Azadlıqlar yoxdursa, əməkdaşlıq çətin olacaq

Maykl Tkaçik Amerika-Azərbaycan münasibətlərində maneələr haqqında

Azərbaycanda real demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş azadlıqları olmadığı müddətcə Obama administrasiyası üçün Azərbaycanla tam mənada əməkdaşlıq etmək çətin olacaq. Bu fikri “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində Stiven Ostin universitetinin professoru Maykl Tkaçik bildirib.
Onun sözlərinə görə, vətəndaş azadlıqlarının və qanunun aliliyinin olmaması Azərbaycanın iqtisadi geriliyində və korrupsiyaya uğramasında özünü daha parlaq şəkildə göstərir.
“Yəni məsələ təkcə ABŞ-ın demokratiya ilə bağlı ”öyüd verməsində” deyil, sadəcə, bunsuz cəmiyyətin bütün sektorlarında iqtisadi inkişafa nail olmaq çətindir. Qanunun aliliyinə riayət olunmadan fəlsəfi kimi görünən bu məsələlər əslində idarəetmə sistemini nümayiş etdirir. Vaşinqton üçün regiondakı məqsədlər iqtisadi inkişafdan və regional sabitlikdən ibarətdir”, deyə o qeyd edib.
Güclü vətəndaş cəmiyyətinin dəstəklənməsi, iqtisadi inkişaf və regional təhlükəsizlik ABŞ-ın Qafqazda regional xalçasını təşkil edən mozaikanın tərkib hissələridir. Bu mövzular və prioritetlər administrasiyadan asılı deyil, onlar hər zaman ABŞ-ın əsas prioritetləri sırasındadır, deyə o bildirib.
ABŞ Azərbaycanda daha çox nə istəyir, demokratiya, yoxsa enerji resursları və Əfqanıstandakı bazaların təchiz edilməsində yardım? Bu suala cavabda Tkaçik fəlsəfi şəkildə qeyd edib ki, “bu məqsədlər bir-birini inkar etməməlidir”.
“Daha güclü demokratiyaya nail olmaq məqsədinə daha çox qanunçuluq nöqteyi-nəzərdən baxılmalıdır, təkcə daha açıq seçkilər şəklində deyil. Aydındır ki, ABŞ demokratiyanın əhəmiyyətini bu şəkildə vurğuladığı zaman bu, rejimə təhlükə yaradırsa, rejim əməkdaşlıqda məhdudlaşdırmalara əl atacaq, məsələn, aviasiyanın Əfqanıstandakı hərbi bazalara uçuşunu məhdudlaşdıracaq.
Amma ABŞ administrasiyası Qarabağ nizamlanması məsələsində daha fəal olsa, bu Azərbaycanda vətəndaş cəmiyyətlərini və qanunun aliliyini daha yaxından dəstəkləməyə imkan verəcək.
Bu, hakimiyyətə çox da güclü təzyiq göstərməyəcək və bütün tərəflərə güzəştli qərarlar qəbul etmək imkanı verəcək. Bu kontekstdə enerji resurslarına geniş çıxış güzəştlər üçün də əlavə imkanları təmin edir, ekspert belə hesab edir.