oqtay gulaliyev-yeni

“Təzyiq, həbs bizi öz yolumuzdan döndərə bilməz”

oqtay gulaliyev-yeniOqtay Gülalıyev: “Niyə mən haqq yolumdan dönməliyəm?”

«Bu gün xalqın qürur yeri – Azadlıq Meydanı yeraltı maşın dayanacağına çevrilibsə, deməli, xalqın azadlıq simvolu həbs edilib»

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının həbsdə olan koordinatoru, vicdan məhbusu Oqtay Gülalıyev dünən azadlığa buraxıldı. Oqtay Gülalıyevin vəkili Yalçın Imanov “Azadlıq”a açıqlamasında cinayət işinin materialları ilə tanış olandan sonra “cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi”, həmçinin “həbs-qətimkan tədbirinin ləğv olunması və ya dəyişdirilməsi”nə dair vəsatətlər verib.
Həmin vəsatətlərin əsasında Sabirabad Rayon Məhkəməsi iyunun 13-də həbs-qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.
Qeyd edək ki, Oqtay Gülalıyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Mayın 20-də onu Bakıya – 3 saylı Şüvəlan istintaq təcridxanasına gətiriblər.
Ötən gün Oqtay Gülalıyevlə azadlığa çıxması, həbsxanada üzləşdiyi problemlər və başqa məsələlərlə bağlı kiçik söhbət etdik.

Kiçik məhbəsdən böyük məhbəsə

– Oqtay bəy, həmişə azadlıqda. Həbsdən azad olunmağınızı gözləyirdinizmi?
– Bu sualı artıq çox cavablandırmışam. Həm gözləyirdim, həm də gözləmirdim. Gözləyirdim ona görə ki, haqsız yerə, qondarma ittihamlarla həbs olunmuşdum. Hər an, hər dəqiqə azadlığa çıxmağıma ümid edirdim. Gözləmirdim ona görə ki, artıq ikinci ay idi həbsdəydim. Düşünürdüm ki, məsələ məhkəmə prosesi zamanı müsbət həllini tapa bilər. Ümumi götürsək, bir az gözlənilməz oldu. Bu gün (dünən – red.) Sabirabad Rayon Məhkəməsinə gətirildim. Prokurorun və müstəntiqin vəsatəti ilə məhkəmə zalından azadlığa buraxıldım. Qeyd edim ki, mənim azadlığım şərti azadlıqdı. Haqqımda həbs-qətiimkan tədbiri dəyişilməsinə baxmayaraq polis nəzarəti altındayam, ölkədən çıxmağım yasaqlanıb. Hesab edirəm, layiq olduğum azadlığı qazanmışam. Baxmayaraq ki, bu gün bu azadlıq natamamdı. Ümid edirəm ki, vəkillərimlə birgə qondarma cinayət işinin ləğviylə bağlı iş aparacağıq və buna nail olacağıq.

– Natamam azadlıq ifadəsini işlətdiniz. Natamam da olsa, özünüzü necə hiss edirsiniz?
– Azadlıqda insan özünü necə hiss eləyərsə o cür hiss edirəm. Mən bu gün kiçik məhbəsdən böyük məhbəsə çıxmışam. Azərbaycan özü bu gün böyük bir məhbəsdi. Əgər burada hər dəqiqə insanların hüquqları tapdanılırsa, şərlənirsə, həbs olunursa onlar məhbəs həyatı yaşayır. Əgər bu gün xalqın qürur yeri – Azadlıq Meydanı yeraltı maşın dayanacağına çevrilibsə, deməli, xalqın azadlıq simvolu həbs edilib. Bu baxımından məhbəsdən məhbəsə keçdim. Bunu böyük dəyərləndirmirəm ki, azad olunmuşam. Türmədə olan zaman bir şüar da öyrəndim. Türmədən qorxmaq lazım deyil, türmə sizdən qorxmalıdır. Mən türmədən qorxmuram, sabah yenə nəyə görəsə məni həbs edə bilərlər.

“Tibbi rəy olsa da, məni müalicə etmədilər”

– Həbsdə olanda yeli və xarici təşkilatların sizin müdafiənizlə bağlı işlərini siz necə qiymətləndirirsiniz? Razı qaldınızmı?
– Müdafiəmlə bağlı həm ölkə daxilində, həm də ölkə kənarında çox böyük işlər görüldü. Hər an, hər saat içəridə xəbər alırdım ki, çöldə müdafiəmlə bağlı işlər gedir. Bayırda görülən hər hansı bir iş içəridə olan adama ruh verir. Təsəvvür edin ki, dəmir barmaqlılar arasında olan şəxsə kiçik bir məktub göndərmək onun üçün böyük şeydir. Beynəlxalq təşkilatlar sənin haqqında bəyanat verir, səni əyani tanımaya-tanımaya vicdan məhbusu elan edir, ölkədə fəaliyyət göstərən çoxlu sayda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələrinin səni müdafiə etməsi dustaq üçün böyük bir dayaqdı. Bu baxımından bayırda görülən işləri çox yüksək qiymətləndirirəm. Fürsətdən istifadə edib azadlığa çıxmağım uğrunda mübarizə aparan insanlara dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, tezliklə günahsız məhbuslar, başda vicdan məhbusları olmaqla, azadlığa çıxsınlar.

