aliyev-memurlar10

Hakimiyyətdə iki nəhəng qruplaşma üz-üzə

«Naxçıvan klanı» Paşayevlərlə mübarizədə Qərbi Azərbaycanlıların zərbəsindən ehtiyat edir

Hakimiyyət daxlində iki nəhəng qruplaşma üzə-üzə gəlib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, iqtidardakı “Naxçıvan klanı” Qərbi Azərbaycan qruplaşmasına savaş açıb.
Bunun isə ciddi səbəbləri var. Səbəbləri oxucuları diqqətinə çatdırmamışdan əvvəl yada salaq ki, Qərbi Azərbaycan qruplaşması Heydər Əliyevin dövründə ən güclü klan hesab edilirdi. Hakimiyyətin sabiq səhiyyə naziri Əli Insanovun timsalında ən nüfuzlu təmsiçiləri məhz bu klanın üzvləri idi. Heydər Əliyev dünyasını dəyişdikdən sonra isə Qərbi Azərbaycan qruplaşması küncə sıxışdırılmağa başladı. Əli Insanovun həbsi ilə proses pik nöqtəyə çatdı. Qərbi Azərbaycan qruplaşması sabiq səhiyyə nazirinin həbsindən sonra xeyli zəiflədi və faktiki olaraq iqtidar daxilində söz sahibliyini itirdi.
Lakin 2013-cü il prezident seçkisilə bağlı hakimiyyət daxilində vəziyyətin gərginləşməsi “Naxçıvan klanı”nın yenidən bu qruplaşmanın üzərinə yeriməsinə səbəb olub. Məlumatlarda deyilir ki, hazırda hakimiyyətdəki başqa bir güclü klanla – Paşayevlərlə mübarizədə olan “Naxçıvan klanı” düşünür ki, hansısa mərhələdə Qərbi Azərbaycan qruplaşmasından zərbə ala bilər. Bu baxımdan Qərbi Azərbaycan qruplaşmasını daha da zəiflədilməsinə başlanılıb. Məlumatlara görə, yaxın vaxtlarda bu kalana bağlı olan məmurların bir çoxu sıradan çıxarıla bilər. Prosesə icra başçıları arasında Qərbi Azərbaycan qruplaşmasına daxil olanlardan başlanılması nəzərdə tutulur.

Informasiya şöbəsi