“Bu, bayram yox, fəlakət günüdür”

«Bu gün ancaq bir zümrə üçün qurtuluş və bayram ola bilər»

“Hakimiyyətin qurtuluş günü kimi qeyd etdiyi təqvimin Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur”. Bunu, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəldiyi günün – 15 iyunun Qurtuluş Günü kimi qeyd olunmasına münasibət bildirərkən deyib.
 M.Vəzirin sözlərinə görə bu gün ancaq bir zümrə üçün bayram ola bilər: “Çünki Heydər Əliyevin hakimiyyətə gəlişindən yalnız bir zümrə faydalanıb. O gündən bu günə dövləti talamaqla, xalqın sərvətini mənimsəməklə məşğul olublar. O vaxtdan Azərbaycanda heç bir inkişaf yoxdur, siyasi mədəniyyət, elm çox aşağı səviyyədədir. Akademiyanın quruca adı alıb. Çünki bu rejim alimə, elm adamlarına heç bir dəyər vermir. Həkimin, müəllimin maaşına baxanda görürsən ki, irəliləyişdən yox, tənəzzüldən söhbət gedə bilər. Bütün istiqamətlər üzrə xalq ancaq zərbə alıb. Bu zərbənin ağrı-acılarını bugünə qədər yaşamaqda davam edir. Bu, bir bayram deyil, fəlakətdir. Azərbaycan xalqının başına gətirilmiş fəlakətdir. Və təəssüf ki, bu fəlakət bugünə qədər davam edir”.
M.Vəzir hesab edir ki, hakimiyyətin bu günü bayram kimi qeyd etməsində təəccüblü heç nə yoxdur: “Əlbəttə ki, Əliyevlər rejiminin sayəsində varlanan, hədsiz dövlətə, mülkə sahib olan insanlar bu günü bayram kimi qeyd edirlər. Onlar üçün bu gün səfalətdən qurtulma və böyük pullara qovuşma günüdür. Xalqın böyük əksəriyyəti üçünsə bu gün milli faciənin əsası qoyulub”.