir. İndi bu dövlətin xarici işlər naziri tam söz azadlığı prinsiplərine uyğun, kimsəni alçaltmayan, yalnız faktlar və gerçəklər əsasında efirə çıxan bir proqrama qarşı heç bir iddia irəli sürməz. Bu onun fəaliyyət prinsipinə tam olaraq ziddir. Amma hər halda, cənab Akbaş belə buyurursa, deməli bunu da araşdırmaq gərəkdir. Araşdırdıq. Məlum oldu ki, hörmətli Əhməd Davudoğlu heç kimə heç bir zaman belə bir göstəriş verməmiş, xəyalından belə keçirməmişdir. (Bəlkə, hətta onun bele bir TV proqramı olduğundan xəbəri belə olmamışdır, çünki Türkiyədə 300-ə qədər telekanal var və onların nə vaxt, hansı proqramı efirə verdiyi xarici işlər nazirinin hökmən bilməli olduğu bir məsələ deyil).
Xarici İşlər Nazirliyinin kifayət qədər yüksək rütbəli məmuru bizə rəsmi olaraq bildirib ki, hörmətli Əhməd Davudoğlunun heç zaman belə bir qayğısı olmayıb və kimsəyə də bu barədə heç bir göstəriş verməyib. Nazirliyin səlahiyyətli əməkdaşı bizi əmin etdi ki, bu, birbaşa hörmətli Davudoğlunun özündən alınan dəqiq məlumatdır.
Beləliklə, nazir versiyası da öz işinin dalınca getdi. Əli Paşa, nəhayət, həqiqəti deməyə məcbur oldu.
Kanalın sahibinə Ermənistandan zəng gəlib!
Həqiqət bundan ibarət idi: Əli Paşa Akbaşa Ermənistandan zəng edilib! Bəli, bəli, çaşmayın. Ermənistandan!
Həmin günlərdə Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının konfransı keçirilirdi. Yığıncağa Türkiyəli və Azərbaycanlı millət vəkilləri də qatılıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Türkiyə nümayəndə heyətinin başqanı hörmətli İsmayıl Safi Ermənistandan birbaşa Almaniyaya, əvvəldən tanış olduğu həmyerlisi Əli Paşa Akbaşa (Akbaş trabzonlu, Safi rizəlidir) zəng edərək “Azərbaycan saatı” nı durdurmağı təkid edir.
İsmayıl Safinin Əli Paşa Akbaşı necə təhdid edə biləcəyini biz təsəvvür etmirik. Ola bilərmi ki, millət vəkili kanal sahibi ilə hörmətli Əhməd Davudoğlunun adı ilə danışsın? Ola da bilər, olmaya da bilər. Amma hər halda Əli Paşa Akbaş bu versiyada iddialıdır ki, ona xarici işlər nazirinin adı ilə zəng edilib. Az əvvəl xarici işlər nazirinin bu hadisədən xəbəri olmadığını və nə üçün də ola bilməyəcəyini qeyd etdik.
Hər halda, xəbərin doğruluğunu təsbit etmək üçün İsmayıl Safi ilə görüşməyə qərar verdik və görüşdük. Hörmətli millət vəkili israrla bildirdi ki, bu proqramda onun adı keçib. Guya biz proqramda elan etmişik ki, “Azərbaycan saatı”na millət vəkili İsmayıl Safi dəstək verir, o da bu xəbərdən əsəbiləşərək kanal sahibinə belə bir göstəriş verib.
Saf və dürüstmü?
Təbii ki, bu, heç baş verməmiş bir hadisə idi. Biz heç zaman İsmayıl Safi adlı millət vəkilinin, hər hans başqa millət vəkilinin və ya dövlət məmurunun bizimlə isti əlaqələrinin olduğu barədə heç bir eyham belə etməmişik. Çünki belə bir əlaqə, ümumiyyətlə, yoxdur. Biz buna ehtiyac da hiss etməmişik. Türkiyə demokratik bir dövlətdir və burada bir saatlıq proqram yaymaq üçün dövlət aparatının və ya Məclisin hər hansı himayəsinə də ehtiyac yoxdur. Burada dəqiq əməl edilən mətbuat haqqında qanun var və biz də həmin qanunu heç bir hərfinə xəta törətmədən öz işimizlə məşğuluq.
Əli Paşa Akbaş bizimlə bütün söhbətlərində İsmayıl Safinin onunla şəxsən Əhməd Davudoğlunun adından danışdığını iddia edirdi.
