Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Doğrudan da, burada insan varsa, deməli, həyat var; həyat varsa, orada münasibətlər var. Bu münasibətlər haqqında nə bilirsiniz ki? Heç nə! “Həbsxana akademiyadır”, yaxud, “Həbsxana cəmiyyətin tullantılarıdır!” deyənlərin sarsaq mütəfəkkirliyi isə uzaqdan fokuslaşan baxışların deformasiyasından başqa heç nə deyil. Həbsxananın nə demək olduğunu daha dəqiq bilmək üçün onu həbsxanada olmayanların həyatına soxmaq lazımdır. Cəmiyyət həbsxanaya daha yaxın olmalıdır, orada baş verənləri daha aydın bilməlidir. Həbsxana öldürüləcək adamlar üçün yer olmamalıdır. Bizim günlərdə həbsxanaya verilən dəhşətli dəyər büsbütün rədd edilməlidir, yenilənməlidir. Həbsxana həbsxana nəzarətçilərinin inhisarından çıxarılmalı, oraya şərikli nəzarət təmin edilməlidir. Bunlar mənim həbsxana ilə ilk təmasda gəldiyim qənaətlər idi və axıra qədər də dəyişmədi…
Məsələn, Rasimin hekayətini dinləyəndə mənim bu qənaətlərimi daha artıq bölüşəcəksiniz. Sonra başqalarını dinləyəndə daha artıq razılaşacaqsınız ki, ən qapalı həbsxananı belə, cəmiyyət üçün ən açıq şəkildə tutmaq nə qədər zəruridir. Rasimin hekayətini dinləyin…
Toyuqlar üçün nəğmə
Rasim arıq, uzun oğlan idi. 27 yaşındaydı. Amma zahirən xeyli qoca görünürdü. Hər halda, 30-dan yuxarı, həm də 30-un axırıncı illərinin yaşını vermək olardı. Zahiri bu qədər yaşlı olduğuna və yaşadığı illərin sayını özü bildiyinə görə qarşısındakı adamların da fizioloji mövcudluq tarixini daha dəqiq müəyyən edə bilir və ona uyğun da davranış göstərirdi. Məsələn, o, dərhal müəyyən edə bilmişdi ki, mən ondan 10-15 yaş böyüyəm və özünü təntənəli şəkildə “balaca qardaş” elan etməkdən də çəkinməmişdi. Hərçənd, həbsxanada kiminsə “böyük qardaşı” olacaq qədər bir təcrübəm, iddiam və cinayətkar aləm qarşısında hansısa xidmətlərim olmadığından Rasimin “kiçik qardaş”lıq iddiasını da cavabsız qoymağa məcbur idim. Həbsxanada “böyük qardaş” adı və iddiası “qanuni oğru”lara aiddir. Mən isə həbsxana həyatını siyasi məhbus olaraq yaşamağa başlayan birisiyəm. Burada siyasi məhbusun hətta “böyük qardaş” olmadan çoxlu “kiçik qardaş”larının olması möhtəşəm bir uğur sayıla bilər. Əlbəttə, siyasi məhbuslar həbsxana iyerarxiyasının özəl bir yerini tutmur, amma siyasi məhbuslarla cinayətkar aləmin münasibətlərinin necə tənzimləndiyini, bu iki kateqoriyadan olan həbsxana sakinlərinin birgə tarixi mövcudluq formaları barədə də bəzi bilgilərimiz və hekayətlərimiz olacaq. Bütün bunların Rasimin hekayətinə birbaşa bağlılığı olmadığını düşünürəm.
