Bir 15 iyun günü və…

… oyuncaq tapança əhvalatı

Yafəz Əkrəmoğlu

1994-cü il iyunun 15-ni heç vaxt unutmayacağam.
Həmin gün yaxın dostumun oğlunun ad gününə tələsirdim. Naxçıvanın qızmar günəşli yay günündən sonra axşamüstünün sərin havası əhvalımı qaldırmışdı. Sərin külək əsdikcə günün yorğunluğunu unudur, yol boyu addımlarımı daha da sürətləndirirdim.
Gecikirdim. Üstəlik, hədiyyə də ala bilməmişdim. Yolüstü  tələsik köşklərə girib dostumun 8 yaşlı oğlu üçün hədiyyə axtarırdım. Fərli bir şey gözümə dəymirdi. Nəhayət, köşklərin birində uşaq oyuncaqlarına rast gəldim. Oyuncaqların arasında tapança da var idi. Əsl tapançaya oxşayırdı. Həmin dövrlər üçün nadir oyuncaq idi. Sevincək həmin tapançanı alanda heç ağlıma da gəlmirdi ki, bu oyuncaq üzündən başım bəlalar çəkəcək. Bəlkə də bu sizə qəribə görünəcək. Ancaq istəyirsiz inanın, istəyirsiniz inanmayın – mən məhz o oyuncaq tapanca üzündən düz 1il 3 ay həbsxanaların soyuq divarları arasında gün keçirməli oldum.
O vaxt 21 yaşında idim. Həmin il Naxçıvanda tutatut başlamışdı. AXC-nin fəallarını qondarma ittihamlarla həbs edirdilər. Cəbhəçi olmasam da Naxçıvanda məni xalq hərəkatının fəalı kimi tanıyırdılar. Hətta dostlarım  məsləhət görürdülər ki, bir qədər mən də ehtiyatlı olum. Mənimsə, həbs olunmaq heç ağlıma da gəlmirdi. Heç bir partiyanın üzvü deyildim. Əsgərlikdən yayınmamışdım və narkotik maddə qəbul etmirdim. Niyə həbs olunmalı idim?
Ancaq bu belə baş verdi.
Oyuncaq tapançanı alıb dostumun evinə üz tutdum. Bu tapança mənə də maraqlı göründüyündən əlimdə tutub tez-tez ona baxırdım. Dostumun oğlunun bu hədiyyəyə necə sevinəcəyini xəyalımda canlandırıb, mənzil başına daha tez çatmağa can atırdım.
Yolum Naxçıvan Ali Məclisi binasının qarşısından keçirdi. Birdən güllə səsləri eşitdim. Ayağımın altına və başımın üstünə atırdılar. Polislər idi. Yaman qorxmuşdum. Bir anda üstümə şığıyıb qollarımı buraraq, tapançanı əlimdən aldılar. Bir neçə polis məni yerə yıxıb təpikləyirdi. Mən tapançanın oyuncaq olduğunu izah etməyə çalışsam da heç bir xeyri olmurdu. Polislər huşumu itirənə kimi məni döydülər.
Sonra məni maşına basıb Naxçıvan şəhər Polis şöbəsinə gətiriblər. Qanunsuz odlu silah daşıma ittihamı ilə dərhal cinayət işi başladıldı. Məndən tələb edirdilər ki, izahatımda tapançanın həqiqi olduğunu göstərim və yazım ki, bu “silah”la guya hansısa təxribat törətməyə gedirəmmiş. Mənsə, izahatımda tapançanın oyuncaq olduğunu və dostumun oğlunun ad gününə getdiyimi qeyd etdim. Məndən lazım olan izahatı ala bilməyəcəklərini görüb, dostumu polis şöbəsinə gətirdilər.
Məni isə kameraya saldılar.
Ağır vəziyyətdə idim. Iki dişim sınmışdı. Hər yerim ağrıyırdı. Heç vaxt belə döyülməmişdim. Bir tərəfdən də mənəvi əzab çəkirdim. Dostumun oğlunu sevindirmək yerinə, üstəlik, atasının da başına iş açmışdım.
Səhər məlum oldu ki, dostuma işgəncə verərək ondan saxta izahat ala biliblər. Izahatı sevincək mənə də göstərdilər. Oxudum, gözüm qaraldı. Izahatda göstərilirdi ki, guya həmin gün mən dostumla hansısa təxribat haqda müzakirə aparmalı imişik. Odlu silahı da bu məqsədlə üstümdə gəzdirirmişəm.
Bundan sonra məni döymədilər. Heç soruşmadılar ki, həmin odlu silahı haradan almışam. 11 ay həbsdə qaldım. Sonra məhkəmə başladı. Ittihamın bu qədər saxta və absurd olmasına hakim də heyrətlənmişdi. Maddi sübut kimi məhkəməyə gətirilən “odlu silah” oyuncaq tapança çıxmışdı. Görünür,  “dəlil-sübutu” dəyişmək heç onların ağlına gəlməmişdi. Ya da sadəcə buna ehtiyac görməmişdilər.
Məhkəmənin qərarı ilə dostumun oğluna aldığım ad günü hədiyyəsi məhv edildi. Işi isə yenidən istintaqa qaytardılar. Bu dəfə xuliqanlıq və asayişi pozma maddələri ilə ittiham olundum. Saxta şahidlər də tapmışdılar. Əlavə  bir neçə ay da həbsdə qaldıqdan sonra azadlığa buraxıldım…
Bu da bir 15 iyun tarixçəsi idi. Indi hər il iyunun 15-də o günləri xatırlayıram. Naxçıvanda polis təcridxanasından tutmuş Bayıl “türməsi”ndə keçirdiyim günlərə qədər.