RATI-nin foto-reportyoru, gənc bloqçu Mehman Hüseynov həbs olunub.
Iranı yalançılıqda ittiham eləyən Əli Həsənov “Avroviziya” günlərində demişdi ki, yarışmadan sonra heç kimlə haqq-hesab çəkilməyəcək. Yarışma bitər-bitməz başladı haqq-hesab və aydın oldu ki, Həsənov necə var yalan danışıb. Başqa gözlənti də yox idi zatən.
Özü də haqq-hesabı məhz jurnalistlərdən başlamaq, hamını polis şöbəsinə çağırmaq, sorğulamaq haqq-hesabın çox ağır başa gələcəyindən xəbər verir. “Azadlıq” qəzetinin müxbiri Bəyim Həsənlinin, tanınmış reportyor Natiq Güləhmədoğlunun polis şöbələrinə çağırılması da niyyətin çox tünd olmasını göstərir.
Hələ üç gün öncədən sosial şəbəkələrdə və bəzi saytlarda Mehmanın həbs ehtimalı haqda yazılmışdı. O, Gürcüstandaydı, qayıtdı, polis şöbəsinə yollandı, oradan qayıda bilmədi.
Qəribə işlər baş verir. Hillari Klintonun gəlişindən bir gün öncə Bəxtiyar Hacıyevi azadfason eləyirlər. Ilham Əliyevlə xanım Klintonun nahar yeməyi zamanı söhbət gedir, dövlət katibi Bəxtiyara görə yox, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla görə “dərin təşəkkürlərini” bildirir. Belə çıxır ki, o, Xədicə xanımın şəxsi həyatına müdaxiləyə, evində qurulan video-kameralara, sonra yayılan görüntülərə və nəhayət, istintaqın mənasız gedişi üçün minnətdarlıq eləyir. Hər halda Novruz Məmmədovun dediklərindən belə çıxır. Adam fikirləşir ki, əgər yoldaş Məmmədov doğru deyibsə, xanım Klintonun təşəkkürü heç vaxt gerçək təşəkkür ola bilməz. Bəlkə o bu biabırçılığa “təşəkkür”ü ironik anlamda eləyib? Yəni məsələn, belə hallarda bizlərdə “sağ ol da, vallah…” deyirlər, Anadolu türkləri isə bir “aşk olsun” kəlməsini işlədir. Yoxsa biabırçılığa görə necə təşəkkür eləmək olar? Yəni o boyda dövlətin katibi bunun necə cəfəng görünəcəyini dərk eləmirmi? Hələ ardıyca “özünü jurnalist adlandıran” Idrak Abbasov haqda söhbət və qarşılıqlı qəşşetmələr… Idrakla bağlı gülüş epizoduna mənim heç cür inanmağım gəlmir, ha çalışıram ki, bunu nə cürsə özümə izah eləyim.
Məsələn, xanım Klinton növbəti tikəsini ağzına qoyub Idrak haqda Əliyevdən nəsə soruşur və ya sadəcə xatırladır. Ağzında loğma danışdığına görə, çətinliklə udqunur və bu narahatlığı görən Əliyev dərhal deyir: “Xanım Klinton, bizim Məhəmməd peyğəmbərin belə bir sözü var ki, yemək üstə danışmazlar”. Sonra ləzzətlə gülür, bunu görən xanım Klinton da diplomatik etiketlərə uyğun olaraq gülmək zorunda qalır. Bundan sonra reaksiyadan məmnun qalan Əliyev daha şaqraq gülür, onun öz vətəndaşının halına bu cür ürəkdən gülməsi isə dövlət katibini o dərəcədə heyrətə gətirir ki, o da eyni tərzdə gülməyə başlayır. Bu da olur iki dövlət adamının bir jurnalistin taleyini lağa qoyması. Hər halda Novruz Məmmədov faktı belə konstatasiya eləyib.
Bundan sonra bir jurnalisti, konkret olaraq Mehman Hüseynovu həbs etmək su içmək kimi bir seydi. Yəni uzaqbaşı bir dəfə də gülərik, olub-keçər.
Dünən hakimiyyətin Mehmanın saxlanılmasından, yəni həbsinin ilk etapını rəsmiləşdirməsindən sonra FB-də foto-reportyorun çəkdiyi şəkillər bu adla ard-arda yerləşdirilməyə başladı: “Onu bu şəkillərə görə həbs ediblər…”. Gördüyüm şəkillərdi. Bir də baxdım. Hər biri dəyərli bir reportaja dəyər. Bəs onu haçan, hansı Qərb rəsmisinin ölkəmizə gəlişi ərəfəsində və neçə qram azad edəcəklər?.. Maraqlıdı ki, onu Səbayel RPI-də “şübhəli şəxs qismində” saxlayıblar. Görəsən nədən şübhələnirlər? Bəlkə şəkillərinin fotoşop məhsulu olmasından? O zaman bütün Azərbaycanı fotoşop işi saymaq lazım gələcək. Yəni gerçəkdə olmayan ölkə…
Yox, onu gerçəkdən bu şəkillərə görə həbs ediblər. Elə isə, Mehman yox, Azərbaycanı bu şəklə salanlar həbs edilməlidir.

Mehmanı bu şəkillərə görə həbs ediblər?..
•
•