Daxili İşlər Nazirliyi Müsavat Partiyasının bu gün həbs olunan fəalı Sakit Əmiralıyev barədə açıqlama yayıb
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-ya bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər çərçivəsində Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Sahil qəsəbə sakinindən narkotik vasitə olan marixuana götürüblər. (İstintaq sirri olduğundan adı açıqlanmır). Həmin şəxs polisə ilkin izahatında bildirib ki, bu narkotik vasitəni Qobustan qəsəbəsindəki Salyan şosesinin kənarındakı kafedən alıb. Əməliyyat axtarış qrupu dərhal adıçəkilən ünvana gedib və kafeni işlədən Sakit Əmiralıyevin üzərindən 1 kibrit qutusu təxminən 6-7 qram arasında marixuana götürüb: “Bütün bu proses tam qanuna uyğun və hal şahidlərinin iştirakı ilə həyata keçirilib. S. Əmralıyev isə öz növbəsində deyib ki, o, marixuananı gündəlik qazanc məqsədilə özü əkib”.
E. Zahidov qeyd edib ki, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi belə tədbirlərə kölgə salmaq, siyasi don geyindirmək, o cümlədən öz ayıblarına kor olmaqdansa, cinayətkarlığa qarşı mübarizə aparan polisin fəaliyyətinə qara yaxmaq radikal müxalifətin çoxdankı peşəsidir: “Bilməlidirlər ki, bu yolla polisi qanunla müəyyən olunan fəaliyyətindən çəkindirə bilməyəcəklər”.
E. Zahidov bildirib ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.
Müsavat Partiyası öz fəal üzvünün həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu qeyd edir və hakimiyyəti bu cür repressiya tədbirlərinə son qoymağa çağırır.
***
Sakit Əmiralıyev müxalifətin son mitinqlərində aktiv iştirak edənlərdəndir
Müsavat Partiyası partiyanın Qaradağ rayon təşkilatının üzvü Sakit Əmiralıyevin polis tərəfindən şərlənərək qanunsuz həbs edilməsini pisləyən bəyanat verib.
Bəyanatda Müsavat Partiyası gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir.
Bəyanatda həmçinin bildirilib ki, Sakit Əmiralıyev iyunun 12-si axşam saat 11.00 radələrində Qaradağ Polis İdarəsinin əməkdaşları tərəfindən əlləri qandallanaraq həbs olunub. Polis S.Əmiralıyevin həbsindən sonra onun iki gün öncə icarəyə götürdüyü kafedə qanunsuz olaraq axtarış aparıb. Həmin saatlarda kafedə olan S.Əmiralıyevin qardaşı Səbuhi Əmiralıyevin hərəkətləri polis tərəfindən məhdudlaşdırılıb. Polisin axtarışları nəticəsində S.Əmiralıyevin icarəyə götürdüyü kafedən müəmmalı şəkildə üç kibrit qutusu həcmində narkotik maddə “tapılıb”.
Bəyanatda qeyd olunur ki, S.Əmiralıyev və ailə üzvləri Qaradağ rayonunun aktiv müsavatçılarındandır: “O, Müsavat Gənclər Təşkilatının Qaradağ özəyinin üzvü və müxalifətin təşkil etdiyi mitinqlərin aktiv iştirakçılarındandır. Müsavat Partiyası hesab edir ki, S.Əmiralıyevin həbsi siyasi xarakterlidir və hakimiyyətin sifarişi ilə həyata keçirilib”.
Müsavat Partiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, S.Əmiralıyevin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
musavat.com