– Həbsdə olduğunuz bu iki ay müddət ərzində mətbuat səhifələrində sizə təzyiqlərin olması barədə yazılırdı. Səhhətinizdə də problemlər vardı. Bu barədə danışmağınızı istəyərdik…
– Hüquqlarımı üç vəkil – Əlayif Həsənov, Yalçın Imanov və Fariz Namazlı müdafiə edir. Dəfələrlə görüşlərimiz olub, yaxın günlərdə görüşüb bəzi məsələləri həll edəcəyik. Bəzi məsələlər var ki, onu mətbuata açıqlamamışam. Bu barədə daxili işlər naziri Ramil Usubovla görüş almağa çalışacam və ona bəzi məsələləri danışacam.

– Içəridə qəzet, kitab oxuya bilirdinizmi?
– Əvvəl-əvvəl problemlər yaratdılar. Təkid etdikdən sonra “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini oxuya bildim. Daha sonra mütəmadi “Gündəm Xəbər” və “Bizim Yol” qəzetlərini oxuyurdum. Daha sonra qəzetləri hər gün oxumağa başladım. Kitab oxumağıma şərait yaradırdılar. Kitabxanaya getməyimi təmin edirdilər. Ümumiyyətlə, türmənin spesifik xüsusiyyətlərindən doğan bəzi şeyləri çıxsaq, rəhbərliyin məni münasibəti yaxşı olub. Təcridxanada mənə diqqət vardı. Saxlanma şəraiti ilə bağlı şikayətim olmayıb. Şikayətim qondarma cinayət işi ilə və səhhətimlə bağlı idi. Hazırda səhhətimdə problemlər var. Ədliyyə Nazirliyinin baş tibb idarəsi mayın 2-də məni müayinə edərkən əməliyyat olunmağımla bağlı rəsmi tibbi rəy verdilər. Əfsuslar olsun ki, istintaqı aparan qrup bunu nəzərə almadı və həkimimin iştirakı müalicə olunmağıma şərait yaratmadı.

Gülünc ittihamlar həbs…

– Həbs olunmağınızla bağlı danışmağınızı istəyərdik. Hadisə necə baş verdi, sizi necə tutdular?
– Bu ilin mayın 8-də Sabirabadın Minbaşı kəndində monitorinq aparan zaman həbs etdilər. Bilirsiniz ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı yarandığı bu iki il müddətində 4 mindən artıq təsərrüfatda, evdə monitorinq aparıb. Həmin vaxt insanlar aksiya keçirmişdilər. Insanlarla söhbət edirdim, problemlə maraqlanırdım. Məni həbs elədilər. Əvvəla deyim ki, məni bir məsələyə görə iki dəfə ittiham elədilər. Əvvəlcə 12 sutka həbs cəzası verdilər. Sonra cinayət işi qaldırdılar. Gülməli ittihamlar irəli sürdülər. Şirvan şəhəri yaxınlığında yerləşən körpünü dağıtmaqda, Hacıqabul-Horadiz yolunu bağlamaqda, maşınları yandırmaq, sındırmaq, törədilən iğtişaşlara insanları təhrik etməkdə ittiham edirdilər. Guya bütün bu hadisələri edən adamları mən təhrik etmişəm. Çox absurd ittiham idi. Məni ittiham edənlərə deyirdim ki, sübut gətirin. Dağıdılan, yandırılan maşınlarla bağlı dəlil çıxardın ortaya. Təbii ki, belə bir sübut yox idi. Hamısı gülməli ittihamlar idi, savadsız şəkildə hazırlanmışdı. Bu ittihmaları irəli sürən insanlar təəssüf ki, yüksək postlar tutan məmurlardı. Inanıram ki, zaman-zaman hər şey qaydasına düşəcək.

– Budan sonrakı fəaliyyətiniz necə olacaq?
– Təbii ki, yola davam edəcəm. Harada fəaliyyətim dayanıbsa, oradan işlərimi davamı etdirəcəm. Heç bir təzyiq, heç bir həbs bizi öz yolumuzdan döndərə bilməz. Niyə mən öz haqq yolumdan dönməliyəm? Mən qanun-qaydaları pozmuram. Kim pozursa, insanların haqqını yeyirsə, onlara qarşı cinayət işi açılsın. Bu baxımdan biz yolumuza davam edirik. Həm mən, həm də “Kür” vətəndaş cəmiyyəti olaraq bundan sonra da mövcud qanun çərçivəsində hərəkət edəcəyik. Ilk gündən demişik ki, problemlərin həlli üçün dialoqun tərəfdarıyıq. Istənilən dövlət qurumu ilə dialoqa hazırıq. Çünki problemlərin həlli bundan keçir.

Ramin DEKO