Elə İsmayıl Safi də Akbaşın iddialarını təkzib etmədi və hörmətli Davudoğlunun adından danışdığı iddiasını belə cavablandırdı: “Ad çəkmək istəmirəm, hər halda, yuxarılardandır”. Amma hər halda, bizim Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığımızı, belə bir tapşırığın olmadığını onun diqqətinə qətiyyətlə çatdırdığımızı görüb öz versiyasının üzərində dayandı …
“Mənim pulumu versinlər …”
Əli Paşa Akbaş da Ankaraya gəldi. Burada olduğu bir neçə gün ərzində iki dəfə hörmətli İsmayıl Safi ilə görüşdü. İkinci görüşdə Azərbaycandan olan bəzi dövlət məmurlarının da iştirak etdiyinə dair məlumatlarımız var. Bu görüşlərdə hansı söhbətlərin olduğu, kimlərin kimlərə hansı stimul və ya başqa kateqoriyalı dəstək verdiyini deyə bilmərik. Sadəcə olaraq, ötəri bir eyham olmasaydı…
Əli Paşa Akbaş müqavilə şərtlərindən irəli gələn bəzi maddi öhdəliklərin daşıyıcısıdır. Əvvəl o bizə “Mənim pulumu versinlər, həmin pulu əldə edən kimi sizinlə hesablaşacam”, dedi. Burada hansı pulun verilməli olduğunu biz bilmirik.
“Əlinizdən gələni edin …”
Amma bir neçə gün keçdikdən sonra cənab Əli Paşa Akbaş “Əlinizdən nə gəlir, edin, mən sizə heç nə borclu deyiləm”, deməyə başladı.
Əlbəttə, proqramın yayımı dayandıqdan sonra (“Kanal Avropa”da) bizə dəxli yoxdur Əli Paşa Akbaşın kimlərlə hansı pul söhbətləri olub. Bizə onun da dəxli yoxdur ki, Əli Paşa Akbaşa pul sözü verənlər kimlərdir. Biz, sadəcə olaraq, bizə çatmalı olan haqqımızı tələb edirik.
Bu haqqı almaqda isə israrlıyıq.
Bu, azərbaycanlıların halal haqqıdır
“Azərbaycan saatı” proqramı Azərbaycanda efir məkanına buraxılması rəsmi və qanunsuz olaraq qadağan edilən adamların və xəbərlərin çıxışı üçün yaradılan bir TV proqramıdır. Biz dəfələrlə vurğulamışıq ki, əgər Azərbaycan TV-lərindən hər hansı biri qısa müddətdə populyarlaşaraq böyük tamaşaçı auditoriyası qazanan bu proqrama maraq göstərsə, biz onu Azərbaycandan yaya bilərik. Təəssüf ki, bu, hələlik, baş verməyib. Azərbaycanda sərt bir informasiya qadağasının olduğu göz qabağındadır. Cəmiyyətin böyük hissəsini maraqlandıran hadisələr və xəbərlər TV məkanına heç bir halda yaxın buraxılmır. Bu proqram haqqında alınan məlumat odur ki, “Azərbaycan saatı” ölkədəki bu informasiya boşluğunun doldurulmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda proqramın Türkiyə və Azərbaycan cəmiyyətlərinin bir-birini daha yaxşı tanıması istiqamətində mühüm rolu var.
“Bir millət, iki dövlət” söyləmirlərmi? Niyə Azərbaycan xalqı da, ən azı Türkiyədə olan qədər demokratiya və azadlıqlardan istifadə etməsin. Bu azadlıqlar buradakıların haqqıdırsa, oradakıların da haqqı olmalıdır. Axı, bir millətdən söhbət gedir. Üstəlik, Qənimət Zahid Azərbaycanda o seqmentin təmsilisidir ki, Türkiyənin mənafelərini səmimi olaraq dəstəkləyir və bunu Azərbaycanın mənafeləri qədər qutsal sayır. Türkiyədə də əsas məqsəd bu deyilmi ki, Azərbaycan və Türkiyənin mənafeləri, uduşları və uğursuzluqları müştərəkdir. O halda, Türkiyədəki demokratik azadlıqlar da azərbaycanlıların haqqıdır.
Və bu, bir Almaniya kanalı sayılacaqmış
Təəssüf ki, bu bircə saatliq proqram belə kimlərisə narahat edir. Həm də çox ciddi şəkildə. Buna görədir ki, bu narahat tərəflər hətta Almaniya kimi tam demokratik bir ölkədə rəsmi qeydiyyatda olan bir kanalı belə hansısa yollarla ələ ala bilir və ona bu sayaq təsir göstərirlər.
Amma bütün hallarda, hesab edirik ki, bu sayaq davranış bir Almaniya kanalına yaraşmayacaq rəzillikdir. Buna görə də Almaniyanın hökumət və qeyri-hökumət təşkilatlarından xahiş edəcəyik ki, aramızda vasitəçi olsunlar, Əli Paşa daşı ətəyindən töksün. Türkiyədə kimin ona pul verib-verməyəcəyi bizim müqavilə şərtlərimizə daxil deyil. Yəqin ki, bundan sonrakı addımlarımızdan birincisi Almaniyada belə bir komissiya yaradılması olacaq.
Sonda Qənimət Zahidin fikirlərini əlavə edirəm: “Azərbaycandakı mafiozların pulu çoxdur. Onlar hər dəfə bizi durdurmaq üçün Türk kanallarını pulla basdırmağa cəhd edəcəklər. Eybi yox, qoy buralarda da kimlərsə bizim hesabımıza varlansın. Amma” Azərbaycan saatı” durmayacaq. Çalışacağıq ki, əlimizdən gələni edək … “.