“Göbəyi bazarda kəsilmiş” icra başçıları

Siz övladı Vətən uğrunda şəhid olan icra başçısı, tanıyırsınızmı?
Icra hakimiyyəti başçısı və kolxoz bazarı… etiraf edək, bu ifadələr son dövrlərdə çox nadir hallarda, bir-birindən ayrı yazılır. Internetdə icra başçısı yazıb, axtarış verirsən bazar çıxır, kolxoz bazarı yazıb qurtarmamış, monitorun alt lövhəsində icra başçıları sənə “salam” verirlər.
Icra başçılarının əksəriyyəti təyin olunduğu gündən rayon  bazarını ələ keçirməyin yollarını arayırlar. Düzdür, bəzən müqavimətlə də rastlaşırlar, lakin inadlarından dönmürlər. Hətta onlardan biri, bir neçə ay əvvəl buraxdığı taktiki səhvlərin (!) qurbanı oldu. Əhali ayağa qalxdı, hakimiyyət cəld tərpəndi və ikinci bir Quba vaqeəsinin qabağı son anda alındı. Icra başçısının işinə son verildi və onu daha ucqar bir rayona rəhbər göndərdilər(?!). Düşünmək olardı ki, adam yeni rayonda ən azı bazar məsələsində bir az ehtiyatlı olacaq, lakin bir neçə gün keçmədi ki, həmin rayondan normal məntiqləri belə alt-üst edəcək xəbər aldıq. Rayonun kolxoz bazarına təşrif buyuran köhnə – yeni başçı (!), orada alver edən insanlara bazarı uçurub yenisini tikəcəyini bildirir(?). Məlum xərcin(!) kompensasiya cəhdi az qala adamın həyatına mal olacaqdı, bazardakıları güclə sakitləşdirə bildilər…  
…Son beş-altı ildir ki, əyalət rayonlarımıza təyin edilən  icra başçılarını birləşdirən bir ümumi cəhət var – onların əksəriyyəti biznesmendirlər. Hətta bir az irəli gedib bioqrafiyalarını araşdırsaq görərik ki, əksəriyyəti sonradan, yəni 35-40 yaşlarında ali təhsil müəssisələrini bitiriblər. Bəziləri isə Rusiya ali məktəblərinin məzunudur, nəzərdən qaçmayan digər amil isə bir çoxlarının tanınmış oliqarxların qohumu olmasıdır…
Nağd – əliyev fenomeni – təsadüf, yoxsa…
Mən 20-dən çox rayonla bağlı materiallarla tanış olarkən, ara-sıra Nağdəliyev soyadına da rast gəlirdim. Əvvəl əhəmiyyət vermirdim, lakin biləndə ki, cənab Nağdəliyev  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir, düzü bir az “sakitləşdim”. Çünki mən daim yuxarı eşelonda azacıq da olsa yumor, romantika axtarırdım, tapa bilmirdim. Biznesmen icra başçıları, kolxoz bazarı, mərkəzi küçə obyektləri uğrunda gedən amansız savaş  və Bakıdan bütün bunlara “nəzarət” edən şöbə müdiri Nağdəliyev(!). “Müdrik” zarafatdır!
Bütün yollar Romaya aparır…
Heç kimə sirr deyil ki, rayonları məmur-oliqarxlar sözün əsl mənasında işğal edib. Bərəkətli torpaqlarda barınan, sayı on minlərlə ölçülən qoyun və mal-qara sürüləri, daş-qum karxanaları, səfalı guşələr istirahət mərkəzləri, turizmə və alpinizmə (!) yararlı ərazilər məhz onlara məxsusdur. Yerdə qalır bazarlar və rayonun mərkəzi küçələri… Yerli əhalinin iş qabiliyyəti olanların bir qismi Rusiyada və mərkəz Bakıda məskunlaşdığından qalan insanlar üçün bazarlar həyati əhəmiyyət daşıyır.
Mən bir çox rayon bazarlarında olmuşam, inanın ki, oradakı soydaşlarımızın hansı əzabla pul qazandığını görmək çox ağrılı, kədərli mənzərədir. Təsəvvür edirsinizmi, burada bəzən orta əsrlərə xas olan(!) mübadilə gedir, kənd təsərrüfatı malları sənaye mallarına dəyişdirilir, insanlar ayaqda qalmaq üçün mücadilə verirlər. “Kişiləşmiş” qadınlar, üzü gülməyən insanlar, axşam övladlarına bir parça çörək aparmaq üçün hər əzaba, təhqirə dözürlər. Hətta kiçik bir bazarlıq edəndə, bu sadə insanlar elə minnətdarlıq edirlər ki, insanın tükləri biz-biz olur…
Bu binəvaların ümid yeri olan bazar və obyektlərin ələ keçirilmə mexanizmi abadlıq və müxtəlif qondarma bəhanələrlə süslənsə də, sonda icra başçısının onlara sahib çıxmasıyla nəticələnir. Məqsədə gedən yoldakı bəhanələrı çıxsaq, XXI əsr Azərbaycanı ilə… I-II əsrlər Roması arasında fərqin o qədər də böyük olmadığını görərik.    
Romalı quldarlar, Nağdəliyevin icra başçılarından fərqli olaraq, əvvəl insanların əmlakına sahib çıxır, sonra abadlıq işləri ilə məşğul olurdular.
Hər şeyini itirmiş bu insanları romalılar “instrumentum vocale”, yəni “danışan alət” adlandırırdılar.
Etiraf edək ki, romalılar daha səmimi idilər…