BDU-da ikinci ali təhsilə qəbul dayandırıldı

Bu il, 2012-2013-cü il tədris ili üçün Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün müsabiqə keçirilməyəcək. Hər il iyun ayının əvvəlində universitetdə ikinci ali təhsil ixtisasları ilə bağlı BDU-nun Böyük Elmi Şurasında müzakirələr aparılır. Bundan sonra dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır. Lakin bu il ikinci ixtisasa (əlavə təhsil) qəbulla əlaqədar elmi şuranın iclası çağırılmayıb.

BDU rektorunun iqtisadi məsələlər üzrə köməkçisi Məzahir Sultanov Lent.az-a açıqlamasında bu il ikinci ali təhsil üçün müsabiqə keçirilməyəcəyini təsdiqləyib. Rektor köməkçisi bir sıra digər ali təhsil müəssisələrində müsabiqələrin keçiriləcəyini və ikinci ixtisasa sahib olmaq istəyənlərin həmin məktəblərə müraciət edə biləcəyini bildirib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb etdiyinə görə həbs edilib. M.İmanlının evindən bir sıra maddi sübutlar götürülüb (Lent.az).