Həbsdəki jurnalistlər dindirilmir

“Xəyal TV”nin jurnalistlərilə bağlı aprel ayından heç bir istintaq aparılmır

Quba hadisələri ilə əlaqədar həbs edilmiş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin işində hər hansı yenilik yoxdur. Jurnalistlər sonuncu dəfə aprelin əvvəlində dindirilib və bundan sonra onlara qarşı hər hansı istintaq hərəkəti aparılmayıb. Bu barədə “Turan”a vəkil Rəşid Hacılı bildirib.
V.Qonaqov və Z.Quliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinib. Hər iki jurnalist martın 13-də Qubada saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həbsə səbəb kimi Quba rayon Icra Hakimiyyəti başçısının çıxışının təhqir motivi olan hissəsinin sosial şəbəkələrdə yerləşdirilməsi göstərilir. Belə ki, Quba rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibovunÿ www.youtube.com saytında yerli əhalini təhqir edən fikirləri yer almış videogörüntü yerləşdirildikdən sonra minlərlə adam etiraz olaraq dinc aksiya keçirib. Aksiya sonradan qarşıdurma ilə müşayiət olunub. Insanlar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, Rauf Həbibovun villasını yandırıb. Bundan sonra, daxili qoşun və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız R.Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib. Hadisələrdən sonra ondan çox insan  həbs edilib.
Iyunun əvvəllərində Quba rayonunun keçmiş icra başçısı R. Həbibov da istintaq tərəfindən şahid qismində dindirilib.