Nüşabə Ələsgərli, Ağabəy Əsgərov və Vüqar Səfərli məhkəməyə gələcək
Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 14-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.
Bu dəfə baş redaktora qarşı ifadə vermiş şəxslər dindiriləcək. CM-nin 311-ci maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı şahid qismində çıxış etmək üçün məhkəməyə müğənni Nüşabə Ələsgərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və KIVDF-nin prezidenti Vüqar Səfərli dəvət olunublar.
Onlar Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi əsasında “şahidlik” edəcəklər. Bundan başqa, Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213.1 maddəsi əsasında da Vergilər Nazirliyinin nümayəndəsinin şahid qismində çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, baş redaktor heç bir səbəb olmadan 8 aydır ki, həbsdə saxlanılır.
Informasiya şöbəsi
QEYD: Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.