350 qaçqın ailəsinin yaşadığı bina müəmmalı şəkildə yandı

bina-yangin-dekoreportSakinlərə yardım edilmir; onlar yanğının qəsdən törədildiyini söyləyir (FOTOLAR)

“Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış doqquzmərtəbəli, hər mərtəbənin ümumi sahəsi 3000 kv.m olan binanın 6-cı mərtəbəsində 150 kv.m, 7-ci mərtəbəsində 1250 kv.m, 8-ci mərtəbəsində 1000 kv.m və 9-cu mərtəbəsində 200 kv.m sahədə (ümumi 2600 kv.m) arakəsmələri taxta, plastik və kağız-karton lövhələrdən ibarət mənzillərin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyyə olunmuş, 11 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas olunmuşdur. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılmışdır. 5 nəfərə ilkin tibbi yardım göstərilmişdir” – bu məlumatı iyunun 13-də Fövqəladə Hallar Nazirliyi saytında yayımlayıb.

Üfunətli 9 mərtəbəli bina

Ötən gün hadisə olan ünvana baş çəkib olayın təfərrüatlarını öyrənməyə çalışdıq. Öncə sözügedən ünvanı təsvir edək. Tikintisi başa çatmayan 9 mərtəbəli binanın ətrafı üfunət iyi verir. Binanın dörd yanı zibillikdir. Ilk təəssürat budur ki, kim nə yeyirsə, yaşadığı mənzildən üzü aşağı atır. Ancaq ərazini gəzəndən sonra aydın oldu ki, məsələ heç də yeyinti qalıqlarını aşağı atmaqda deyil. Binanın dörd bir yanında bircə dənə də olsun zibil qutusu yoxdur. Bəzən aylarla zibil daşıyan maşınlar binanın ətrafında dolaşmır. Məcbur qalan sakinlər zibillərini binanın ətrafına tullayırlar.

Daha çox məcburi köçkünlərin pənah apardığı binada vəziyyət ürəkaçan deyil. Elektrik naqilləri, su və qaz xətləri çox bərbad haldadır. Istənilən vaxt burada faciə baş verə bilər. Sakinlər dəfələrlə binadakı vəziyyətlə bağlı rəsmi qurumlara müraciətlər edib. Ancaq heç bir nəticəsi olmayıb. Bundan başqa, binaya daxil olanda oranın qəzalı vəziyyətdə olduğunu zənn edirsən. Bir mərtəbə beton, o biri mərtəbə dəmir və bu cür bir-birini əvəzləyən pilləkənlərdə hərəkət etmək çox qorxuludur. Bizə bələdçilik edən uşaqlar bu pilləkənlərdən yalnız böyüklərin köməkliyi ilə istifadə edirlər. Çünki burada dəfələrlə xoşagəlməz hadisələr olub. Kimisinin ayağı qırılıb, kimisi bir mərtəbə aşağı düşərək qolunu zədələyib, kimisi isə həyatını itirib. Döşəmələr çürükdür. Hər an uçmaq təhlükəsi var. Buranın neçə illərdir daimi sakini olan insanlar hərəkət edəndə qorxa-qorxa yeriyirlər.
1997-ci ildən bu binada məskunlaşan Xocavənd sakini Şəhla Hüseynovanın qızı faciəli şəkildə dünyasını dəyişib: “2007-ci ildə, 20 yaşında qızım Aynur Hüseynova səkkizinci mərtəbədən yıxılaraq öldü. Bununla bağlı hər yerə şikayət etdik. Ancaq heç bir nəticə olmadı. Nə camaatı buradan köçürtdülər, nə də təmir etdilər. Belə getsə, faciəli şəkildə dünyamızı dəyişəcəyik”.

