Onlar gəncliyə niyə qəzəblidir?

Ilham Əliyevlə Hillari Klintonun görüşü zamanı jurnalist Idrak Abbasovun döyülməsindən danışaraq gülmələrini qəribçiliyə salanları anlamıram. 21-ci əsrdə jurnalist oldu-olmadı, fərq etməz, kimliyindən asılı olmayaraq hər hansı insanı döymək, onunla zor dilində danışmaq doğrudan da çox gülməlidir. Buna gülməkdən başqa necə reaksiya vermək olar?
Əlbəttə, mən Əliyevlə Klintonun gülüşməsinin bu reaksiyadan doğduğuna inanacaq qədər sadəlöhv deyiləm, bunu da sadəcə, günlərdir xüsusilə Hillari xanımı söhbətin içindən itkisiz, ya da daha az itki ilə çıxarmağa çalışanların əlini, arqumentini daha da gücləndirmək üçün yazdım. Çünki onları qarşıda daha çətin suallar gözləyir, məsələn, cavab verməlidirlər ki, lap elə, ABŞ dövlət katibi Idrak Abbasovun döyülməsinə gülməyib, bəs 23 yaşlı bir gənci, istedadlı fotoqraf Mehman Hüseynovu niyə onun səfərindən dərhal sonra həbs edirlər? Rejim iddia etmirmi ki, Mehman polisləri 25 may aksiyasında söyüb, döyüb, elə isə oturub 20 gün nəyi gözləyiblər? Niyə Klintonun səfərinədək ona cinayət işi açılmasından heç kimin xəbəri olmayıb? Niyə məsələ ABŞ dövlət katibi gedəndən dərhal sonra ortaya çıxır? Bu sualları Klintonun Idrakın döyülməsinə güldüyünə inanmayanlar, bizim də inanmağımızı istəməyənlər mütləq cavablandırmalıdırlar.
Mehmanın həbsi isə bizi bir həqiqətin mütləqliyinə inandırdı: rejim bütün varlığı ilə gəncliyə nifrət edir. Gənclik onun gözünün düşmənidir. Bu nifrət, əlbəttə, ilk növbədə Əliyev hakimiyyətinin qorxusundan doğur. Rejim gəncliyin öz enerjisi, mübarizliyi, cəsarəti, intellekti, kreativliyi ilə sistemin dayaqlarını laxlatmaq gücündə olduğunu yaxşı bilir.
Amma Ilham Əliyev və ətrafının gəncliyə nifrəti yalnız devrilmək qorxusundan da qaynaqlanmır. Bu, həm də qısqanclıqdan doğur. Bəli, bəli, qısqanclıqdan! Yaptokratiya sıralarında yaşca gənc olanlar az deyil, əlbəttə, amma problem ondadır ki, onlar heç vaxt başca, təfəkkürcə gənc olmayıblar. Gəncliklərini gənc kimi yaşamayıblar, gəncliklərini bəşəri dəyərlər uğrunda mübarizə ilə süsləməyiblər. Çağdaşlıq, azadlıq ruhu onların gəncliyini yad olub həmişə. Onların gəncliyi sadəcə, təvəllüdləri ilə məhdudlaşıb, qafaları isə daim qocadır, məsələn, Fuad Muradov deyəndə mənim gözlərim önündə ələyini ələyib xəlbirini çoxdan asmış, təfəkkürü keçmişlərin üfunətli bataqlığında ilişib qalmış, hər cür yeniliyə qapalı, köhnəliyin təəssübünü çəkən azərbaycanlı ağsaqqal obrazı canlanır. YAP-ın gənci ilə qocası arasında bərabərlik işarəsindən başqa bir şey yoxdur.
Bax elə buna görə də biz xüsusilə son iki ildə aktiv, siyasiləşmiş, ictimailəşmiş, həyatın hər sahəsində yeniləşmə, dəyişim eşqi ilə alışıb-yanan gəncliyə qarşı rejimin savaş açdığını görürük. Ilham Əliyev və ətrafı bilir ki, zaman onların daşıdığı dəyərləri rədd edir, zamanın ruhu onlara qarşıdır, yeni çağda onlara yer yoxdur. Fərqindədirlər ki, zaman məhz Mehman kimi gənclərin xeyrinə işləyir, gələcək onlarındır, gələcək onların daşıdığı, müdafiə etdiyi dəyərlərindir. Anlayırlar ki, özləri gec-tez keçmişdə qalacaqlar, gələcək isə Mehmanındır, Mehman kimi gənclərindir.
Bunların geriçi hakimiyyətini qəbul etməyən, bunların dünəni olsa da, sabahı heç vaxt olmayacaq hakimiyyətinin mahiyyətini yaxşı anlayan və razılaşmayan, barışmayan hər gənc bunlar üçün intihara bərabərdir.
Ona görə də gəncliyə qarşı daha aqressiv, daha qəzəblidirlər. O qədər aqressiv və qəzəblidirlər ki, bütöv dövlət aparatı 2 ildir az qala bütün işini-gücünü atıb 20-25 yaşlarında gənclərlə müharibə aparmaqla məşğuldur.   
Tarixi təcrübə isə göstərir ki, yeni nəsillə vuruşan, ona qarşı müharibə elan edən, onun qəlbinə girməyi bacarmayan, onun dilini tapmayan, onunla hesablaşmayan, əvəzində özünü ona zorla, zopayla qəbul etdirməyə çalışan recimlərin ömrü uzun çəkmir. Belə rejimlər bu cür repressiyalarla, gəncliyə nifrətlərini həbslərlə, sürgünlərlə, işgəncələrlə söndürməyə çalışmaqla sadəcə, öz sonlarını bir az da yaxınlaşdırırlar. Öz çöküşlərini bir az da tezləşdirirlər.
Məndən söyləməsi, gerisini özləri bilərlər.