Avropa Parlamentinin bugünlərdə başa çatan tədbiri bir sıra məqamlarla yadda qalıb. Bu barədə məlumat verən Insan Haqları Klubunun sədri Rəsul Cəfərov Brüssel səfərinin nəticəsini müsbət qiymətləndirib:
“Biz ”Avropa – yaxın qonşuluq siyasəti, vətəndaş cəmiyyəti” forumu çərçivəsində keçirilən görüşdə iştirak etdik. Azərbaycan nümayəndələri orada ölkəmizdə insan haqlarının son durumu barədə çıxış etdi. Xüsusilə, Əli Həsənovun may ayının 31-də etdiyi çıxışın Avropanın özü üçün də bir çağırış olduğunu onların diqqətinə çatdırdıq”.
Hüquq müdafiəçisinin sözlərinə görə, tədbirdə Avropa Birliyinin xarici əlaqələr idarəsinin nümayəndələri də iştirak edərək ölkəmiz barədə maraqlı görünən bir sıra məsələlərə diqqət yetiriblər. Tədbirin ikinci günü isə Avropa Parlamentinin üzvlərilə təkbətək görüşə qatılan Rəsul Cəfərov qurumun müxtəlif fraksiyalarına daxil olan şəxslərlə görüşüb: “Onların hamısının birgə rəyi belədir ki, ”Eurovision” musiqi yarışmasının başa çatmasına baxmayaraq, Azərbaycan hələ də diqqətdən kənarda deyil. Insan haqları və demokratiya məsələləri yenə də gündəmdə olacaq. Çünki Avropanın özünə də Azərbaycanda real, həqiqi stabillik lazımdır. Insan haqlarına hörmət, demokratiya olmadan isə, bu, mümkün deyil”.
Rəsul Cəfərov görüşü şərh edərkən bir məqama da toxundu. O, parlamentarilərin birilə söhbətində bu yaxınlarda “Kürü siyasəti” adıyla yayılan hesabatı da müzakirə edib. Hesabata belə ad verilməsindən şoka düşən parlamentari Azərbaycanda üzləşdiyi vəziyyəti xatırladıb: “Həmin parlamentari təxminən iki il öncə Azərbaycana gələrkən onun qaldığı otağa xüsusi olaraq ayrıca qablaşdırılmış kürü göndərilib. Yəni, bununla qonağa hörmət nümunəsi nümayiş etdirilib. Qonaq bu addımı, eləcə də sözügedən hesabatı görəndə təəccübünü gizlədə bilməyib. Bir sözlə, avropalı diplomat həmin hesabatla tamamilə razılaşdığını bildirib. O, həmçinin mövcud hakimiyyətin hazırda Avropa Şurasından sonra Avropa Birliyi və Avropa Parlamentinin insan haqları və demokratiya istiqamətində aktivlik nümayiş etdirməməsi və ümumiyyətlə, bu məsələlərə diqqət yetirməməsinə çalışdığını söyləyib”.
Nigar


