Elmar Məmmədyarovun ATƏT sədri ilə snayper söhbəti

İyunun 14-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya baş nazirinin müavini Eymon Gilmoru qəbul edib. Görüşdən sonra birgə brifinq keçirilib.

Elmar Məmmədyarov görüş zamanı əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsinin həlli və cəbhədə yaranmış vəziyyət olduğunu deyib. ATƏT sədrinin Yerevanda olduğunu və Ermənistan rəhbərliyi ilə görüşdüyünü xatırladan Elmar Məmmədyarov deyib ki, Dağlıq Qarabağ məsələsində tezliklə sülhə nail olmaq lazımdır: “Hazırkı status-kvo qəbuledilməzdir və uzun müddət davam edə bilməz. Ona görə də Azərbaycan, Ermənistan və beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı işi gücləndirməlidir. Eləcə də son zamanlar cəbhədəki hadisələrlə bağlı konkret addımlar atılmalıdır”.

Brifinqdə ATƏT sədri deyib ki, Yerevan və Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb və Yerevanda verdiyi mesajları Azərbaycanda keçirdiyi görüşlərdə də çatdırıb. Eymon Gilmor qeyd edib ki, hər iki tərəf münaqişənin həlli ilə bağlı öhdəliklər götürüb və onların yerinə yetirilməsi üçün aktiv iş aparılmalıdır: “Son zamanlar Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verənlər göstərər ki, münaqişənin tezliklə həll olunması üçün razılığa gəlinməlidir. Bütün tərəflər deyir ki, güc tətbiqindən və zorakı addımlardan çəkinməlidirlər. Münaqişənin yeganə həll yolu sülh danışıqlarıdır. Güc tətbiqi münaqişənin həlli yolu deyil”.

ATƏT sədri əlavə edib ki, cəbhə bölgəsindən snayperlər hər iki tərəfdən geri çəkilməlidir və bunun mexanizminin tapılması ən vacib məsələdir, bu, işlənib hazırlanmalıdır: “Mən bunu Bakıda keçirdiyim görüşlərdə geniş müzakirə etdim”.

Azərbaycanın xarici işlər naziri ATƏT sədrinin bu fikri ilə bağlı açıqlama verib: “Azərbaycan snayperlərin geri çəkilməsi üçün razılığını verib. Amma bu mexanizm o zaman işləyə bilər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmağa başlasın. Snayperlər orada özbaşına deyil, bunun səbəbləri var. Bu səbəb isə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında olmasıdır. Əgər indi snayperləri geri çəksək, hazırkı status-kvo daha da möhkəmlənəcək, münaqişənin həlli daha da mürəkkəbləşəcək”.

Elmar Məmmədyarov əlavə edib ki, bu məsələ tərəflərin Soçu görüşündə müzakirə olunanda da Azərbaycan mexanizmin hazırlanmasına razılıq verdiyini, amma bu mexanizmin yalnız Azərbaycan torpaqları azad olunandan sonra işləyəcəyini vurğulayıb: “Snayperlərin geri çəkilməsi və digər məsələlərin hamısı böyük paketin içərisindədir və onu çıxarıb ayrı-ayrı həyata keçirə bilmərik. Təbii ki, dinc əsgərlərin və dinc insanların ölümü təəssüfləndiricidir. Əgər Ermənistan rəhbərliyi öz vətəndaşlarının, gənc əsgərlərin həlak olmasını istəmirsə, onda buyursun öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsın” (“Media forum”).