Rasimin hekayətinə dırnaqarası baxmamağa çalışın. Adidən adi olay kimi dəyərləndirməyin. Bu adidən adi olay sıradan bir adamı həyatın dibinə doğru sürükləyə bilibsə, deməli, artıq adi deyil, fövqəladədir. Sizi dəhşətə gətirməmək üçün Rasimin hekayətini öz dilindən təqdim edəcəyəm. Çünki o öz həyat hekayətində həm də təbəssümləri təqdim edir. Sürətli çöküş yaşayan bir gənc öz faciəsini bu qədər dolğun təbəssümlə anladırsa, bununla yanaşı, öz faciəsini göynəyə-göynəyə yaşayırsa, bu, anlaşılmazlıq deyil; bu təzadı anlamamaq üçün özünüzü Rasimdən daha qafasız, daha savadsız kökə salmayın:
– Atam öləndə 21 yaşım vardı. Əsgərlikdən gəldim, məni evləndirdi, sonra da qəflətən öldü. Varlı-hallı bir adam deyildi, amma orta ölçülü bir dükanımız vardı və atam bu dükanı saat kimi işlədirdi. O zamanlar ailəmizin yaxşı dolandığını düşünürəm. Atam öləndən sonra dükan mənə çatdı. Dükanı işlətməli idim. Evin tək uşağıydım: bir anam, bir də həyat yoldaşım – balaca ailə idi və bu dükanla bu ailəni saxlamaq böyük bir hünər istəmirdi. Dükanımızda məişət təsərrüfatı malları satırdıq. Əsasən də Iran malları. Lənkəran-Astara zonası Iranla ticarətdən babat dolanır. Bizim bu balaca dükanımızda hərdən hətta satılıq televizor, soyuducu-filan da olurdu. Deyirəm, axı atam bu dükanın damarını tutmuşdu. Amma məndə alınmadı. Alınmadı deyəndə… niyə də alınaydı ki? Yox, elə bilməyin ki, mən fərasətsiz adamam, bir dükanı işlədə biləcək karım yoxdu. Var. Atamın sağlığında da dükanın təchizat işlərini mən yoluna qoyurdum. Atam bizim obyektin xarici işlər naziri kimi bir vəzifəni icra edirdi (Rasimin mərhum atasının vəzifəsini mən belə adlandırdım, o da etiraz eləmədi). Kimə nə qədər haqq ödəmək lazım idisə, özü yoluna qoyurdu. Mən cavan bir uşaq idim, mənimlə söhbətləri alınmadı. Onlar çox istəməyə başladılar. Icra hakimiyyətindən üzü aşağı hamı haqq yığmaqla məşğuldu, axı. Hələ biz tərəflərin bir ağır bəlası da var: regionallar bəlası. Bunlar da əlavə idarələrdir; onlar da öz haqlarını yığırlar. Mənimlə yola getmədilər. Gördüm ki, açıqdan-açığa məni soymaq fikrindədirlər. Elə bir karlı qohumum da yoxdu ki, bunların bir-ikisi ilə danışıb yükümü yüngülləşdirəydi. Axırı bezdim, dükanı kirayə verdim. Dükanı kirayə vermək o qədər də pis fikir deyil, amma mənim kimi yetimin biri üçün yox. Gərək bir işin olsun ki, dükanı kirayə verib işləyəsən. Yoxsa, ayda bir dəfə kirayə pulu alıb avara-avara gəzməklə olmaz. Iş də ki, tapa bilmirdim. Günlərimi çayxanalarda keçirirdim. Bir ara çayxanalara da hücumlar başladı. Mənim belə şeylərdən başım çıxmaz, amma deyirdilər ki, çayxanalara toplaşanlar hökumətin düşmənləridir, ona görə adamlar çayxanalara da qorxa-qorxa baxmağa başladılar. Mən çayxanalardan hökumətə hansı pisliklərin gələ biləcəyini az anlayıram. Orada bütün günü ya domino oynayırlar, ya da nərd. Çayxanaya belə diqqətdən sonra cavanların çoxu xəlvət yer tapıb qumara başladılar. Axı, onlar da işsiz olurdular. Hamı Rusiyaya getmir. Getməyənlərin biri mən. Mənim kimi də ha çoxları… Bizim zonada 234-ə “milli statya” deyirlər. Niyə? Ona görə ki, Iranın qapısının ağzında oturmuşuq, oradan qazan gətirən də var, vedrə-ləyən gətirən də, aftafa gətirən də, amma tiryək-heroin işinə baxan da var. Aftafa-ləyən gətirənlərin zəhləsini tökürlər, gündə bir qanun çıxarıb “limit var” deyirlər. Amma tiryəkə bir köpəyoğlu limit qoymur. Bunun limiti budur ki, kim gətirə bilər, kim yox. Mən hələ də başa düşmürəm ki, aftafaya nə limit ola bilər?
Aftafa-filan cəhənnəm olsun. Bu qarmaqarışıqlıqda bir də onu gördüm ki, gönü vermişəm suya. Elə siftəsini də tiryəkdən başladım. Yavaş-yavaş dərinə düşdüm. Amma mənim bir mərd hərəkətim də var ha! Mən o dükanın pulundan bir qəpik də götürüb tiryəkə verməmişəm. Bilmirəm, nə möcüzədirsə, pul tapılırdı. Oğurluq-filan da eləmirdim. Düşürdü də… Məsələn, biri istəyirdi velosipedini satsın, onu götürüb üstünə bir-iki manat qoyurdum, elə küçənin o biri başında kiməsə sırıyırdım gedirdi. Belə-belə işlər olurdu. Sonra belə yarımdəllallıq da əziyyətli iş sayılır, keçirsən dələduzluğa. Yaxın çevrəmi də beləcə daradım. Dostlardan-tanışlardan, yaxın-uzaq qohumlardan, dostların dostlarından… 178 çox maraqlı maddədir, Hacı! (Mənim ibadət etdiyimi və üstəlik Həcc ziyarətinə getdiyimi biləndən sonra həbsxana əhli “müəllim” sözünü bir qırağa tullayıb bu müraciət formasını seçdi). Bu maddənin altında həbsxanaya düşən adamlar xüsusi qabiliyyət və istedad sahibləri olur, onlar əməlli-başlı psixoloqlardır…
Ardı növbəti sayımızda