Hillari Klintonun Azərbaycana səfərindən sonra Avropa və Qərb mövzusu yenidən gündəmə gəldi və doğrusu, onlara qarşı tənqidi ovqat hədsiz səviyyədə güclənmiş oldu. Heçdən yaranmadı, səbəbsiz olmadı, üstəlik, bu tənqidlər haqsız deyildi. Klinton cəmiyyətə, xalqa, demokratiya istəyənlərə heç bir mesac vermədi. Əksinə, onları ruhdan salan bir tərzdə səfərini başa vurub, ölkəni tərk etdi. Müxalifətlə görüşmək, yaxud hakimiyyətin avtoritar siyasətini tənqid etmək bir yana qalsın, demokratiya üçün çalışanlara, bunu arzulayanlara ünvansız “Azərbaycan demokratiyanı hökmən qazanacaq” adlı ümumi bir mesac da vermədi.
Hakimiyyətin isə bu səfəri öz xeyrinə təbliğ etməsi, bundan yararlanıb Qərbin onun arxasında durduğunu təlqin etməyə çalışması insanlara daha da pis təsir etdi. Bu da çox təbii idi.
Amma mən bundan sonra iki anlamadığım tendensiyanı da gördüm və xeyli təəccübləndim. Birincisi, hər yandan ittihamlar yağmağa başladı ki, niyə siz Qərbə ümid edirdiniz, niyə onu bizim başımıza çıxarmısınız? Ikincisi, ağzını açan söylədi ki, Qərb və Avropa pisliyin təkidir, ona birdəfəlik tüpürməliyik.
“Niyə siz Qərbə ümid edirdiniz?” sualını o qədər adamdan eşitdim ki, onun kimə ünvanlandığını anlaya bilmədim. Bu adamlardan soruşmaq olar: əgər Klintonun səfərindən bu qədər qəzəblənən, bu qədər xəyalqırıqlığı yaşayan sizsinizsə, niyə başqalarını Qərbə ümid etməkdə ittiham edirsiniz?
Yaxud həmin adamlara söyləmək olar: deyirsiniz, ancaq özümüzə arxalanmalıyıq, bəs onda niyə qıraqda durub hakimlik edirsiniz, buyurun mübarizə aparaq və özümüzə arxalanaq. Lakin bunu da demək olmur, çünki o cür danışanların arasında kifayət qədər mübarizə aparan insanlar da var, çox səmimi demokratlar da.
Bəs indi biz necə edək, bu ittihamlarla razılaşaqmı? Doğrudanmı Qərbə tüpürməli və ona üz çevirməliyik? Yoxsa ondan nəsə ummalıyıq?
Öncədən nəzərə çatdırım ki, Qərbin, daha dəqiqi, Qərb dövlətlərinin və Avropa qurumlarının Azərbaycanla bağlı tutduğu qəbuledilməz mövqeyini hər zaman tənqid etmişəm. Hətta ilk tənqid edənlərdən olmuşam. Onların Azərbaycan hakimiyyətinə müəmmalı dost münasibətinə, ölkəmizdəki özbaşınalıqlara göz yummasına, hətta bu oğru recimə dəstək verməsinə hər zaman reaksiya vermişəm. Bu mövzuda tənqidi yazılar çox qəzetlərdə getməyəndə, müəlliflər həmin yazıları hələ 1996-2000-ci illərdə redaktoru olduğum qəzetlərdə dərc etdirirdilər.
Azərbaycanın bu günlərə gəlməsində Qərbin də böyük günahları olub. Bu da danılmazdır. Amma mən həmişə hesab etmişəm ki, bütün bunlar Qərbi tamamilə inkar etməyə də əsas vermir və onun mümkün dəstəyini əldə etmək üçün çalışmağı da inkar edə bilməz. Bu durumda Qərb ölkələri və Avropa qurumları ilə daha yaxşı, daha effektli çalışmaq lazımdır. Ondan ummaq, tələb etmək, onun mümkün olan dəstəyini qazanmaq lazımdır. Təbii ki, Qərbə arxalanıb boş oturmaqla deyil, yalnız öz mübarizəmizə arxalanaraq.
Bir sözlə, mən beynəlxalq birliyin dəstəyini almağı sadəcə öz daxili mübarizəmizin bir hissəsi kimi baxıram. Belə də baxmalıyıq.
Qərbi söyüb üz çevirmək, ondan qopmaq yalnız bizim avtoritar iqtidarın xeyrinədir. Bu, onun arzusudur. Söyə-söyə, tələb edərək, təşviq edərək onu demokratik mübarizəmizə mümkün köməyə yönəltmək lazımdır. Bundan imtina etmək isə böyük yanlışlıqdır. Əksinə, bu işi effektli etmək üçün hərtərəfli, sistemli çalışmaq, bacarıqlı kadrlardan, o cümlədən Avropadakı demokratik diasporumuzdan faydalanmaq gərəkdir.
Sonuncu sual: bizim Avropadan, dünya birliyindən ummağa haqqımız varmı? Bir dəfə Almaniyanın keçmiş səfirinin də iştirak etdiyi bir tədbirə qatılmışdıq. Orada səfir də təxminən söylədi ki, niyə bizdən umursunuz, sizin xalqınız özü bu mübarizəni qazanmalıdır. Mən o zaman səfirə dedim: bizi sizdən yaxşı heç kim anlamaz. Vaxtilə alman xalqı da faşizmin əlində aciz qalmışdı. Dünya köməyə gəldi. Biz də urfaşist bir recimin əngəllərini aşmağa zorluq çəkirik. Kömək ummağa haqqımız var. Ən azı doğru olmağınızı, həqiqətləri necə var söyləməyinizi, bu hakimiyyətə arxa durmamağınızı gözləyirik. Bu həm də beynəlxalq öhdəliklərdir.

Qərbdən nəsə ummalıyıqmı?
•