Başdan-başa villalarla əhatə olunan qaçqınlar

Qaçqınların məskunlaşdığı binanın dörd yanı villalardır. Deyilənlərə görə, ərazidə əksər nazirlərin malikanələri var. Bundan başqa, yüksək çinli məmurlar da burada özlərinə göz oxşayan imarətlər ucaldıblar. Bundan əlavə, binanın yaxınlığında tikinti işləri gedir. Vətəndaşlar deyir ki, ərazidə məscid tikilir. Yaxınlıqda isə bir neçə yaşayış binasının inşası nəzərdə tutulur.
Indi isə keçək yanğının gətirdiyi fəsadlara. Binanın üst mərtəbələri 6, 7, 8 və 9-cu mərtəbələri yanaraq yararsız hala düşüb. Rəsmi məlumatlara görə, 31 evin yandığı deyilsə də, sakinlər 50-dən çox mənzilin külə döndüyünü bildirirlər. Hər bir mənzildə ən azı 2 ailə məskunlaşıb. Zərərçəkənlərin hesablamalarına görə, ümumilikdə 500-dən çox insana zərər dəyib.
Bizimlə söhbət edən sakinlərin bir qismi yanğının qısaqapanmadan, bəziləri isə qəsdən törətdiyini söylədilər. Olayın qısaqapanmadan olduğunu deyənlər fikirlərini belə izah edirlər: “Kim gəldi burada məskunlaşıb. Binanın yarıdan çoxunda Bakı və işğal olunmayan rayonların sakinləri məskunlaşıb. Bina təmirsizdir. Imkanı olmayan, kirayə ev tuta bilməyən gəlib bura. Heç kimi qınamaq olmaz. Iş yox, pul yox, vəziyyət acınacaqlıdır ki, insanlar bu cür binalara üz tutublar. Burada 700-dən çox ailə yaşayır. 350-dən bir az artığı məcburi köçkünlərin payına düşür. Müvəqqəti sığınacaq olduğundan heç kəs məskunlaşdığı mənzilini təmir elətdirmir. Işıq xətləri bərbad olduğundan qısaqapanma olub. Biz bu cür hadisənin çoxdan gözləyirdik, indi başımıza gəldi”.

Hadisəni qəsdən törədildiyini deyən sakinlər isə bildirirlər ki, yaşadıqları ünvan şəhərin mərkəzi ünvanlarından biridir: “Burada nazirlərin, deputatların villaları var. Dəfələrlə bizə deyiblər ki, sizi buradan köçürəcəyik. Səbəbini soruşduqda bildirirdilər ki, ya burada hündür mərtəbəli bina tikəcəklər, ya da iki villa inşa olunacaq. Bizi buradan köçürmək üçün bəhanə lazım idi, ona görə də yandırıblar”.

Yenə də təşəkkür…

Sakinlər deyirlər ki, zərərçəkən məcburi köçkünlərə yardım edilsə də, başqalarına heç bir yardım edilməyib: “Kim ki qaçqındı, ona yardım edilir, mənzillə təmin edirlər, ancaq başqalarına yox. Biz burada bundan sonra necə yaşayaq? Niyə bizə kömək etmirlər?”.
Məcburi köçkünlər deyirlər ki, onları Binəqədi rayonundakı mənzillərin zirzəmilərində yerləşdirəcəklər: “Sağ olsunlar, heç olmasa bunu da etdilər, yoxsa vəziyyətimiz lap pis olacaqdı”. Ancaq heç bir məcburi köçkünə əşyalarını daşımaq üçün maşın verilməyib. Bir sözlə, hamı öz hesabına hərəkət edir.
Yanğın olan mənzillərin sahibləri qaranlıq, yanıq iyi basmış otaqlardan keçərək istifadəyə yararlı əşyalarını aşağı düşürdürlər. Binanın bütün mərtəbələrindən su damır. Bu bir gün əvvəl yanğın söndürənlərin əməyinin nəticəsidi. Başlarına su daman vətəndaşların bir qismi buradan köçürülmələrini, başqa bir qismi isə razı olmadıqlarını deyirlər. “Niyə köçməliyik. Güclə məskunlaşmışıq. Bundan sonra siyahıya düşmək, ev almaq, bu uzun bir zaman tələb edir. Ondansa elə burada yaşayaq”, – deyə köçmək istəməyən sakinlər bildirirlər.

***

Binanı tərk edirik. Aşağı mərtəbədə qarşıladığımız kimi yenə də bizi zibil tullantıları yola salır. Zibil qalaqlarının yanında isə əşyalarını qalaq-qalaq toplayan mənzil sahibləri, o biri tərəfdə isə əlində bir tikə çörək tutan uşaqlar pişiklə oynayırlar. Böyüklərin gözündə “bu zülmdən nə vaxt qurtulacağıq”, balacaların işıldayan bəbəklərində “bir gün pişikdən başqa yanımızda oyuncaq olacaqmı” suallarını görməmək mümkün deyil. Bunu görməmək də korluğun əlamətidi, görmək də…

Ramin DEKO